Qafqaz Universitetinə diplomlarının tanınmayacağı bildirilməyib

Türkiyənin Ali Təhsil Şurası Azərbaycanın Qafqaz Universitetinin də daxil olduğu bir sıra xarici ölkələrdə Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı olduğu iddia edilən universitetlərin diplomlarının tanınmamasına dair qərar verib.

Şuranın qərarına əsasən,  universitetin 2016-cı ilə qədər məzunlarına verdiyi diplomlar, habelə, 2015-2016-cı tədris ilində Qafqaz Universitetinə qəbul olunanların, o cümlədən, türkiyəli tələbələrin diplomları ölkə tərəfindən tanınmayacaq.

Eyni zamanda adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunları Türkiyədə magistr pilləsi üzrə təhsil ala bilməyəcəklər.

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza məsələ ilə bağlı Modern.az-a növbəti açıqlama verib.

O deyib ki, qərar elan olunsa da, konkret olaraq universitetə hər hansı rəsmi məktub daxil olmayıb:

“Bizə heç nə deyilməyib, heç bir rəsmi məlumat daxil olmayıb. Biz də hamı kimi məlumatları mətbuatdan oxuyuruq.

Məlumatda deyilir ki, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələrin diplomları tanınacaq, o birilər yox. Axı bizim daxil olduğumuz beynəlxalq Venesiya Konvensiyası var. Konvensiyada belə bir müddəa var ki, geriyə verilən qanun dəyişdirilmir. İndi bu qərar nə məqsədlə verilib onu anlamaqda çətinlik çəkirik”.

R.Rza qeyd edib ki, Türkiyə tərəfindən universitetə rəsmi müraciət daxil olan kimi lazımi addımlar atılacaq, müəyyən yazışmalar icra ediləcək.

(Visited 1 times, 1 visits today)