“Qarabağ tarixini öyrənmək məktəbdən başlayır” – Nazirlikdən Siyavuş Novruzova CAVAB

Bu gün Milli Məclisin iclası zamanı deputat Siyavuş Novruzov  “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı orta məktəblərdə rus dilli bölmələrin 8-ci sinifində Azərbaycan və Dağlıq Qarabağın tarixinin ayrı-ayrı kitablarla tədris olunmasına etirazını bildirib.

 

“Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?”-deyən deputatın sözlərinə görə  bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlər olub.

 

Daha sonra Siyavuş Novruzov tarixçi deputat Yaqub Mahmudova müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib:

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru, deputat Yaqub Mahmudov cavab verib. O bildirib ki, bir tarix var, o da – Azərbaycan tarixidir.

“Bu təxribatın qarşısı alınmalıdır. Azərbaycanın bir tarixi var. Kimlərsə təxribat yaradaraq Azərbaycan tarixinə qara yaxmaq istəyirlər”.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab verilib.

 

Qeyd edilib ki, Qarabağ tarixini dərindən öyrənmək məktəbdən başlayır.

 

“Bu gün Azərbaycan cəmiyyətində vətəndaşlarımızı düşündürən ən önəmli, taleyüklü məsələlərdən biri məhz Qarabağla bağlıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin məkrli siyasətinin ifşası istiqamətində genişmiqyaslı işlər görülmüş, nizamlı Azərbaycan ordusu yaradılıb. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində ölkəmizin müdafiə qüdrəti ciddi şəkildə yüksəlmiş, Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib”.

 

Nazirlik bildirib ki, ümumtəhsil məktəblərində tətbiq olunan tarix dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb.

 

“Eyni zamanda bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb.

 

Bununla belə, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib. Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan “Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib.

 

Fakültativ kursun proqramı ilə yanaşı, bu kursun tədris vəsaiti də hazırlanıb. “Qarabağın tarixi” tədris vəsaitində Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, ictimai-inzibati tarixi, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti, eləcə də Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi sahəsində həyata keçirdikləri tarixi əhəmiyyətə malik fəaliyyətləri öz əksini tapıb.

 

Tədris vəsaiti AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev və  Şuşa Rayon Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi, respublikanın əməkdar müəllimi Əyyub Əbdüləzimov tərəfindən hazırlanıb”.

 

Məsələ ilə bağlı  təhsil ekspertləri, ictimai xadimlər fikirlərini bölüşüblər.

 

Modern.az onların da fikirlərini təqdim edir.

 

Bayram Səfərov – Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri

 

Qarabağın tarixini bizim uşaqlar daha yaxşı bilməli, oxumalıdırlar ki, dünya ictimaiyyətinə onu ətraflı çatdıra bilsinlər. Qarabağ haqqında bütün vətəndaşlarımız nə qədər artıq bilsələr, gələcəkdə də düşdükləri mühitdən asılı olmayaraq, tarixi faktları sübut edə bilərlər. Azərbaycan tarixi ilə yanaşı, Qarabağ tarixinin keçirilməsində böyük fayda var.

 

Fazil Mustafa – millət vəkili

 

Qarabağ tarixi ilə bağlı fakültativ məşğələlərin aparılmasında heç bir yanlışlıq görmürəm, əksinə, bu, Qarabağ, deməli, Azərbaycan həqiqətlərinin daha dərindən və əhatəli öyrənilməsi üçün əlavə dəyərli mənbədir. Ayrıca İrəvan tarixi də fakültativ məşğələ kimi keçirilməlidir ki, itirilmiş torpaqlar barədə gənclərin daha dolğun məlumatı olsun.

 

Qasım Hacıyev – AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru

 

Bu, fakültativ kursdur və ayrı-ayrı mövzuların daha dərindən öyrənilməsinə xidmət edir. Qarabağın tarixinə aid məlumatları orta məktəb şagirdləri yaxşı bilməlidir. Nəinki uşaqlar, hətta böyüklər belə Qarabağın işğal tarixini dəqiq bilmir. İnandırım sizi, işğal olmuş rayonları qarışdırırlar. Bu mövzunu qaldıranlar nəyisə qarışıq salıblar, bəlkə də onları çaşdırıblar. Bu, dərslik deyil, dərs vəsaitidir. Onların arasında çox böyük fərq var.

 

Kərim Şükürov- tarix elmləri doktoru, professor

 

Bunun ayrıca tədris olunmasında elə bir problem yoxdur. Əksinə, dünya tarixşünaslığında, bizdə də belədir ki, bölgələr ayrılıqda öyrənilir. Qarabağın tarixinin öyrənilməsi isə xüsusi lazımdır. Burada elə bir problem görmürəm. Biz Tarix İnstitutunda dəfələrlə bunu müzakirə etmişik.

 

Etibar Əliyev- təhsil eksperti

 

“Qarabağ tarixi”nin tədrisinin bu şəkildə gündəmə gəlməsini açığı heç anlamadım. Əslində “Qarabağ tarixi”nin həm dərs, həm də fakültativ kimi tədrisi bizim gənclərin tarix bilgilərinin artılmasına xidmət edən bir addımdır. Qarabağın çox qədim tarixi var və ona görə də kiçik bir bölmə kimi “Azərbaycan tarixi”nin tərkibində tədrisini məqbul hesab etmirəm.

 

Şahlar Əsgərov – təhsil eksperti

 

“Qarabağ tarixi” fakültativ məşğələlərinin məktəblərdə aparılmasını ciddi olaraq təqdir edirəm. Azərbaycanın tarixi Qarabağ tarixi, İrəvan tarixi, Naxçıvan tarixi, Şirvan torpaqlarının tarixi deməkdir.

 

Biz tarixi mükəmməl öyrənməliyik. Qarabağ, bir haldaki, beynəlxalq ictimaiyyətin diqqətindədir, onu nə qədər mükəmməl bilsək, problemin həllinə bir o qədər yaxınlaşarıq. Bu, ancaq bizim qalib gəlməyimizə, Azərbaycan xalqının ümumi mənafeyinə xidmət edir. Burada başqa mənafe axtarmaq lazım deyil.

(Visited 1 times, 1 visits today)