Rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün “Bioloji kimya” vəsaiti hazırlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədilə “Bioloji kimya” adlı vəsait hazırlayıb.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, nəşr Azərbaycan Tibb Universitetinin (ATU) bioloji kimya fənni üzrə tədris proqramı və rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. Vəsait tərtib olunarkən elmin müasir nailiyyətlərindən istifadə edilib, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilib. Nəşrdə kimyəvi reaksiyalar zamanı yerini dəyişən atom və ya molekulların, eləcə də bəzi sxemlərin rəngli təsvir olunması, eyni zamanda, mürəkkəb biokimyəvi proseslərin reaksiyalarının sözlə ifadəsinin də verilməsi namizədin öyrəndiyi materialı daha asan qavramasına və yadda saxlamasına şərait yaradacaq.

Vəsaitdən ATU-nun, eləcə də tibb təhsili verən digər tədris müəssisələrinin tələbələri, bioloji kimya fənnini tədris edən müəllimlər faydalana bilərlər.

Nəşrin elektron versiyasını (pdf formatında) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş etməklə almaq mümkündür (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

(Visited 6 times, 1 visits today)