ÖMÜR DEDİYİN… QƏZƏNFƏR KAZIMOV- 80

Qəzənfər Şirin oğlu Kazımov 3 mart 1937-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu 2-ci Dünya müharibəsi cəbhələrində həlak olmuşdur (1943).

Q.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix, dil və ədəbiyyat ixtisasları üzrə tarix-filologiya fakültəsini bitirmişdir. İki il- 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində dil və ədəbiyyat müəllimi işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuşdur. 1967-ci ildə «Ə.Haqverdiyevin dramaturgiya dili» mövzusunda namizədlik, 1988-ci ildə «Azərbaycan sovet satirik nəsrinin dili. 1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Doktorluq dissertasiyası Mir Cəlalın, Sabit Rəhmanın, Mirzə Cəlilin yaradıcılığının təhlilinə həsr olunmuşdur (Bax: «Komik-bədii vasitələr», 1983; «Bədii ədəbiyyatda komizm üsulları», 1987; «Seçilmiş əsərləri», 2-ci cild).

Q.Kazımov 1989-cu ildən professordur. O, Pedaqoji Universitetdə müəllim (1965-1969), baş müəllim (1969-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. Pedaqoji Universitetdə Müdafiə Şurasının sədr müavini (1990-1994), Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996-1999) vəzifələrində çalışmışdır. 1999-2001-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləmişdir; 2001-2015-ci illərdə həmin institutda Azərbaycan dialektologiyası şöbəsinin müdiri olmuşdur. Hazırda həmin institutda –Dil tarixi şöbəsində baş elmi işçi vəzifəsində işləyir.Müdafiə şuralarının üzvüdür (2000-ci ildən). Respublika Koordinasiya Şurasının (2001-dən) üzvüdür.

30-ildən artıqdır ki, rus məktəblərinin 2-3-cü, Azərbaycan məktəblərinin 8-9-cu sinifləri üçün «Azərbaycan dili» dərsliklərinin müəllifidir.

Ali məktəblər üçün «Müasir Azərbaycan dili. Morfologiya», «Müasir Azərbaycan dili. Sintaksis» dərslikləri hazırda universitetlərimizdə tədris olunan əsas dərsliklərdir.

Mərkəzi mətbuatda 400-ə qədər elmi və elmi-publisistik məqaləsi çap olunmuşdur.

Təkrar nəşrlərlə birlikdə 80-ə yaxın kitabın müəllifidir. Tərcümə əsəri, kiçik hekayə, minatür və oçerkləri vardır.

Əsərləri türk, rus və ingilis dillərində çap olunmuşdur.

Onlarca alimin yetişməsinə rəhbərlik edib.

Respublikamızda filoloq-dilçi kadrların yetişməsində böyük əməyi vardır. 56 illik pedaqoji fəaliyyətinin 54 ilini ali məktəbdə keçirmişdir.

Respublikav Yazıçılar və Respublika Jurnalistlər birliklərinin üzvüdür.

60-cılar hərəkatının görkəmli nümayəndələrindən biri kimi, öz əsərləri ilə daim Azərbaycan istiqlalı uğrunda mübarizə aparmış, Azərbaycanın müstəqilliyini, Azərbaycan dövlətçiliyinin tarixini qorumuşdur. Məhz bu dövrdə A.Axundov, T.Hacıyev, K.Abdullayev, Y.Seyidov, A.Məmmədov, K.Vəli Nərimanoğlu və b. istedadlı dilçi-tənqidçilər nəsli yetişdi. Həmin alimlər böyük bir məktəb biçimində 60-cılar ədəbiyyatının dil və sənətkarlıq məsələləri ilə yanaşı, həmin ədəbiyyatın ideya-estetik keyfiyyətlərinin, sosial dəyərlərinin tədqiqi sahəsində ədəbiyyatşünas-tənqidçilərdən az iş görmədilər.

Q.Kazımov Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. (1988) Böyük Britaniya, Kembric İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır.

Əməkdar elm xadimidir (2015).

Ailəlidir. İki övladı var.

Demək olar ki, bütün əsərləri internet saytlarına daxildir. Əsas əsərləri bunlardır: «Azərbaycan dilindən təcrübi məşğələlər» (1973), «Yazıçı və dil» (1975), «Komik-bədii vasitələr» (1983), «Bədii ədəbiyyatda komizm üsulları» (1987), «Qurbani» (1990), «Qurbani və poetikası» (1996), «Sənət düşüncələri» (1997), «Dilimiz-tariximiz» (1998), «Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)» (2003), «Komizm nəzəriyyəsi» (2004, rus dilində), «Dil, Tarix, Poeziya» (2005), «Qədim yurd yerim- sultan Soltanlı son 300 ildə» (2012), «Üzeyir Hacıbəyovun dili» (2004), «Homerin poemaları və «Kitabi-Dədə Qorqud» (Təbriz, 2014) və s.

Bu kitablar yazıldığı dövrün düşüncəsini əks etdirir. Q.Kazımov hər bir dövrün sənət əsərləri barədə söz demiş dilçi-tənqidçilərimizdəndir. Ədəbi tənqidin səviyyəsinə o günün gözü ilə baxmış, dövrün təfəkkür və cəsarətinin səviyyəsi ilə tanış olmaq üçün hər bir yazını qələmə alındığı şəkildə saxlamışdır. Onun əsərlərində ümumi təbii mənzərə gələcək nəslə olduğu kimi çatdırılır.

Q.Ş.Kazımovun 2008-2010-cu illərdə «Seçilmiş əsərləri»nin on cildliyi çap edilmişdir: Seçilmiş əsərləri, I cild, Bakı, 2008, 560 s., Seçilmiş əsərləri, II cild, Bakı, 2008, 480 s., Seçilmiş əsərləri, III cild, Bakı, 2008, 512 s., Seçilmiş əsərləri, IV cild, Bakı, 2009, 528 s., Seçilmiş əsərləri, V cild, Bakı, 2008, 500 s., Seçilmiş əsərləri, VI cild, Bakı, 2009, 576 s., Seçilmiş əsərləri, VII cild, Bakı, 2009, 584 s., Seçilmiş əsərləri, VIII cild, Bakı, 2009, 544 s., Seçilmiş əsərləri, IX cild, birinci kitab, Bakı, 2010, 544 s., Seçilmiş əsərləri, IX cild, ikinci kitab, Bakı, 2014, 600 s., Seçilmiş əsərləri, X cild, Bakı, 2010, 560 s.

Fikrimizcə, prof. Q.Kazımov V.Vinoqradov və Ə.Dəmirçizadə tipli alimlərdəndir. O da Ə.Dəmirçizadə kimi yönünü tarixə tutdu. Keçmişi –dilimiz ən qədim tarixini öyrəndi ki, gələcəyə nüfuz edə bilsin, düz baxa bilsin. Bu mənada Q.Kazımovu görkəmli filolq-tənqidçi hesab etmək olar. O, çoxplanlı ədəbi-tənqidi fəaliyyət və görüşləri ilə mədəniyyət tariximizə imza atdı… Onun əsas yaradıcılıq istiqamətlərinin geniş diapozonu da bu fikri söyləməyə əsas verir. Bu istiqamətlər Azərbaycan dilinin tarixi, müasir Azərbaycan dilinin quruluşu, bədii əsərlərin dili, etimologiya, komizm (satira, yumor) nəzəriyyəsi, folklorşünaslıq, üslub və üslubiyyat məsələləri, metodika və dilin tədrisi məsələlərini əhatə edir.

TRT I verilişini hər zaman izləyiriəm. Verilişin adı: Ömür dedyin...adlanır. Sonuncu veriliş görkəmli türk şairi Veysi Ersözün həyat və yaradıcıdlığına həsr olunmuşdur. Verilişdə bir yaradıcı insanın ömrü izlənilirdi…Şair deyirdi ki, peşiman deyirəm, ömrümün çox hissəsini yazıb-yaratmışam…

Ad xoşuma gəldi. Qəzənfər müəllim – filologiya elmimizin korifeyi haqqında düşüncələrimi belə adlandırdım, Ömür dediyin nədir sualı, mənə elə gəlir ki, dünyanın ən böyük sualıdır. Bu suala necə cavab verək? Ömür insanın doğuluşundan ölüşünə qədərki fizioloji durumudur. Ömür həyatdır. Ömürdür, biri az yaşayır, o biri çox yaşayır. Mikayıl Müşfiq də yazırdı: Hayıf ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir.

Gözəl bir ifadə var: «Ömür yoldaşı»- həyat yoldaşı. Ömür-gün yoldaşı. Mən Qəzənfər müəlliminin halalının adını çəkmək istərdim. Səadət xanım, ərinə necə bağlıdır. Bu bağlılığı neçə ildir ki, yay tətilində Yesentukidə, Truskavesdə olduğuz ərəfədə qadının ərinə qarşı olan sonsuz istəyində, məhəbbətində gördüm. Həyat yoldaşım Mətanət dedi ki, mən Qəzənfər müəllimi yaxından tanıya bilməmişdim. Sən demə, bu adam, sözün həqiqi mənasında, heç kəsə bənzəmiyən bir adammsış. Alimiliyini deyə bilmərəm, bu adam əsl insandır. Mən deyərdim, ki, Cəbrayılda bu tipdə adam yoxdur. Müsbət anlamda. Qəzənfər müəllim haqqında qayınatam deyirdi, güvənməli adamdır. Etibarllı adamdır, qədir-qiymət bilən adamdır. Bu qiyməti mən Ukraynada yay istirahətində gördüm. Yoldaşım İsmayıl hər an onu izləyipi. İsmayılı başa düşürdüm, Qəzənfər onun müəllimi, ustadı, yol göstərini idi, İsmayıl hes öz övladlarını Qəzənfər müəllim kimi istəmsir. Ba bağlılıq haradandır, mən deyə bilmərəm.

Qəzənfər müəllim bu keçən illərdə ömrünü bada vermədi, onun ömrü hədər keçmədi. M.V.Vidadi kimi bir dəfə də təssüflənmədi: Könül verdim hər bivəfa yadlara; Hayıf oldu, ömür getdi badlara.

Qəzənfər Kazımovun yaradıcılıq yolu onun ömrünün mühüm bir dövrünü əhatə edir.

O, hər şeydən öncə, tanıdığı adamları qiymətləndirməyi bacarır. Kimin kim olduğunu deyə bilir. Faktlara müraciət edək. Özünün dediyi kimi, dişi, dırnağı ilə öz doğma tarixini üzə çıxarmağa, həqiqəti ortaya qoymağa çalışıb.

1) Q. Qeybullayev bir institut həcmində araşdırmalar aparmışdır. Q.Qeybullayev «Azərbaycan etnogenezinə dair» (1991) əsərində Şumer dövlətindən bəri Azərbaycan ərazisində yaşamış tayfaların etnik mədəniyyətini aydınlaşdırmaq baxımdan misilsiz iş görmüşdür. Onun bu sahədəki əməyi dil tarixçilərinin küll halında əməyindən xeyli üstündür.

2) Tofiq Hacıyev Azərbaycan dilinin ən qədim dövrünün düzgün tədqiqinə ilkin istiqamət verən və bu sahədə böyük məktəb yaramış bir alimdir. Onun tədqiqləri hələ 70-80-ci illərdə Azərbaycan dilçilik tədqiqatının ən şöhrətli hissəsini təşkil ermişdir. Habelə sonrakı dövrdə də.

Qəzənfər müəllim sözünü elmin xətri üçün deyən alimdir. Milli tariximiz, milli dilimiz üçün sözünü vaxtında dedi. Və ona cavab verə bilən alim tapılmadı. Bir neçə dəfə demişəm. Yazılarımda. Qəzənfər müəllim azərbaycanlıların həqiqi tarixini üzə çıxarmaq istəyir. Düşmən sözünü üstün tutanlar isə bu işə mane olur. Bizim xalqın tarixini o xalqın öz oğlu yazmalıdır. Qəzənfər Kazımov kimi. Əlbəttə, bu xalqın tarixini onun əlehdarlarının umuduna buraxmaq olmaz. Ona görə ki, həqiqətləri açıb-göstərmək üçün onun ürəyi imkan verməz.

O, dil tarixinə hədyan və zərərli dissertasiyalar haqqında da başqalarının tərifindən fərqli öz sözünü deyə bildi.

Ön Asiyanın quldar dövlətlərinin öyrənilməsində SSRİ-də xidməti olan üç böyük alimdən biri Yusif Yusifov hesab olunmuşdur.

İqrar Əliyev! Siz sovet məktəbi keçmisiniz (Bu məktəb böyük məktəbdir!) Zəhmətkeş adamsınız. Aldığınız akademik adına tam layiqsiniz (Sizi təbrik edirəm). Amma zəhmətinizi, bütün yuxarıdakı qeydlər göstərir ki, düzgün istiqamətləndirməmisiniz. Buna görə də təəssüf hissi ilə deyirəm ki, həqiqi «Azərbaycan tarixi»nin yeni nəşrini bir daha 50 il geri atdınız…

Ə.Cəfərov həqiqi mənada arxeoloqdur və insanın uzunmüddətli təkamülün nəticəsi olduğunu və təkamül əsasında heyvanlar aləmindən ayrıldığını (hərçənd xalqların qanını soran bir zümrənin hələ bu aləmdən tam ayrıldığını demək olmaz) dünya arxeoloji tədqiqatlarına söykənərək və bu yolda heç bir tərəddüdə yol vermədən söyləyir.

Filologiya elminin daha çox inkişada olan sahələrindən biri dilçilikdir. Bu gün respublikamızda bir neçə sayılıb seçilən, güclü dilçi varsa, onlardan birincisi Qəzənfər Kazımovdur… Təkmil bilik, dərin zəka, analitik təfəkkür, yüksək özünümüdafiə… Bu qiymətləndirməni yalnız Qəzənfər Kazımova aid etmək olar.

İndi çəkisi də dərinliyi qədər olan əsərləri sadalanan cəhətlərin nəticəsində meydana gəlmişdir.

O, müasirlərini qiymətləndirib, biz də bu cafakeş alimin qiymətini verməliyik.

 Biz özümüz də fikirləşmədən bir-birimizə qiymət veririk. Elə bir qiymət ki, bu qiymət bizi yaşadır, yazıb-yaratmağa sövq edir. Zamanın verdiyi möhlətdən savayı, zamanın fövqündə özünə əbədi ömür qazanan böyük alimlər kimi. Belə alimlərdən biri filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovdur.

Qiymətvermədən söhbət gedir, qeyd edim ki, bu alim öz həqiqi qiymətini hələ də ala bilməmişdir.

Onun yaradıcılığı çoxşaxəlidir, ümumən filologiya elminin əksər sahələrini əhatə edir. Onun bu sahədəki xidmətlərini bir neçə hissəyə bölmək olar: 1) bədii dil məsələləri; 2) dil tarixi məsələləri; 3) dialektologiya məsələləri; 4) dilimizin qrammatik quruluşu (morfologiya və sintaksis), mətn dilçiliyi və s.

Qəzənfər müəllimin filoloji yaradıcılığı filoloji ənənələri davam etdirməklə yanaşı, onu inkişaf etdirən, ona yeni mövzular qatan, ən yeni və aktual mövzulara geniş diapozon ayıran, novatorluğu və elmi siqləti ilə fərqlənən bir irsdir.

O, dilçiliyimizi xarici ölkələrdə də layiqincə təmsil edir. İranda, Türkiyədə kitabları, məqalələri çap olunub.

Yüksək ixtisaslı kadrlar yetişdirmək sahəsənindəki xidmətləri əvaəzsizdir. Bəlkə də dilçilçər arasında Qəzənfər müəllim qədər kadr yetişdirən ikinci bir dilçi yoxdur. Yeşdirdiyi kadların onun haqqınqdakı ürək sözləri ayrıca bit mövzudur.

Bu gün yazanlar çoxdur. Yazanların yazılarını heç biri oxumur…Amma Q.Kazımov ona müraciət edənlərin yazılarını oxuyur. Özü də ciddi oxuur. Ciddi redaktə edir.

Onun haqqında yazılanlar kifayət qədərdir. Hər bir yazıda Qəzənfər müəllimin obrazı canlandırılır.

Q.Kazımov təpədən-dırnağı ciddi alimdir. Özünün mövqeyi, elmi yaradıcılıq tərzi digərlərindən kəskin şəkildə fərqlənir.

O, uzun illər böyük zəhmətlə ərsəyə gətirdiyi əsərlərlə fəxr edir. Bunlar onu yaşadır.

Q.Kazımovun fəaliyyətində, yaradıcılığında məktəb məsələləri mühüm yer tutur. O, respublikada seçilib-sayılan Soltanlı məktəbini (Cəbrayıl rayonu) bitirmişdir, az olsa da orada dərs demişdir. Məlumdur ki, məktəb, ən əvvəl, öz yetirmələri ilə tanınır, fərqlənir. Gözəl ənənələrə, səmimi və işgüzar kollektivə malik olan, məzunları ilə həmişə fəxr edən Soltanlının övladlarından söz düşəndə adam fikrə gedir: kimdən danışasan, kimdən yazasan? Üz ağlığı, baş ucalığı gətirən bu yetirmələr içəisində Qəzənfər müəllimin xüsusi yeri var.

Onun canlı və maraqlı məruzələri neçə-neçə tələbənin yaddaşında əbədi həkk olundu. Bənzərsiz dərsləri, mühazirələri ilə neçə-neçə tələbənin həyat yoluna işıq saçdı.

Qəzənıfər müəllimin qiymət verdiyi və bəhs etdiyi adamlarla bir qayə birləşdirdi: elə qayğıkeş müəllimlərin zəhməti hədər getməsin.

Fitri istedad, geniş mütaliə, həssas müşahidə qabiliyyəti, hadisələrə və insanlara gerçək qiymət verməyi bacarmaq hər kəsin işi deyil. O, psixoloji cəhətdən çox dərin adamdır. Böyük oxucu, tədqiqatçı sevgisini ona görə qazandı ki, zəngin təcrübəsi ilə, dolğun, bol həyat müşahidələri ilə, elmi dilinin aydınlığı ilə, şirinliyi ilə…

Doğma torpağının, kəndinin taleyi ilə bağlı ən mürəkkəb və cəsarətli problemlər onun düşüncəsini, ilhamını daim narahat etmiş, gərgin saxlamış, yuxusunu ərşə çəkmişdir» (Q.Xəlilov).

Onun yaradıcılığında təlim-tərbiyə məsələləri də ayrıca yer tutur. Dərslikləri ilə, proqramları ilə…

O, təkcə bizim dilçilikdə deyil, bütün türkologiyada məşhurdur. O, ümumi dilçiliyin və Azərbaycan dilçiliyin ən son naliyyətlərini izləyən və tədqiqatlarını bu əsasba quran alimdir. Məhs sintaksisə aid tədqiqatlarında sintaktik vahidlərin təhlilində ilk dəfə olaraq (Azərbaycan dilçiliyində) nitqin aktuallaşdırılma vasitələrini ayrı-ayrı mövzulara tətbiq edib və beləliklə də, aktual üzvlənmənin qrammatk üzvlənmə ilə qarşılıqlı əlaqəsini elmə tətbiq edə bilib. Onun sintaksisə dair araşdırmaları bu baxımdan dilin və nitin sintaksini birləşdirir, əslinə qalanda söbət elə nitqin sintaksisindən getməlidir.

Bədii dil və üslub məsələləri prizmasından onun şair və yazıçılarımıza verdiyi qiymət özününküdür, öz fikridir: Ə.Haqverdiyevdən üzü bəri C.Məmmədquluzadə, M.İbrahimov, B.Bayramov, İ.Hüseynov, S.Əhmədli, M.Şəhriyar, H.Arif, S.Tahir, Anar, Ə.Əylisli, Y.Səmədoğlu kimi sənətkarlara ayrı-ayrılıqda həsr olunan yazılarda hərənin öz payı olduğu vurğulanır.

Müasirləri də onu, onun yaradıcılığını yüksək qiymətləndirib: Akademik B.Nəbiyev, A.Axundov, Z.Budaqova, T.Hacıyev, M.Adilov kimi türkoloq alimlər də onun düşüncəsinə heyranlıq göstəriblər.

Türk alimi Ercilasun yazırdı ki, bütöv Türk xalqı Q.Kazımovun dil tarixi haqqındakı fikirlərinə hörmətlə yanaşmalıdır.

Zaman Əsgərlinin dediyi kimi, «o, məhdud sahədə mütəxxəsis deyil, çox geniş tədqiqatçılıq imkanlarına malikdir»

O, dilçiliyimizdəki boşluqları görür və onların həll etmək yollarını göstərir. Q.Kazımov bəzən tədqiqatlarında təəssüflənir. Nə üçün? Tədqiq olunan yazıçının özünün, onun görkəmli sələflərinin, müasirlərinin və xələflərinin bədii əsərlərinin ayrıca lüğətləri hazırlanmayınca, bu barədə konkret və dəqiq fikir söyləmək çətindir və bəlkə də mümkün deyildir. Təəssüf ki, bizim dilçiliyimizdə hələ belə lüğətlərin hazırlanmasına başlanmamışdır.

Hər dilçi tənqidçi ola bilmir. Amma o, mühüm məsələlərə göz yümmur. Tarixçilərin görmədiyini və deyə bilmədiklərinimeydana çıxarır: «Türklərin «Altaydan çıxma» olması barədə fikirlər tam yanlışdır. Türklərin ilk miqrasiya mərkəzi Ön Asiya olmuşdur, yəni miqrasiyalar buradan başlamış, türklər Gündoğana, Günbatana buradan yayılmışlar; tarixini bildiyimiz Şərqdən Qərbə miqrasiyalar sonrakı əks miqrasiyalardır. Bizim bütün mövcud fikirlərimiz bu möhkəm və inamlı iyeya üzərində köklənmişdir» («Azərbaycan dilinin tarixi» kitabından, s.188).

Qəzənfər müəllimi məndən yaxşı tanıyan ikinci bir adam yoxdur. Yadımdadır, pedaqoji institutda oxuyanda elə birinci kursdan mənə bir tələbə kimi tapşırıqlar verərdi, tələbə elmi cəmiyyətinə cəlb edərdi. M.Arazın təzə kitabı haqqında yaz! Sərdar Əsəd haqqında yaz. «Dəli Kür» barədə yaz! Öz-özümə deyirdim ki, bu müəllim məni nə qədər işlədir. Bir dəfə də koridorda bir mövzunu mənə verdi ki, bir həftəyə bu mövzu haqqında nə bilirsən yaz! Yazdım, gətirdim, sonradan bildim ki, bu bir məşhur alimin doktorluq dissertasiyasının bir hissəsidir. Həmin alim Qəzənfər müəllimə təşəkkür edib, deyib ki, yazdıqlarımın içərisində bu hissə ən xoşa gələn hissədir. Bunu sonralar bildim. Qəzənfər müəllimin mənə həssas münasibəti elmə –dilçilik elminə həvəsimi bir daha artırdı.

Yadımdadır, Qəzənfər müəllimin «Ə. Haqverdiyevin dili», daha doğrusu, yazıçının dramaturgiya dili haqqında kitabı çapa hazırlanırdı. Mən tələbə idim. Qəzənfər müəllim həmin kitabı verdi ki, oxuyum, nəzərdən qaçan qüsurları düzəldim. Sevinirdim, müəllimim mənə ilk elm kitabını etibar edib.

Ailəmiz Qəzənfər müəllimə çox bağlı idi. Atam Qəzənfər müəllimi balalarından da çox istəyirdi. Bu istəyin haradan gəldiyini deyə bilmərəm. O, Qəzənfər müəllimlə fəxr edirdi. Savadı olmasa da, Qəzənfər müəllimin kitabları haqqında danışırdı (o vaxt kitab çapı çox çətin idi).

Qəzənfər müəllimlə yol yoldaşı olmaq adama ləzzət verir. Heç kəs onun yanında danışmaq istəmir. Sanki qorxur. Qəzənfər müəllimi gözləyirik ki, danışsın. Amma o, az danışır. Deyir ki, çox yaşamaq üçün gərək az danışasan, az yeyəsən, bir də az yatasan.

İstəyirəm, 80 illiyi günündə Qəzənfər müəllim barədə düşüncələrimi hər nə varsa qələmə alım. Amma bu kiçik məqalədə bu mümkün deyil. Onsuz da mən böyük insan haqqında «Ömür dediyn…» adlı kitab da yazmışam və onun mükəmməl şəklə salmaq üçün üzərində işləyirəm.

Söhbət ömrün üzərində kökləndi. Ömrün (ömrünüz) uzun olsun! Qəzənfər müəllim!

Alimin anadan olmasının 80 ili tamam olur. Bu böyük dilçini həmin münasibətlə tədrik edir, jansağlığı, uzun ömür və yeni yaradıjılıq uğurları arzu edirik.

İsmayıl Kazımov, Filologiya elmləri doktoru, professor