Azərbaycanlı alimin kitabı 40 il sonra Rusiyada yenidən çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika üzrə fəlsəfə doktoru Robert Qarayevin “İnformasiyanın boru kəmərlərinin AİS-də yığılması və ötürülməsi” kitabı 40 il sonra Rusiyada yenidən çap olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Moskvanın “MEE Media” nəşriyyatı tərəfindən çap edilən kitabda magistral boru kəmərləri üçün telemexaniki sistemlərdə (SCADA) kanalların etibarlılığının və toxunulmazlığının təminatı üzrə tədqiqatların nəticələri kompakt formada göstərilib.

Müəllif bu tədqiqatların nəticələrinə keçmiş SSRİ-nin telemexanika sənayesi sahəsindəki qabaqcıl təşkilatların – Avtomatika və Telemexanika İnstitutunun, Kompleks Avtomatlaşdırma üzrə Mərkəzi Elmi-tədqiqat institutunun, AİS MLKB, AİS LKB və “Serck Controls” ingilis şirkətinin kollektivləri ilə uzun müddət əməkdaşlıq sayəsində nail olub.

Kitab hazırda rusdilli müəlliflərin dissertasiya işlərində və məqalələrində istifadə edilir.