İnformasiya Texnologiyaları İnstitutunda elektron tibdə sosial media problemləri araşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron tibdə sosial media problemləri araşdırılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, sosial media vasitəsilə tibb mütəxəssisləri informasiya mübadiləsi aparır, pasiyent və həmkarları ilə ünsiyyətdə olur. Bununla yanaşı, sosial media tibbi yeniliklərin əldə olunmasına, ekspertlərin mühazirələrinin dinlənilməsinə, tədqiqatların aparılmasına, xəstəyə dəqiq diaqnozun qoyulmasına, həmkarlarla konsiliumun keçirilməsinə və s. imkan verir.

Sosial medianın ictimai sağlamlıq proqramlarının inkişafı, pasiyentlərin maarifləndirilməsi, yeni kliniki tədqiqatların aparılması və işçilərin seçilməsində rolu var. Həmçinin sosial mediada keyfiyyətsiz tibbi kontentlərin yerləşdirilməsi, professional imicin korlanması, şəxsi-peşəkar münasibət sərhədlərinin dağılması kimi risk amilləri də mövcuddur.