Magistrantlara UNEC-lə yanaşı, Avropanın nüfuzlu universitetlərinin də diplomu veriləcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) təhsil alan magistrantlara UNEC-in diplomu ilə yanaşı, Avropanın nüfuzlu universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub.

BMDM-in direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fariz Əhmədov bildirib ki, 2016-cı ilin sentyabrında magistratura pilləsi üzrə Türkiyənin Süleyman Dəmirəl Universiteti ilə ikili diplom razılaşması əldə edilib. Bundan əlavə, biznesin təşkili və idarə edilməsi, maliyyə ixtisasları üzrə Uludağ Universiteti, turizm və otelçilik ixtisası üzrə Sakarya Universiteti, biznesin təşkili və idarə edilməsi ixtisası üzrə Makedoniyanın Beynəlxalq Vizyon Universiteti və Litvanın Mikolos Romeris Universiteti ilə bu cür layihələrin həyata keçirilməsi planlaşdırılır. Ümumiyyətlə, BMDM-in gələcək hədəfləri arasında nəinki ikili diplomla bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, yeni ixtisasların açılması, ingilis dilində tədris olunan ixtisasların sayının artırılması, mərkəzin özünün beynəlxalq elmi jurnalının yaradılması, beynəlxalq elmi konfranslarla və qurumlarla əlaqələrin qurulması və gücləndirilməsi, tədris prosesinə xarici universitetlərin müəllim heyətinin cəlb edilməsi əsas yer tutur.

(Visited 1 times, 1 visits today)