Milli Məclisin komitə iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Aprelin 6-da Milli Məclisin elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Layihə hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə nazirliklərinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib, onlardan rəsmi rəylər alınıb.

Qeyd edilib ki, məktəbəqədər təhsilin məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, uşaqyönümlülük, inkişafyönümlülük, tələbyönümlülük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyyən edilir.

Bildirilib ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Yaxın gələcəkdə ölkəmizdə məktəbəqədər təhsil şəbəkəsinin genişlənəcəyini deyən komitə sədri bildirib ki, artıq dövlətimizin başçısının tapşırığı ilə regionlarda bir sıra məktəbəqədər təhsil ocaqları açılır. Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problem yaradacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinə ali pedaqoji təhsil alan mütəxəssislərin təyin edilməsi nəzərdə tutulub. Bundan başqa, qanun layihəsində uşaq innovasiya fondlarına 3-4 bənd aid edilib. Bu da həmin sahə ilə bağlı fəaliyyət göstərən QHT-lər üçün bir stimuldur.

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlılığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir.

İclasda məktəbəqədər təhsil müəssisələrinin tədris dili haqqında da danışılıb. Vurğulanıb ki, məktəbəqədər təhsil müəssisələrində tədris dili Azərbaycan dilidir. Uşaqlara Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər. Həmçinin bildirilib ki, ölkəmizdə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır.

Sənəddə qeyd olunur ki, bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

(Visited 1 times, 1 visits today)