Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yeniliklər olacaq

Təhsil Nazirliyi tərəfindən Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni qaydalar hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bunu aprelin 7-də Təhsil Nazirliyində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən mətbuat konfransında qurumun insan resursları şöbəsi müdirinin müavini Eşqi Bağırov deyib. Bildirilib ki, bu qaydalara əsasən, 2017-ci ildə daha çox vakansiyanın və namizədin olması gözlənilir.

Aprelin 1-də Azərbaycanda direktorların işə qəbulu üzrə müsabiqənin başlandığını xatırladan Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov diqqətə çatdırıb ki, bu il direktor olmaq istəyən namizədlərin sayının rekord səviyyədə olacağı gözlənilir. O deyib: “Çünki ötən il ümumilikdə direktorların işə qəbulu üzə müsabiqəyə 3 min nəfər namizəd sənəd verib. Bu il isə ərizə qəbulunun başlandığı altı gün ərzində Bakı şəhəri istisna olmaqla, region məktəblərində direktor işləmək istəyən 2 mindən çox namizəd elektron qeydiyyatdan keçib”.

E.Baǧırov vurğulayıb ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər də keçiriləcək. Müvafiq ali təhsil müəssisələrində təşkil ediləcək bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcəklər.

(Visited 1 times, 1 visits today)