“Səlcuqilərdən Osmanlılara” kitabı Moskvada çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü, professor Şahin Mustafayevin Moskvada rus dilində “Səlcuqilərdən Osmanlılara” kitabı çap olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun elmi şuraları tərəfindən nəşr üçün təsdiq edilib. Monoqrafiyanın elmi redaktoru Rusiyanın tanınmış türkoloq-tarixçisi S.Oreşkova, rəyçiləri akademiklər M.Meyer və N.Vəlixanlıdır.

Orta əsrlər mənbələri əsasında yazılan kitabda XI-XV yüzilliklәrdә Anadoluda baş verәn siyasi hadisәlәrin fonunda türk etnomәdәni mühitinin formalaşması vә inkişafı proseslәri tәdqiq edilir. Müəllif türk və fars dillərində qələmə alınmış salnamələr, Bizans tarixçilərinin xronikaları, Avropa səyyahlarının gündəlikləri, tarixi və ədəbi xarakterli digər sənədlərdə mövcud olan məlumatlardan geniş istifadə edib. Eyni zamanda, müasir Azərbaycan, türk, rus və Qərb alimlərinin tədqiqat əsərlərini təhlil edən müəllif orta əsrlər Anadolu və Azərbaycan tarixinə dair bir sıra mühüm konseptual müddəalar və fikirlər ortaya qoyub. Dörd fəsildən ibarət olan 440 səhifəlik monoqrafiyada Sәlcuqilər dövründә Anadoluda türk etnik birliyinin tәşәkkülü, eləcə də monqol işğalı nәticәsindә Rum Sәlcuq dövlәtinin süqutu vә siyasi hakimiyyәtin parçalanması, türk bәyliklәri arasında hәrbi-siyasi rәqabәt vә mübarizәnin gedişi, Osmanlı dövlәtinin yüksəlişi vә bütün bu tarixi hadisәlәrin kontekstindә türk mədəniyyətinin və kimliyinin inkişafı, türk etnik şüurunun tәkamül dinamikası araşdırılır.

Kitab orta əsrlər tarixi ilə məşğul olan mütəxəssislər, şərqşünaslıq elmi sahəsində təhsil alan universitet tələbələri, ümumiyyətlə, Türkiyə və Azərbaycan tarixi ilə maraqlanan bütün oxucular üçün dəyərli töhfədir.