UNEC-in tələbəsi “Golden Byte-2017”nin ölkə qalibləri sırasındadır

Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanın ilk dəfə iştirak etdiyi “Golden Byte-2017” beynəlxalq informasiya texnologiyaları çempionatının ölkə finalı keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) texnologiya və dizayn fakültəsinin dördüncü kurs tələbəsi Fəqan Çələbizadə “Web Project” nominasiyasında “Tag-wishes” layihəsi ilə ikinci yerə layiq görülüb.

UNEC-dən bildirilib ki, yalnız Azərbaycandan 780 iştirakçının qeydiyyatdan keçdiyi çempionatın seçim turlarına 450, final mərhələsinə isə 100 nəfər vəsiqə qazana bilib. Layihələr səkkiz fərqli nominasiyada təqdim edilib. Həmin layihələrin əsas mövzusu isə “Invent. Create. Change” (“İcad et. Yarat. Dəyiş”) olub.

İkinci və üçüncü yerlərin qaliblərinə müsabiqənin tərəfdaşları olan “Lenovo”, “Huawei”, “Maxi.az” və “Ultra” şirkətlərinin hədiyyələri təqdim edilib.