Yunanca-Azərbaycanca və Azərbaycanca-yunanca danışıq kitabçası hazırlanır

Bakı Slavyan Universitetində 11 Avropa dövlətinin tədris-mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, bunlardan biri də Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzidir. Hazırda burada görülən mühüm işlərdən biri yunanca-Azərbaycanca və Azərbaycanca-yunanca danışıq kitabçasının hazırlanmasıdır.

Kitabçanın yeni tədris ilində çapdan çıxması və istifadəyə verilməsi nəzərdə tutulub. Bununla yanaşı, mərkəzdə yunanca-Azərbaycanca və Azərbaycanca-yunanca tədris lüğətinin hazırlanması da planlaşdırılır.

Bu barədə AZƏRTAC-a mərkəzin rəhbəri Sevda Əliyeva məlumat verib.

S.Əliyeva bildirib ki, Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına töhfə vermək məqsədilə mərkəzdə tədris-metodik, elmi-tədqiqat və tərcümə, mədəni-kütləvi və beynəlxalq əməkdaşlıq istiqamətlərdə işlər aparılır. Burada yunanşünaslıq və tərcümə ixtisası üzrə təhsil alan tələbələr yunan dili ilə yanaşı, bu qədim ölkənin mədəniyyətini, ədəbiyyatını, tarixini, etnoqrafiyasını, sosial-ictimai münasibətlərini də öyrənirlər. Mərkəzin fəaliyyətində elmi-tədqiqat və tərcümə istiqaməti də xüsusi yer tutur. Belə ki, burada davamlı olaraq hər iki dildə ədəbiyyat nümunələrinin tərcüməsi həyata keçirilir. Mərkəzdə Hüseyn Cavidin “Şeyda” pyesi, akademik Rafael Hüseynovun “Məhsəti Gəncəvi” kitabı yunan dilinə, Yunanıstanın dahi şairi Konstantinos Kavafisin seçilmiş şeirləri isə Azərbaycan dilinə tərcümə olunub.