ADNSU Çin universitetləri ilə əlaqələrini genişləndirir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasında universitet rəhbərlərinin “Yol və qurşaq təşəbbüsü” adlı II Beynəlxalq forumunda iştirak edib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, ali məktəblərdə innovativ istedadların inkişafına həsr olunmuş bu tədbirə Türkiyə, Rusiya, Çin, İran, Belarus, Misir, Çexiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin aparıcı universitetlərinin rəhbərləri qatılıblar. M.Babanlı Şanxay Universitetində təşkil olunan forumda məruzə ilə çıxış edib.

Eyni zamanda, M.Babanlı Şanxayda fəaliyyət göstərən bir neçə ali məktəblə tanış olub, əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

1922-ci ildə əsası qoyulan Şanxay Universiteti Çinin ən nüfuzlu ali məktəblərindən biridir. Universitetə hər il 2 min əcnəbi vətəndaş qəbul olunur, ali məktəbin 11 fakültəsində 37 min 800 tələbə təhsil alır. Ali məktəbin nəzdində 72 elmi-tədqiqat institutu və Yüksək Texnologiyalar Mərkəzi fəaliyyət göstərir.

M.Babanlı mayın 24-dən 26-dək isə Çinin Qansu əyalətində yerləşən Lançjou Universitetində olacaq. O, bu universitetin prezidenti ilə görüşündə Lançjou şəhərində ADNSU-nun filialının açılması məsələsi də müzakirə olunacaq.

(Visited 3 times, 1 visits today)