Azərbaycanlı alim qondarma “erməni soyqırımı” məsələsini araşdırmaq üçün komissiya yaradılmasını təklif edib

Türkiyənin Kayseri şəhərindəki Ərciyəs universitetinin professoru Qafar Çaxmaqlı qondarma “erməni soyqırımı” iddialarına obyektiv şəkildə cavab tapmaq üçün alim və mütəxəssislərdən ibarət beynəlxalq müstəqil komissiya yaradılması təklifi ilə çıxış edib.

Bu barədə APA-nın Türkiyə müxbirinə Ankara universitetinin təşkil etdiyi “Azərbaycan-Ermənistan və Türkiyə arasındakı problemlərin həlli istiqamətində atılan addımlar və irəli sürülən təkliflər” mövzusundakı konfransa dəvət edilən Qafar Çaxmaqlı bildirib.

Q. Çaxmaqlı konfransdakı çıxışında deyib ki, erməni mənbələri 1914-cü ildə Qafqaza gedərək Rus ordusunun tərkibində Osmanlıya qarşı savaşan ermənilərin sayının 250  min nəfər olduğunu yazır.

“Gümrü sazişindən sonra erməni dövləti yarandı. Qonşuları ilə daima ərazi münaqişəsinə girən ermənilər Türkiyənin Şərqi Anadolu vilayətlərinə də göz dikiblər və  oradan da torpaq istəməkdədirlər. Ermənistanın müstəqillik bəyannaməsində Türkiyənin Cənubi-Şərq  vilayətləri tanınmır. Ermənistan işğalçı siyasətindən və ərazi tələbindən vaz keçmədikcə problemlər daha da artdı. Qondarma “erməni soyqırımı”nın Türkiyə tərəfindən qəbul edilməsini istəyən Ermənistan və Qərbdəki erməni diasporu bu niyyətindən əl çəkmir. Bu məsələ ilə bağlı tarix komissiyası yaradılsa da, Ermənistan belə davam edəcək. 11 il əvvəl baş nazir (indiki prezident) Rəcəb Tayyib Ərdoğan qondarma “erməni soyqırımı” iddialarının araşdırılması üçün Türkiyə və Ermənistan tarixçilərindən ibarət komissiya yaradılmasını təklif etsə də, Ermənistan bunu  sükutla qarşılamışdı. Bun baxmayaraq, biz tarix komissiyasını yarada bilərik. Məsələnin üzərində işləyən bir çox alimimizin əlində saysız-hesabsız önəmli sənəd var. Bu məsələni siyasi və ideoloji çərçivədən çıxarmaq üçün  tarix komissiyasının yaradılması lazımdır” – deyə, o bildirib.

Ankara universiteti dil, tarix və coğrafiya fakültəsinin dekanı, professor Nəşə Özdən Qafar Çaxmaqlıya təşəkkürnamə təqdim edib.