Professor: “Azərbaycan dilinin yeni sintaksisi yazılmalıdır”

(Dil sintaksisindən nitq sintaksisinə doğru)

Sintaksis dilçilik elmin ən maraqlı və perspektivli sahələrindəndir. Sintaksis konkret dillərə xas olan və nitq vahidlərini təşkil edən qayda və vsitələrin bütünüdür. Sintaksis qrammatikanın nitq törəməsi və ya formalaşması proseslərini öyrənən bir bölümdür. Sintaksis bir elm kimi nitqin qurulmasında çox fəaldır. Azərbaycan dilinin sintaktik potensialı da çox güclüdür. Dil mənzərəsi dilin sintaksisində də əks olunur. Bədii informasiyanın ötürülməsi və dünyanın dil mənzərəsinin yaradılması prosesində sintaksis həlledici rol oynayır. Bundan savayı, bədii informasiyanın təbiətini ayrı-ayrı sintaktik konstruksiyaların mürəkkəb strukturu müəyyən etdiyi kimi, poetik sintaksis də fonetik, morfoloji və leksik elementlərin strukturunu şərtləndirir.

Dil inkişafdadır və bu təkamüldə ən yeni linqvistik təmayüllər yaranır. Ənənəvi, yeni və ən yeni araşdırma istiqamətləri sistematik bir bağlılıqla birləşdirilməlidir. Biz hələ də tədqiqatlarda, tədrisdə ənənəvi sintaksis (normativ sintaksis) məsələlərini müzakirə edirik. Bir çox hallarda nitq sintaksisi kənarda qalır. Dilin sintaktik sisteminin nitqdə təzahürü bir çox obyektiv və subyektiv amillərlə, qanunauyğunluqlarla tənzimlənir. Həmin qanunauyğunluqların araşdırılması, onların funksiya və mexanizmlərinin həm nəzəri, həm də praktik cəhətdən öyrənilməsi olduqca önəmli və gərəklidir.

Sintaktik quruluşun inkişafına dair Azərbaycan dilçiliyində irəli sürülən bəzi fikirlər çağdaş dilçiliyin işığında hər yönü ilə öyrənildikdə bu gün artıq özünü doğrultmur. Bunlar əsas etibarilə nominativ quruluşdan predikativ quruluşa doğru inkişaf, feili tərkiblərin transformasiyaya uğraması, tabesiz mürəkkəb cümlə komponentlərinin müstəqilliyini itirməsi və flektiv dillərin təsiri ilə türk dillərində mürəkkəb cümlə quruluşlarının formalaşması kimi mülahizələrdən ibarətdir (M.Musaoğlu).

Sintaktik məkanda nitqin təzahür prosesi daha çevik görünür. Bu baxımdan nitqin əsas vahidi söyləmdir. Bu, təsadüfi deyil. Kommunikasiya prosesində müəyyən bir düşüncənin təqdim olunması və izahı söyləmlər vasitəsi ilə gerçəkləşir. Müəyyən məna bitkinliyi, intonasiya və başqa qrammatik əlamətləri özündə birləşdirən söyləm Azərbaycan dilində spesefikliyi ilə xarakterizə olunur. Nitqin sintaksisi dilin sintaksisindən vahidlərinə görə fərqlənirlər. Bəllidir ki, sintaktik vahidlər bunlardır: sözforma, söz birləşməsi, cümlə və mətn.

Bizdə dilin sintakisi haqqında xeyli sayda tədqiqatlar vardır. Ancaq nitqin sintaksisi əsas etibarilə tədqiqatlardan kənarda qalmışdır. Sintaksisin nitq vahidləri isə aşağıdakılardır: sintaksema, sintaqma, söyləm.

Yuxarıdakılar aşağıdakılarla bu cür uyğunluq yaradır: sintaksema-sözforma, sintaqm-söz birləşməsi, söyləm-cümlə.

Azərbaycan dilində nitq vahidləri olan sintaksema, sintaqm və söyləm daha geniş planda öyrənilməli, yeni sintaksisin obyektləri olmalıdır.

Bir sıra hallarda Azərbaycan dilinin sintaksisi normativ qrammatika səviyyəsindən kənara çıxa bilməmişdir. Bu sintaksisin yaradılmasında Azərbaycan dilçilərindən M.Şirəliyevin, Ə.Abdullayevin, Ə.Cavadovun, Q.Kazımovun, Y.Seyidovun, N.Cəfərovun, K.V.Nərimanoğlunu, F.Cəlilovun, Z.Tağızadənin, A.Həsənovun, M.Musaoğlunun, T.Müzəffəroğlunun, N.Novruzovanın və başqalarının böyük əməyi olmuşdur.

Professor Q.Kazımovun ali məktəblər üçün dərsliyi («Müasir Azərbaycan dili. Sintaksis» (Bakı, 2008, 500 s.) ümumi dilçiliyin və Azərbaycan dilçiliyinin son nailiyyətləri əsasında yazılmışdır. Ənənəvi sintaksis sahəsində görkəmli alimlərimizin tədqiq və araşdırmaları ilə yanaşı, ayrı-ayrı sintaktik vahidlərə məxsus problemlərin öyrənilməsinə yeni baxış əsas götürülmüş, mövzuların interpretasiyasında nitqin aktuallaşdırılması imkanlarının öyrənilməsi mövqeyindən diqqət yetirilmişdir. Ona görə də dərslik nitqin funksional cəhətlərinin xüsusi nəzərə alınması baxımından əvvəlki dərsliklərdən fərqlənir.

Keçən dövr ərzində yeni-yeni sintaktik terminlər meydana gəlmişdir. Daha doğrusu, sintaktik elmin inkişafı rus-Avrorpa dilçiliyindən xeyli sayda terminlər gətirmişdi: kollokasiya (sözlər arasında leksik-frazeoloji əlaqə), kolliqasiya (sözün formal yaxud qrammatik qaydası), dierem, konnotasiya kateqoriyası (bir-birinin əksi olan iki kateqorial forma), parantez və s. Belə sözlərin toplanaraq izahlı sintaktik lüğəti yaradılmalıdır.

Digər elmi terminlər kimi, bəzi sintaktik terminlərin də müəllifləri vardır. Termin yaratmaq asan iş deyil. Həmin terminlərin şərhi prosesində onları yaradan dilçi mütəxəssislərin də adı çəkilməlidir.

Müasir Azərbaycan dilinin kommunikativ, ekspressiv, dinamik sintaksisləri yazılmalıdır. Poetik dildə istənilən sayda bu sintaksislərin təhlilində materiallar vardır.

Bizdə mətbuat dilinin sintaksisi də yox dərəcəsindədir. Biz dilimizin yeni sintksisini antroposentrik prinsiplərə müvafiq yazmalıyıq. Sintaktik qanun və qanunauyğunluqlar dünyanın dil mənzərəsini əks etdirməlidir.

Fikrimizcə, «Azərbaycan dilinin nitq sintaksisi» yazılmalıdır. Şifahi nitqin sintaksisi haqqında F.Ağayevanın kitabı bu işin təşkilinə istiqamət verə bilər.

Azərbaycan dilçiliyində mətn sintaksisi ilə məşğul olanlar hələ də mətnlərin, mürəkkəb sintaktik bütövlərin sərhədlərini müəyyən edə bilməmişlər. Bu sahədə xeyli sayda problemlər yığılıb qalmaqdadır. Mətnin bütövlüyünü, xüsusən də məntiqi-semantik bütövlüyünü şərtləndirən problemlər müəyyən olunmamışdır. Ona görə də gənc tədqiqatçılar, hətta bu sahə ilə məşbul olan mütəxəssislər də mətnin tipologiyasını lazım olan səviyyədə müəyyənləşdirə bilmir, mətnin sərhədlərin təyin olunmasında müəyyən çətinliklərlə üzləşirlər. Mətn və onun kommunikativ dövrəsi, mətnyaradıcı vasitələr hələ də geniş miqyasda öyrənilə bilmir. Ümumiyyətlə, «Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər» adı altında çap olunmuş irihəcmli dərs vəsaiti etibarlı elmi-nəzəri özül üzərində qurulmamışdır. Dərs vəsaitində təhlilə cəlb edilmiş nümunələrin uyğunsuzluğu, bir çox hallarda ingilis və rus dillərində nümunələrin çoxluğu, öz dilimizin mətnlərinə ögey münasibət baş alıb gedir. Yəni belə tədqiqatların Azərbaycanda mətn sintaksisinin irəliləyişində heç bir əhəmiyyəti yoxdur. «Mətn sintaksisinin ensiklopediyası» formantında hazırlanmış bu əsər, həm də yeni ideyaların meydana çıxmasına zəmin yarada bilmir. Fikrimizcə, bu əsər nəzəri baxımından Rus-Avropa dilçiliyindəki deyilənlərin təkrarından başqa bir şey deyil, Azərbaycan mətnlərinə istinadən əksini tapmış yeni fikirlərə rast gəlmək olmur. Ayrı-ayrı müəlliflərin «prinsipial ideyaları işığında gerçəkləşən elmi-nəzəri yeniliklər» görünmür. Çətin və qəliz bir dildə yazılmış bu vəsaiti tələbələr və magistraturada oxuyanlar da dərk edə bilmirlər.

Poetik sintaksis məsələləri. Bədii mətnlərdə reallaşan Azərbaycan dilinin poetik sintaksisi və onun inkişaf qanunları haqqında professor Kamil Vəli Nərimanoğlunun tədqiqatının («Azərbaycan eposunun poetik sintaksisi» (monoqrafiya). Bakı, Oskar, 2009) əvəzi yoxdur. K.Nərimanoğlu A.N.Veselovski, B.V.Tomaşevski, V.M.Jirmunski və başqa məşhur xarici dilçilərin ənənələrini türkologiyada uğurla davam etdirmişdir. Onun əsərində Azərbaycan dili bədii sintaksisinin inkişaf qanunauyğunluqları və özünəməxsusluqları araşdırılmışdır.Rus dilçiliyində İ.İ.Kovtunovanın «Pogtiçeskiy sintaksis» (M., Nauka, 1986) kitabı bu sahədə atılan müsbət addımlardandır. Azərbaycanda nitq sintaksisin yazılmasına bu əsərdən faydalanmaq olar.

Azərbaycan dilinin sintaksisi semantik-praqmatik məkanda öyrənilməlidir. Bu o deməkdir ki, sintaksis semantika və praqmatikanın qarşılıqlı əlaqəsi fonunda tədqiq edilməlidir.

Azərbaycan dili sintaksisinin başqa öyrənilməmiş bir məsələsi də onun linqvokulturoloji aspektləridir. Əgər bu istiqamətdə araşdırmalar aparılarsa, dil və mədəniyyət arasında olan bağlılığın gizli qatları açıla bilər.

Hazırda müasir Azərbaycan dilinin sintaksisində aktiv proseslər gedir. Dilimizin sintaksisi yeni mərhələdə inkişaf edir. Fikrimizcə, bu istiqamətdə sintaktik quruluşun sosial və ümummədəni xarakteri açılmalıdır, həmin sahədə gənc araşdırıcılara mövzular paylanmalıdır.

Dilimizdə yeni tipli sintaktik kompetensiyalar meydana gəlir. Yeni sintaktik hadisələr (həm şifahi nitqdə, həm də bədii əsərlərdə, mətbuatda, poeizada) müəyyənləşdirilməlidir. Poeziyada yeni sintaktik tiplər, sintaktik sisteminin dinamikliyi üzə çıxarılmalıdır.

Punktasiya çətin qavranılan məsələlərdəndir. O, sintaksislə bağlıdır. Durğu işarələri bizim yazılarda bərbad vəziyyətdədir. Bu mövzu da sintaksislə birbaşa bağlıdır. Mətnin yaranmasında durğu işarələrin mühüm rolu vardır. Bu məsələlər araşdırılmalıdır.

Punktuasiyanın semantik və struktur komponentləri dəqiqləşdirilməlidir.

«Dırnaq» və digər durğu işarəsinin müasir işlənmə məqamları yeni sintaktik hadisə olaraq öyrənilməlidir.

Digər dillərin sintaksisinin kommunikativ strukturu tədqiq olunduğu halda, müasir Azərbaycan dilində bu sahədə addımlar atılmalıdır. Əsas kommunikattiv-struktur yanaşma ilə morfosintaksis məsələləri də tədqiq olunmalıdır. Müasir dövrdə söz birləşmələrinin, cümlələrin yeni tipləri yaranır. Bunun yaranma səbəbləri, şəraiti tədqiq olunmalıdır.

 

İsmayıl KAZIMOV, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu «Müasir Azərbaycan dili» şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor.