Aşıq Ələsgər ermənini necə bağladı – MARAQLI TARİX

Azərbaycan Dövlət Radiosunun “Xalq yaradıcılığı” redaksiyasının baş redaktoru, əməkdar jurnalist Tahir Talıblının haqdan vergili, ürfan yüklü, sözün əsl mənasında xeyri-şəri yozan, olanları-olacaqları yazan Dədə Ozanımız  Aşıq Ələsgərlə bağlı çox maraqlı xatirə danışıb.
Moderator.az oxucuların marağına səbəb olacağını düşündüyü üçün həmin xatirəni təqdim edir:
“Bu əhvalatı illər öncə “Bulaq” verilişi üçün Aşıq Bayram Qurşalının dilindən lentə almışdım. Aşıq Bayram Qurşalı 1988-ci ildə erməni vəhşəti zamanı Spitak rayonunun (Hamamlı)Qurşalı kəndindən qaçqın düşüb. Təqribən 7-8 il əvvəl 90 yaşında Bakıda vəfat etdi.
Aşıq Bayram Qurşalı da danışdığı əhvalatı Aşıq Ələsgərin sonuncu şagirdi Aşıq Ağayarın dilinnən şəxsən eşitmişdi.
Əhvalat belədi: Deyir payızın son vaxtlarıymış. Həmin Göyçədə taxıl qıt olur. Aşıq Ələsgər biri Aşıq Ağayar olmaqla iki şəyirdi ilə birlikdə iki öküz qoşulmuş arabayla Qazağa taxıl dalınca getməli olur. Gecəyə düşdüklərindən Şəmsəddində bir erməni evində qonaq qalırlar. Erməni biləndə ki, qonağı Aşıq Ələsgərdi (bəlkə də əvvəldən tanışlıqları olub) qonaqları ağırlayır, çaylayır,  xeyli erməni Aşıq Ələsgərin başına yığışır, məclis düzəlir. Ev sahibi məclisin şirin yerində deyir: “Aşıq Ələsgər, sənə bir bağlama deyəcəm, aça bilsən arabanı taxılla yükləyib yola salacam, yox aça bilməsən öküzləri də əlindən alacam”.
Aşıq Ələsgər də nə desin, razılaşır, tanrıdan vergili, ürfan yüklü, mövlanə könüllü Aşıq Ələsgər sözdən neçə qaça bilərdi. Ev sahibi erməni başlayır sözə:
“Əzizinəm bir, iki,
Gəl, danışaq bir-iki
O nədi, dördü üçdü
Biri iki”.
Məclisə qan donduran bir sükut çökür. Şagirdlər görür ki, ustad bir an duruxdu, sifəti də qaraldı, elə fikirləşdilər ki,məzhəbsiz erməni kişini bağladı. Aşıq Ələsgər bir ağız içini ayırtdayıb başlayır səbrlə izah etməyə. Deyir: “Ay erməni, dediyin əldəki beş barmaqdı, dörd barmaq, üç yerdən qatlanır, dörddü üç budu, baş barmaq iki yerdən qatdanır, iki buğumu var. Biri iki də budu”. Məclis bir xeyli donuq vəziyyətdə qalır, sonra canlanır. Mat-məəttəl Ələsgəri alqışlayırlar. Məclis səhərə yaxın dağılır. Aşıq Ələsgər o başdan araba dolu taxılla geri – Göyçəyə qayıdır”.
Hazırladı: Rumiyyə