Azərbaycanda 4 ali məktəbin akkreditasiyası təsdiqlənib

Təhsil naziri Mikayıl CabbarovAzərbaycanda 4 ali məktəbin akkreditasiyası barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirin əmri ilə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin və Bakı Biznes Universitetinin akkreditasiyaları barədə Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı nəzərə alınaraq adıkeçən universitetlərin akkreditasiyası təsdiq olunub.

Universitetlərə müvafiq keyfiyyət sənədi-sertifikat verilib, həyata keçirdikləri təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2016-2021-ci illər üçün akkreditə olunmuş hesab edilib, hər biri üçün akkreditasiya müddəti 5 il müəyyənləşdirilib.

Qeyd edək ki, “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları” və “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında 2015-2016-cı tədris ilində Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin, Bakı Biznes Universitetinin akkreditasiyaları keçirilib. Akkreditasiyaların nəticələri ilə bağlı Akkreditasiya komissiyalarının yekun arayışları Təhsil Nazirliyinin Akkreditasiya Şurasında müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

(Visited 1 times, 1 visits today)