Azərbaycanda “Skype”la videozəng əvvəlki kimi hamı üçün mümkün olacaq? – RƏSMİ CAVAB

“Windows” əməliyyat sistemi ilə çalışan mobil qurğuların sahibləri “Skype” videozəng servisindən əvvəlki kimi istifadə edə biləcək.

Bunu Trend-ə “Microsoft Azerbaijan”ın rəhbəri Sərxan Həşimov gələn aydan etibarən “Skype”ın bir sıra qurğularda işləməyəcəyi barədə yayılan informasiyaya münasibət bildirərkən deyib.

S.Həşimovun sözlərinə görə, “Skype” xidmətlərinin bütün imkanlarından istifadə etmək üçün proqramın ən son versiyasını yükləmək lazımdır.

Qeyd edək ki, daha əvvəl “Microsoft” istifadəçilərə bildiriş göndərərək 2017-ci il iyul ayının 1-dən etibarən “Skype”ın bir sıra qurğularda işləməyəcəyi barədə xəbardarlıq etmişdi.