Azərbaycanda yeni kompüter oyunu yaradıldı

Bu gün “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib.

“Akademik.Az” Trend-ə istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa rayon İcra başçısı Bayram Səfərov, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən A.Rəhimov bildirib ki, Şuşa ilə bağlı belə bir layihənin hazırlamnası çox sevindirici haldır. Nazir vurğulayıb belə layihələrin reallaşdırılması ölkəmiz üçün vacib əhəmiyyət kəsb edir: “Gənc nəsil və uşaqlar tariximizi bilməlidir, vətənpərvər ruhda böyüməlidir. Belə layihələr buna xidmət edir. Biz daha çox gəncləri bu işə cəlb etməliyik. Bu işlə məşğul olanlar dayanmasınlar. Bizim torpaqlarımız işğal altındadır, bizim orada abidələrimiz var, ona görə də biz dayanmamalıyıq, daha çox insanların bu oyunları oynamasına çalışmalıyıq ki, Dağlıq Qarabağ problemini, haqq işimizi daha geniş dünya ictimiyyətinin diqqətinə çatdıraq”.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, çox təəssüflər olsun ki, bugünki gənclərimiz Şuşanın, Qarabağın gözəlliklərini görə bilməyiblər: “İnanırıq ki, cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində Qarabağ qayıdacaq və gənclərimiz, uşaqlarımız o torpaqları görəcəklər”.

“İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır. Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənmiş və inkişaf etdirilib.

Oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” şirkəti tərəfindən hazırlanıb. Daha əvvəl bu şirlət tərəfindən “İşğal altında: Ağdam” oyunun hazırlanmasını dəstəkləyib. Buu ilin sonunda isə macəra triller janrında qurulan “Sonuncu dalan” kompüter oyunun istifadəyə verilməsi planlaşdırılır.

“Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə üçlü formatda hazırlanan “Şuşa kitabı” uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Şuşa qalası, Natavan bulağı, Gövhər-ağa məscidi, karvansaray və digər abidələr kitabda yer alıb.