Azərbaycanın dilçi və yazarları ayağa qalxdı – Naqis dil…

Danışıq dili 150-200 kəlmə/dəqiqə, oxuma dili 200-250 kəlmə/dəqiqə ikən, düşünmə dili 1300/1800 kəlmə/dəqiqə səviyyəsindədir.

Qısacası, 200 kəlmə ilə düşünən 2000 kəlmə ilə düşünəni anlaya bilməz. ‘’Dilin qədər varsan’’ yəni. Sanki bilərəkdən 100-dən böyük rəqəm bilməyən, 200 kəlmə ilə danışan insanlar yaradırıq… Dilimiz qədər varıq…

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar İbrahim Nəbioğlu “100-dən böyük rəqəm varmı?” adlı yazısında bildirib. Elə həm bu fikrə yanaşma almaq məqsədilə, həm də dilimizin nə dərəcədə zəngin olduğunu araşdırmaq məqsədilə müxtəlif kateqoriyaya aid insanlara suallar ünvanladıq. Doğrudan da 200 kəlmə ilə düşünüb 2000 kəlmə ilə düşünən millətlərdən geri qalırıq? Danışıq və düşüncə dilimiz, yazı, xüsusən də media dilimiz nə qədər zəngindir? Bütün bu dil problemlərimizin səbəbi nədir?

Bu suallarımıza ilk olaraq, tanınmış yazıçı Şərif Ağayar münasibət bildirib:

“Dünyada zəif dil olmur, inkişaf etməmiş dil olur. Bizim dilimiz lazımınca inkişaf etməyən dillər sırasındadır. Əsas problem leksikondakı ifadə azlığı və dilimizə olan mühafizəkar yanaşmadır. Mən alınma sözlərdən daha çox istifadə etməyin və bununla da dilimizi zənginləşdirməyin tərəfdarıyam. Bizdə yeni sintaktik manevr və intonasiya axtarışı yoxdur. Sanki yazıçılar yeni sözlərdən, yeni cümlə quruluşlarından istifadə etməkdən çəkinirlər. Biz hələ müasir intonasiyaya keçə bilməmişik və yeni ifadələrdən qorxduğumuz üçün “çevir tatı-vur tatı” ilə məşğuluq. Türk filmlərinin, seriallarının, yazarlarının ən böyük uğuru yeni dil ahənginə, yeni intonasiya qatına keçə bilmələridir. Lakin ədəbi dil ayrı, danışıq dili ayrı! Mən demirəm ki, küçə sözlərini, bəsit danışıq dilini yazıya gətirək. Yox! Sadəcə, başqa variantını tapa bilmədiyimiz sözlərdən istifadə etməkdən qorxmayaq. Bununla istedadlı yazıçılarımız məşğul olsa, daha yaxşıdır. Yazıçının uğurlu mətni sayəsində yeni sözlər dilimizdə vətəndaşlıq qazana bilər”.

“Azərbaycan dilini öyrənək”, “Azərbaycan dilinin vurğu lüğəti” və s. kimi elmi vəsaitlərin müəllifi olan Şəmil Sadiq də bu məsələyə aydınlıq gətirib:

“İbrahim Nəbioğluna hörmətim var, amma bu cür yanaşmanı dilin üzərindən aparmasını yanlış hesab edirəm. Ümumiyyətlə, dünya nitq mədəniyyətində qəbul olunmuş bir ifadə var: “İnsanlar 800 kəlmə ilə düşünürsə, 150 kəlmə ilə danışırlar. Azərbaycan dili mənim üçün fikrini ifadə edə biləcək qədər zəngin dildir. Düzdür, Azərbaycan dilini ərəb, rus dilləri ilə müqayisə etmək olmaz. Amma hər fikrini ifadə edə bilməyən şəxs dilin zəifliyindən danışmamalıdır. Fikrini çatdıra bilmirsənsə, problem səndədir. Ümumiyyətlə, mənim fikrimcə, bu gün ən aktual mövzu media dilinin problemləridir. Mən media dilindən çox narazıyam. Media dili şəxslərə və fərdlərə görə dəyişir. Bu, jurnalistin savadından asılıdır. Yeni ifadə vasitələrindən istifadə edə bilməyənlər və ya yalnış istifadə edənlər çoxluq təşkil edir. Mən düşünmürəm ki, çarə alınma sözlərə yönəlməkdədir. Mən özüm də yazılarımda cəhd edirəm ki, milli sözlərə üstünlük verim. Əgər ehtiyac yoxdursa, öz sözlərimizi qoyub alınma sözləri niyə işlətməliyəm ki?!.”

AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu da açıqlamasında bildirib ki, bu, tamamilə yanlış fikirdir:

“Bizim dilimiz zəngin və ahəngdardır. Mən azərbaycandilli olduğuma görə fəxr edirəm. Bizim dilimiz o dərəcədə zəngindir ki, alınma sözlərə qətiyyən ehtiyac yoxdur. Dilimizin söz ehtiyatı, daxili imkanları çox genişdir. Biz istənilən mövzunu asanlıqla sözlə əhatə edə bilirik. Özünü azərbaycanlı sayan kəs getsin, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni oxusun! O zaman anlayacaq ki, Azərbaycan dili nə qədər zəngin dillərdən biridir”.

Əməkdar jurnalist, teletənqidçi, Azleks elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmlinin də özünəməxsus yanaşmasını aldıq:

“Məncə, Nəbioğlunun məqsədi başqadır. Mən 20 ildir zaman-zaman Azərbaycan dilinin zəif və bazasız olması ilə bağlı fikirlər eşidirəm. Bu fikirlərlə heç razı deyiləm. Ramiz Rövşəni, Vaqifi, Füzulini oxuyan adam dilimizin qeyri-zənginliyindən şikayətlənə bilməz. Düzdür, dilimizin qarşısında duran maneə və problemlər var. Məsələn, xaricdən alınan yeni terminlərin qarşılığının tapılması məsələsi ciddi problemdir. Amma istənilən halda mən düşünmürəm ki, dildə naqislik ola! Naqislik ancaq təfəkkürdə ola bilər. Bəsit və məhdud düşüncə təfəkkür tərzinə bağlı məsələdir”.

Tanınmış media eksperti Zeynal Məmmədli isə İbrahim Nəbioğlunun bu fikrinə belə münasibət bildirib:

“İbrahim Nəbioğlu problemi dərinliyi ilə duyan adamdır. O demir ki, Azərbaycan dili zəifdir, o, deyir ki, dilmizdən istifadə formaları zəifdir. Elm dili, texniki dil, dəftərxana dili və s. kimi zəngin dil mədəniyyətlərimiz var. O, Azərbaycan dilinin potensialına bələddir. Azərbaycan dilinin zənginliyinə heç kim şübhə ilə yanaşa bilməz!”.

Müəllif: Könül Əlibəyli

(Visited 11 times, 1 visits today)