Bəzi mobil telefonlarda unitazdan 10 dəfə çox bakteriya var – Akademik

Son illər bütün dünyada istifadəsi intensiv hala gələn mobil telefonlar təhlükə mənbəyi olmağa davam edir.
Sherg.az xəbər verir ki, araşdırmalara görə, bəzi mobil telefonlarda unitazdan 10 dəfə çox bakteriya var. Mütəxəssislər bu iddialarına sübut kimi, Uqandada bir oğrunun xəstəxananın karantin şöbəsindən oğurladığı telefonla Ebola virusuna yoluxmasını göstərir.
Arizona universitetinin akademiki mikrobiloq Çarlz Qerba isə hesab edir ki, telefonla virusa yoluxmaq üçün Ebola epidemiyasının olması şərt deyil. Akademik, hər gün təmizlənən tualetlər qarşısında telefonların mütəmadi təmizlikdən keçmədiyini, bunun telefonlarda daha çox bakteriya yığılmasına səbəb olduğunu deyir.
Qerbaya görə təhlükə telefonlarda olan bakteriya sayının çoxluğu yox, bu cihazın daha çox insan tərəfindən müştərək istifadəsindədir.
Qeyd edək ki, mütəxəssislər təhlükəni azaltmaq üçün telefonların başqaları ilə ortaq istifadədən uzaq olmağı və bu cihazların antibakterial təmizləyicilərlə tez-tez silinməsini məsləhət görür.
Aysel Aslan