“Bu qədər dilçilik institutları olan ölkələrdə gərək belə çatışmazlıq olmasın”

Hörmətli Zülfüqar bəy, rus dilinin ölkənin taleyində oynadığı rolu müəyyənləşdirmək üzrə qaldırdığınız məsələ olduqca vacib və təqdirəlayiqdir, buna görə sizə və redaksiya heyətinə təşəkkür edirəm. Bununla bərabər ölkənin nüfuzlu alimlərini, məhşur siyasətçilərini, dilçiləri müzakirələrə dəvət etmənizi xahiş edirəm.
Çox təəssüf edirəm ki, belə vacib məsələ, emosiyaların coşması və ya kimin kimi pozması, pis yola salması, təhsili hansı dildə alması və s. primitiv məişət nöqteyi – nəzərindən müzakirə olunur. Mənim hələ 25-26 il əvvəl irəli sürdüyüm və təklif etdiyim mühüm tezislərdən biri və ən başlıcası türk (azərbaycan ləhcəsi), ingilis və rus dillərinin rəsmi dövlət və ya ünsiyyət dili elan olunması idi. Bu ideyanı da hər zaman müdafiə etmişəm, bu gün də gec deyil, bu ideyanı həyata keçirmək olar.
Rəsmi dili bilmək məmurlar üçündü, hər bir məmur üç dilin üçünü də bilməlidi, bütün vətəndaşları öz dilində qəbul etməyi və rəsmi cavab verməyi bacarmalıdı. Müasir şəraitdə qəbul olunan qərarlar emosiyaların söndürülməsinə deyil, son nəticəyə görə hessblanmalıdır. Türk (azərbaycan ləhcəsi) dili aydındı, doğma dilimizdi, dövlətin ən başlıca ünsiyyət dili olmalıdı. İngilis dünya dilidi, hamı, əsasən də məmurlar mütləq bilməlidi. O ki, qaldı rus dilinə, bunu mən, heç də Rusiyanın və rusların marağı deyil, Azərbaycan xalqının maraqları nöqteyi nəzərindən irəli sürmüşdüm. Öz təcrübəmdən deyim: bir neçə dil bilməmə baxmayaraq, ən dolğun informasiyanı ingilis (90-95%) və rus dilində (30-35%) ala bilirəm. Öz dilimizdə (anadolu, azərbaycan, türkmən, özbək … ləhcələrində) çox az, təqribən 10% informasiya ala bilirəm. 300 milyona yaxın əhali ilə bu dildə ünsiyyət qurmaq olur. Ən əsası isə rus dili həm də Sovet məkanında yaşayan türkdilli xalqların ünsiyyət dilidi. Rus dilində bilməyən hər hansı Azərbaycanlı Türkiyədən başqa heç bir türkdilli xalqla təmas qura bilməyəcək. Rusiya zəngin elm və mədəniyyətə sahib olmaqla yanaşı, Yer kürəsinin 10%-nə, təbii ehtiyatlara, yer üstü və yeraltı sərvətlərə malikdi. Aydındır ki, bu ehtiyyarları rusların təkbaşına mənimsəməsi mümkün deyil, Rusiya demoqraflarının hesablamalarına görə rusların sayı hər ildə bir milyon nəfər azalır. Rus dilindən imtina etmək bütün bu resurslardan məhrum olmaq deməkdi.
Gəlin gerçəklərə nəzər salaq: Azərbaycanda bir nəfər də olsun rəsmi milyarder yoxdur, amma müstəqillik illərində Rusiyada 7-8 nəfər Azərbaycanlı milyarder olmuşdu. Əgər rus dilini bilməsəydi bu insanlar Rusiyanın zənginliklərindən istifadə edə bilərdilərmi? Mənim fikrimcə yox. Rusiyada müvəffəqiyyətlə çalışan Anadolu, Cənubi Azərbaycanlı türkünün hamısının yanında mütləq bir azərbaycanlı olmuşdu. Unutmayaq, tərcüməçi vasitəsilə heç vaxt yaxın dostluq münasibəti qurmaq mümkün deyil. Nəhayət, tibb elmi sübut edir ki, çoxdillilik həm insanların beyinlərinin sağlam inkişafına, yaddaşın güclənməsinə yaxşı təsir edir, həm də intelektual inkişafa böyük təkan verir. Dünyanın ən inkişaf etmiş və sürətlə irəliləyən ölkələrinin əksəriyyəti çoxdillidi və bu inkişafın əsas səbəblərindən biri çoxdillilikdi. Sinqapurda dövlət dili kimi 5 dil, İsveçrədə 4 dil, Kanadada iki dildən və s. istifadə olunur.
Ana dilini inkişaf etdirmək üçün başqa dillərdən geniş istifadə etmək lazımdı, ingilisi, rusu yaxşı bilən adam öz ana dilini də yaxşı inkişaf etdirəcək. Amma ana dilini dəyərləndirə bilirikmi? Çox təəssüf ki, müsbət cavab üçün heç bir əsas yoxdu. Ölkə daxilində ana dilində normal vəsait, proqram, dərsliklər, ən zəruri elektron resurslar yoxdu, Azərbaycandan kənarda yaşayan 40 milyonluq Azərbaycanlılar, 200 milyonluq türk dilli xalqlar üçün onlayn resurs yoxdur, hələ də əksəriyyət serverlərdə adi təhlükəsiz azərbaycan əlifbası yoxdu. Bu qədər dilçilik institutları, universitet kafedraları fəaliyyət göstərən ölkələrdə gərək belə çatışmazlıq olmasın. Hələ bir əsrə yaxın bundan əvvəl türk dilinin ləhcələrinin uyğunlaşdırılması, ortaq türk dili, ortaq türk əlifbasının da təməli Bakıda qoyulmuşdu. Ana dilinin yayılması birinci növbədə başqa zəruri dilləri sıxışdırmaqla deyil, onun özünü inkişaf etdirməkdən asılıdır. Bir mühüm qaydanı unutmaq olmaz: həm ən yaxın dostlarının və həm də ən qatı düşməninin də dilini öyrənməlisən. Hər halda dilləri öyrənməklə o xalqlarla daha çox dostluq münasibətləri inkişaf etdirilir, nəinki düşmənçilik. Rusiya ilə Ukraynanın və Rusiya ilə Qazağıstanın bu günkü münasibətləri yuxarıdakı fikrə əyani misaldı. Oxucu özü nəticə çıxara bilər.
Saleh Məmmədov, 
tanınmış iqtisadçı professor, keçmiş maliyyə naziri
(Visited 1 times, 1 visits today)