Rusiyada yaşayan alim kitab kolleksiyasını Şamaxı Astrofizika Rəsədxanasına bağışlayıb

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı alim, günəş fizikası üzrə mütəxəssis, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əsgər Həsənəlizadə şəxsi kitab kolleksiyasını Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi kitabxanasına bağışlayıb.

Akademiyadan bildiriblər ki, alimin şəxsi kolleksiyasına astronomiya, astrofizika, mexanika-riyaziyyat, fizika və digər elmlərə aid 1500-ə qədər kitab, toplular və konfrans materialları daxildir.

Qeyd edək ki, Ə.Həsənəlizadə müxtəlif vaxtlarda ŞAR-ın aparıcı elmi işçisi, astrofiziki metrologiya laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. Alimin araşdırmalarının bir çoxu beynəlxalq jurnallarda ingilis dilində nəşr edilib. O, 1990-cı ildən etibarən Avropa Astronomik İttifaqının üzvü, 1995-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.