Şortik geyinən tələbəyə DƏSTƏK: “…Geyimə, saqqala qarışmaq olmaz!”

Hamlet İsaxanlı: “Universitetə uzun, qısa, şortiklə, saqqallı, saçı uzun, ya da qısa universitetə gəlməsi hər kəsin şəxsi işidir. Xəzər Universitetində yaradılan mühit də budur ”

Tələbənin universitetə nə geyinməyi tamamilə öz işidir”.
Bunu Sherg.az-a Azərbaycan Universitetində tələbənin şortiklə daxil olduğuna görə, mühafizəçilər tərəfindən qovulmasına münasibət bildirərkən “Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib.
O bildirib ki, yalnız orta məktəblərdə bu tip qadağaların qoyulması mümkündür:
“Çünki orta məktəbdə tələbə uşaqdır. Vahid məktəbli forması, müxtəlif geyim qaydaları tələb edirlər. Bu, başa düşüləndir. Ali məktəblərdə isə tələbə artıq yetişmiş vətəndaşdır. O, ürəyi istədiyi geyimlə universitetə gələ bilər. Şort da geyinsə, hicablı, qapalı da geyinsə bu, qəbul olunmalıdır. Tələbənin sırf geyiminə görə, universitetdə irad tutulmasının əleyhinəyəm”.
Oğlan tələbələrin saqqal saxladıqlarına görə, universitetlərdə tənqid olunmasına gəlincə, onlara da normal yanaşdığını söylədi:
“Düzdür, saqqaldan xoşum gəlmir. Amma bu, tələbə və ya müəllim üçün tam sərbəst olmalıdır. Rektoru olduğum universitetdə çoxlu saqqal saxlayan tələbələr var. Bu da onların öz işidir. Bəziləri dəb xətrinə bunu edirlər, sonradan tənbəllikdən, ya da modadan saqqallarını saxlayırlar. Universitet niyə həmin tələbənin şəxsi geyiminə, saqqalına qarışmalıdır?
Buna baxmayaraq, tələblər də çalışmalıdır ki, ətrafdakı insanlara, mühitə, tələbələrə pis təsir edən formada universitetə gəlməsin. Məsələn, çox çılpaq formada geyinib, dərsdə oturmasınlar. Əks halda uzun, qısa, şortiklə, saqqallı, saçı uzun, ya da qısa universitetə gəlməsi hər kəsin şəxsi işidir. Mənim şəxsi fikrim belədir və Xəzər Universitetində yaradılan mühit də budur.
Müəllim və ya tələbə olmasından asılı olmayaraq heç kimə deməzlər ki, niyə belə geyinmisən, niyə saqqallısan. Amma universitetin tərkibindəki “Dünya” məktəbində vahid məktəbli formasında, müəyyən qaydalara uyğun geyim tələb olunur”.
Aysel Aslan

 

(Visited 1 times, 1 visits today)