Tədris ilinin yekunu rəqəmlərdə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırıb. Keyfiyyətli tədris, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri təbliğ etmək məqsədilə tədris ili ərzində çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil edilib. Təhsilin idarəetməsi, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb.

BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 165 müəllim fəaliyyət göstərir.

2016-2017-ci tədris ili ərzində BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 387 373, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 327, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2 603 şagird olmaqla, ümumilikdə 392 303 şagird təhsil alıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini IX sinif üzrə 27 708, XI sinif üzrə 19 525, XII sinif üzrə 599 nəfər bitirib.

2016-2017-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır. Martın 15-dən sentyabrın 15-dək həyata keçiriləcək I sinfə şagird qəbulu prosesi çərçivəsində elektron sistem vasitəsilə 44 000-dən çox uşağın ərizəsi qeydiyyata alınıb.

Birinci sinfə şagird qəbulu sistemi ilbəil təkmilləşdirilir. Belə ki, artıq valideynlər elektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də sistem vasitəsilə yerinə yetirirlər. Həmçinin, sənədlər məktəbə təqdim edilən zaman uşaqlar müsahibəyə cəlb olunmur. Eyni zamanda, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər (valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” Liseyinə I sinfə qəbul zamanı ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılıb. Həmin təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilib.

2016-2017-ci tədris ilində Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ilk dəfə olaraq dövlət hesabına məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Məktəbəhazırlıq qruplarına 5 yaşı tamam olmuş uşaqlar qəbul olunublar. BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq təhsil alıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib.

2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. Növbəti tədris ilində məktəbəhazırlığa cəlb ediləcək uşaqların sayının ümumilikdə, 5 yaşlıların 65 faiz həddinə çatdırılması nəzərdə tutulub.

Məktəbəhazırlıq qruplarında çalışan müəllimlər üçün təlimlər keçirilib. Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün iki təlim kursu təşkil olunub. Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq, keçirilən öyrədici təlimlərə 850 müəllim cəlb edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb.

Bu il ilk dəfə olaraq attestatlar yeni qaydada veriləcək. “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na edilmiş dəyişikliyə əsasən, əvvəlki illərdən fərqli olaraq, ümumi orta təhsil haqqında sənəd şəhadətnamə deyil, attestat adlandırılıb. Həm ümumi orta, həm də tam orta təhsil haqqında attestatlarda hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, yekun attestasiyanın nəticələri, tam orta təhsil haqqında attestatlarda isə bunlarla yanaşı şagirdin seçdiyi təmayül istiqaməti də qeyd edilir.

BŞTİ-nin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən məktəbəhazırlıq təlimlərində iştirak etmiş müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanın nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat verilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq, müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqə keçirilib. Müsabiqəyə 628 vakant yer çıxarılıb. Müsabiqənin yekunlarına əsasən, 151 müəllimin iş yerinin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və ölkədaxili yerdəyişməsi müsabiqəsinə isə BŞTİ tərəfindən 726 vakansiya təqdim olunub. Ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlardan (şəhərlərdən) 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib. Müəllimlərin işə qəbulu müsabiqəsinin I turu üzrə 240 nəfər, II turu üzrə 122 nəfər müəllim vəzifəsinə işə qəbul edilib.

Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə müəllimlərin müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) işə qəbulu zamanı namizədlərin mərkəzləşdirilmiş müsabiqədə göstərdiyi nəticələrə istinad edilib. Cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 632 müəllim işə qəbul üçün göndərilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi (TDM) yaradılıb. Mərkəzin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.

Təlimə Dəstək Mərkəzinə işə qəbul müsabiqə əsasında həyata keçirilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə Gənclərin Çağırışaqədərki Hazırlığı (GÇH) üzrə rəhbər vəzifəsinə işə qəbul olunmaq üçün müsabiqə keçirilib. Müsabiqə nəticəsində 22 nəfər GÇH rəhbəri işə qəbul edilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrində çalışmaq istəyən şəxslər üçün müsabiqə keçirilib. İşə qəbulun daha səmərəli və şəffaf həyata keçirilməsi, ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə təşkil olunan müsabiqənin birinci mərhələsində 289 laborant, 45 psixoloq, 57 uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üçün müraciət etmiş şəxslər müvafiq test suallarını cavablandırıb. Onlardan 143 laborant, 29 psixoloq, 28 uşaq birliyi təşkilatı rəhbəri vəzifələrində çalışmaq istəyən şəxslər ikinci mərhələyə – müsahibə mərhələsinə vəsiqə qazanıb. Müsahibə mərhələsini uğurla keçən 100 nəfər laborant, 23 nəfər psixoloq, 25 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə qəbul edilib.

2016-2017-ci tədris ilində ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxt ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, dövlət təltiflərinə layiq görülüblər. Belə ki, 2016-2017-ci tədris ilində Bakı məktəblərində çalışan 10 müəllim “Tərəqqi” medalına, 12 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Bu il təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 15 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 17 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

2017-ci ilin iyun ayında Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən eyni rayon (şəhər) daxilində və bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində müəllimlər elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib.

Bakı şəhərində fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdə iştirak etmiş müəllimlərin qiymətləndirilməsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə 1 400-dən artıq müəllim iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən artıq 4-cü ildir ki, Könüllülük Proqramı həyata keçirilir. 2016-2017-ci tədris ilində 2 dəfə elan olunan Könüllülük Proqramına qoşulmaq üçün 840 müraciət daxil olub. Qeyd edək ki, BŞTİ tərəfindən həyata keçirilmiş birinci Könüllülük Proqramında 15, ikinci Könüllülük Proqramında 25, üçüncü Könüllülük Proqramında 35 nəfər gənc seçilib. Hazırda davam edən dördüncü proqrama isə 43 könüllü qoşulub. BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanan gənclərdən 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırıb. Bu məqsədlə tədris ili ərzində həyata keçirilmiş 25 yeni layihəni əhatə edən 9 fəaliyyət istiqaməti müəyyənləşdirilib.

Həyata keçirilən layihələrin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdən ibarətdir.

Məktəb seminarları” layihəsi çərçivəsində Bakının hər bir rayonu üzrə keçirilmiş təlim-seminarlarda bütün ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər əvvəlcədən müəyyən olunmuş mövzular üzrə ayrı-ayrı sessiyalarda iştirak ediblər. 4 000 nəfərə yaxın iştirakçının qatıldığı təlim-seminarlarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məktəb rəhbəri, müəllim, valideyn və şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 374 “Ən yaxşı dərs” dinlənilib. “Ən yaxşı dərs”lər I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunub. Dinlənilən dərslər müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, “Ən yaxşı dərs” üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilib.

“75 məktəb” layihəsi çərçivəsində keçirilən “Dəyirmi masa”lara paytaxtın bütün rayonları üzrə 600-dən çox iştirakçı qatılıb. Layihənin həyata keçirildiyi müddətdə IX sinif şagirdləri üçün vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarlar və IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlər üçün maarifləndirici görüşlər təşkil edilib.

“Uğur üçün tədris” layihəsi BŞTİ, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. “Uğur üçün tədris” (SPEX) layihəsinə 56 pilot məktəb cəlb olunub. Layihənin ilkin mərhələsində paytaxt məktəbliləri və İngilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanları keçirilib. İmtahanlarda ümumilikdə 400 VII-VIII sinif şagirdi və 600 İngilis dili müəllimi iştirak edib. Layihə çərçivəsində dərs müşahidələri aparılıb, dil təkmilləşdirmə və metodologiya təlimləri keçirilib.

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi vasitəsilə məktəblilərin ali məktəblərə qəbul olunmasına və şəxsi inkişafına dəstək verilir. Aztəminatlı ailələrdən seçilən potensiallı gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək məqsədilə “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi əsasında keçən il 80 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 64 nəfəri yüksək nəticə göstərmiş, dövlət hesabına təhsil alan tələbələrdir. Artıq 3-cü ildir ki, həyata keçirilən layihəyə 2016-2017-ci tədris ilində 2800-dən çox şagird müraciət edib. Onlardan 155 məktəbli layihənin iştirakçısı adını qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi həyata keçirilib. Layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir. Şagird məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlıq və möhkəm iradəyə görə minnətdarlıq edilib, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilib və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunub. Şagirdlərin əsgərlərə ünvanladıqları məktublar cəbhə bölgələrində xidmət edən əsgərlərə çatdırılıb.

Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı ”Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində ilkin olaraq 112 nəfər “Məktəblinin dostu” fəaliyyət göstərir. Layihə müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması, təhsilin idarəedilməsinin təkmilləşdirilməsi və valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə həyata keçirilir. “Məktəblinin dostu” layihəsi çərçivəsində “ON/OFF” video müsabiqəsi, “Mənim sevimli müəllimim” şeir müsabiqəsi , “Aprel döyüşləri şagirdlərin gözündə” inşa müsabiqəsi, “Unudulmaz filmlər” müsabiqəsi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, məktəblilər arasında voleybol və şahmat turnirləri, “Xoş gəlmisən, qış fəsli” mövzusunda sərgi, “Karyera planlama” və “Fövqəladə hallarda davranış qaydaları” mövzularında təlimlər keçirilib, müxtəlif qısametrajlı videoçarxlar hazırlanıb, fləşmoblar təşkil edilib. Bakı məktəbliləri “Məktəblinin dostu” və “ASAN könüllüləri” ilə birlikdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ABŞ-ın ölkəmizdəki səfirliyi ilə birgə “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 60 ümumi təhsil məktəbində İngilis dilində Danışıq Klubları fəaliyyətə başlayıb. Layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarət olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi həyata keçirlib. Layihə çərçivəsində hər təqvim ayında məktəblərə ekoloji istiqamətdə bir mövzu təqdim olunub. Hər ayın yekunlarına görə, “Ayın ən qənaətcil məktəbi”, “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi”, “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası”, “Ayın tədqiqatçı bioloqlar məktəbi”, “Ayın ən sağlam məktəbi”, “Ayın ən təmiz məktəbi” nominasiyaları üzrə qaliblər müəyyənləşdirilib.

IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi uğurla reallaşdırılır. Layihə çərçivəsində respublikanın 54 rayon və şəhərlərinin 270 ümumi təhsil məktəbində pedaqoji kollektivin iştirakı 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağacları əkilib. Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi həyata keçirilib. Layihə çərçivəsində ekoloji mühazirələr keçirilib, ekskursiyalar təşkil edilib. Layihənin əsas məqsədi şagirdlərdə ekoloji biliklərin və mədəniyyətin formalaşdırılması, onlarda təbiətə maraq, qayğı və məhəbbət hissinin oyadılması, təbii sərvətlərdən səmərəli istifadə bacarıqlarının aşılanması, şagirdlərin istedad və yaradıcılıq qabiliyyətinin aşkara çıxarılmasından ibarət olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə ümumi təhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi həyata keçirilib. Layihə çərçivəsində keçirilən ekoloji tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı məktəblilər də iştirak edib. 40 ümumi təhsil müəssisəsini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində çoxsaylı ağac əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi həyata keçirilib. Layihə çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” müsabiqəsi keçirilib, tullantıların azaldılması məqsədilə 120 təhsil müəssisəsində enerjiyə və suya qənaət tədbirləri görülüb. Məktəblərin sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün müsabiqənin “Yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri aparılıb, şagirdlərə sağlam qidalanma və məktəbdə qida rasionunun tərkibi haqqında biliklər öyrədilib.

Paytaxt məktəblərində “Çərşənbə iməcilikləri” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə münasibətilə Bakı şəhəri üzrə 12 inzibati rayonun ümumi təhsil məktəblərində kütləvi olaraq, müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, abadlıq işləri görülüb. Habelə şagirdlərə çərşənbələrin mahiyyəti barədə geniş məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib. Dərslər paytaxtın 12 inzibati rayonu üzrə 37 mərkəzdə tədris olunub. Bakı şəhəri ərazisində fəaliyyət göstərən 470 ümumi təhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 22 453 XI sinif şagirdinə 264 dərs keçirilib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslərin tədrisi ilə 150-dən çox müəllim məşğul olub.

Təhsil müəssisələrində çalışan direktor, müəllim, valideyn və şagirdlər arasında sıx əməkdaşlıq yaratmaq, şagirdlərin dərsdənkənar səmərəli vaxt keçirməsinə istiqamət vermək məqsədilə 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən “Məktəb icmaları” layihəsinə start verilib. Layihəyə ilkin olaraq 54 pilot məktəb cəlb edilib. “Məktəb icmaları” layihəsi hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 150 məktəbdə həyata keçirilir. 2016-2017-ci tədris ilində paytaxt məktəblərində “Məktəb icmaları” layihəsi çərçivəsində müxtəlif müsabiqələr və seminarlar təşkil edilib:

– “Məktəb icmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirilib. Seminarın təşkil edilməsində məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır.

“Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” müsabiqəsi keçirilib. Valideynlərin məktəblilərin həyatında daha fəal iştirakının təmin edilməsi məqsədilə keçirilən müsabiqədə valideynlər müxtəlif layihələr təqdim ediblər. Layihələrdən 10-u qalib seçilib.

– “Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “Səsli kitablar” layihəsi, eləcə də “Azərbaycan müəllimi” qəzeti və Community.az portalının əməkdaşlığı ilə “Birlikdə” jurnalı təqdim edilib. “Səsli kitablar” layihəsi çərçivəsində görmə qüsuru olan insanlar üçün Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət xüsusi audio kitablar hazırlanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd görmə qüsurlu, eləcə də vaxt məhdudiyyəti səbəbindən kitab oxuya bilməyən şəxslərin “Səsli kitablar”dan yararlanmalarına kömək etməkdir.

– “Məktəb icmaları” layihəsi çərçivəsində məktəb yarmarkası keçirilib. Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etməsinə yardımçı olmaqdan ibarətdir.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Kitabxanaçılar klubu yaradılıb. Paytaxtın ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək məqsədilə yaradılan Kitabxanaçılar Klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan digər kitabxana işçilərinə müvafiq dəstəyin göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi, səmərəli fikir mübadiləsindən yararlanma və araşdırma qabiliyyyətinin inkişafı məsələlərini əhatə edir.

Ø Təhsil Nazirliyi, “British Council” təşkilatının və “British Petrolium” Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün İngilis dili” layihəsi həyata keçirilib. Azərbaycan Respublikasının 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edən layihə çərçivəsində Qaradağ inzibati rayonunda fəaliyyət göstərən 6 pilot ümumi təhsil məktəbinin İngilis dili müəllimlərinə “British Council” təşkilatının peşəkar təlimçiləri tərəfindən tədris ili boyunca 120 saatlıq təlimlər keçirilib, onlayn dil və metodiki dəstək proqramı tədris olunub. Proqram çərçivəsində müəllimlərə resursların effektiv istifadə edilməsi barədə təməl məlumatlar ötürülüb. Aprel ayında isə təlimçi İngilis dili müəllimlərinin icma üzvlərinə dil dərsləri təşkil olunub.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə ümumi təhsil müəssisələrində “İngilis dili mütəxəssisi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələrində dərs müşahidələri aparılıb, İngilis dili müəllimlərinə, eləcə də Təlimə Dəstək Mərkəzinin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən mentorlara “Sinfin idarə olunması” komponenti üzrə təlimlər keçirilib.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsi həyata keçirilib. Şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, onlarda auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək, məntiqi təfəkkürü inkişaf etdirmək, fikri düzgün çatdırmaq kimi bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyan layihə çərçivəsində “Dəyirmi masa”lar keçirilib və Klub rəhbərləri üçün təlimlər təşkil edilib.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə ümumi təhsil məktəblərində “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” pilot layihəsi həyata keçirilib. “Düşün, proqramlaşdır, öyrən!” devizi ilə həyata keçirilən layihənin əsas məqsədi proqramlaşdırmanı hamı üçün əlçatan etmək və proqramçı təfəkkürlü şəxsiyyətlər yetişdirməkdir.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsi həyata keçirilib. Layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdən ibarətdir. Layihə çərçivəsində 258 psixoloq üçün Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu və Humel Psixologiya Mərkəzi tərəfindən təlimlər təşkil edilib.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Caspian Development Bank (CDB)”la birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil məktəblərində maliyyə savadlılığının artırılması istiqamətində layihə həyata keçirilib. “Öz Gələcəyini qur” adlı layihə çərçivəsində VII-X sinif şagirdləri və onların valideynlərinə ailə büdcəsinin formalaşdırılması, qorunması və düzgün idarə edilməsi istiqamətində təqdimatlar edilib, interaktiv oyunlar keçirilib və bankın əməkdaşları tərəfindən maliyyə maarifləndirilməsi, iqtisadi və maliyyə savadlılığını artırılması, büdcəyə qənaət istiqamətində məlumatlar verilib.

Ø Paytaxt məktəbliləri arasında “Məktəblərarası əməkdaşlıq” layihəsi çərçivəsində məntiq yarışları keçirilib. Yarışlar məktəblilərdə məntiqi biliklərin genişləndirilməsi, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin aşkara çıxarılması və onların elmə marağının daha da artırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Ø Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində hazırda “Sağlam təhsil” sinifləri Bakı və Sumqayıt şəhərlərində yerləşən 35 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. Layihənin əsas məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik vətəndaş yetişdirməkdən ibarətdir. Sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirilib. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir.

Ø Hazırda respublikanın 5 şəhər və 36 rayonunu əhatə edən 182 məktəbdə təmayül sinifləri fəaliyyət göstərir. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris plan və proqramları hazırlanıb təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub. Artıq 2-ci ildir ki, Təhsil Nazirliyi tərəfindən bir sıra məktəblərdə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə əlaqədar pilot layihə həyata keçirilir. Qeyd edək ki, ötən tədris ilində pilot layihənin həyata keçirildiyi məktəblərdə yüksək nəticələr əldə edilib. Belə ki, şagirdlərin təhsil nailiyyətlərində nəzərəçarpan irəliləyişlər əldə olunub.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 49 nəfəri Respublika fənn olimpiadalarında qalib olub. Həmin şagirdlərdən 7-si qızıl, 13-ü gümüş, 29-u bürünc medal qazanıb.

Ø Paytaxt məktəbliləri “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibi olub. Müsabiqənin əsas məqsədi gənclərin elmi potensialının inkişaf etdirilməsi, şagirdlərin elmi yaradıcılığa, tədqiqat aparmağa həvəsləndirilməsi, elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Müsabiqəyə təqdim edilən innovativ və yaradıcı layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Qaliblər arasında Kompüter elmləri üzrə Bakı şəhəri Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev və 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə də yer alıb.

Ø Paytaxt məktəbliləri 2017-ci ilin may ayında ABŞ-da keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak ediblər. 77 ölkədən 1700-dən çox məktəblinin iştirak etdiyi Intel ISEF-də Robotexnika ve süni intellekt kateqoriyasında iştirak edən Elgün Alışev “Eşitmə qabiliyyəti zəif olan insanlar üçün vizual köməkçi” adlı layihəsinə görə Qətərin Tədqiqatlar və İşləmələr Fondunun xüsusi müfatına layiq görülüb. O, müxtəlif ölkələrdə yaşayan və müxtəlif bədən dillərindən istifadə edən lal-kar insanlara ünsiyyət qurmaq imkanı verən elektron vizual köməkçi hazırlayıb və öz layihəsini uğurla təqdim edə bilib.

Ø “ADA” Universitetinin təşkilatçılığı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və “British Council” təşkilatının birgə əməkdaşlığı ilə Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında II İngilis dili Olimpiadası keçirilib. Olimpiada zamanı şagirdlərin İngilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama, dinləmə və esse yazma qabiliyyətləri yoxlanılıb. Olimpiadanın qalibi olmuş paytaxtdakı 212 nömrəli tam orta məktəbin şagirdi Fikrət Əmirbəyli Böyük Britaniyada yay kursunda ödənişsiz iştirak hüququ qazanıb.

Ø Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələri keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 3000 nəfərə yaxın şagird iştirak edib. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası keçirilib. V-VI sinif şagirdləri arasında təşkil edilən olimpiadanın final mərhələsində Bakı şəhəri üzrə 1859 şagird iştirak edib. Nəticələrə əsasən, 59 şagird finalda 80 faizlik həddi keçərək mükafatçılar siyahısına düşüb. 842 şagird isə 50-80 faiz aralığında nəticə göstərərək olimpiadanın final turunda aktiv iştirakına görə, sertifikata layiq görülüb. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarət olub.

Ø Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib. Şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək məqsədilə keçirilən müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 30 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 4665 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb və 114 məktəbli ölkə mərhələsinə çıxıb. Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 21 nəfər tərifnamayə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyələr və kitablar da təqdim olunub.

— Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarət olub. BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərindən 49 təqdimat müsabiqənin şəhər mərhələsinə seçilib. Müsabiqənin respublika mərhələsində iştirak edən 12 paytaxt məktəblisindən 9-u I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.

Ø Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilib. Bilik yarışı şagirdlərin istedadının, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, təqdimat qabiliyyətinin və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilib.

Ø Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçirilib. İmtahanda 29-u Azərbaycan, 4-ü rus bölməsi olmaqla, 33 nəfər iştirak edib. Onlardan 24 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. Eyni zamanda Bakı şəhəri üzrə əvvəlki illərdə tam orta təhsilini (XI sinif) başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib. İmtahanda 374-ü Azərbaycan, 38-i rus bölməsi olmaqla, 412 nəfər iştirak edib. Onlardan 256 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Ø Müəllimlər üçün Sosial Media Seminarı keçirilib. Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində təşkil edilən seminarın keçirilməsində əsas məqsəd sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliğ edilməsi, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, o cümlədən məktəblərin virtual aləmdə daha fəal təmsil olunmasının təmin edilməsindən ibarətdir.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Niderland Krallığının Utrext şəhərinə təhsil səfəri təşkil edilib. Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində təşkil olunan səfər məktəb inspeksiyaları mövzusuna həsr edilib. Səfərin əsas məqsədi Niderland Krallığının Təhsil Nazirliyinin tərkibində Təhsil İnspeksiyaları Departamenti ilə əməkdaşlıq, onların bu sahədə təcrübələrini öyrənmək və təhsil müəssisələrinin inspeksiyasında iştirak etməkdən ibarətdir.

Ø BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. Ümumilikdə 75 müəllim maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərdə iştirak edib.

Ø BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllim layihələrin reallaşdırılması üzrə təlimdə iştirak edib. Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının peşəkar təlimçiləri tərəfindən keçirilən təlimlər zamanı müəllimlərə layihələrin yazılması və idarəolunması, büdcənin tutulması, qrant müsabiqəsinin mərhələləri və əsas şərtləri barədə geniş məlumat verilib.

Ø Bakı məktəblərində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək məqsədilə təlimlər keçirilib. “Kitabxana İşinin Təşkili və İdarə olunması” və “Kitabxana İşinin Təşkili zamanı İKT-dən İstifadə Üsulları və Proqram Təminatı” istiqamətləri üzrə həyata keçirilən təlimlərə Bakı şəhərinin 12 inzibati rayonu üzrə kitabxana işçiləri cəlb olunub.

Ø Paytaxtın İngilis dili müəllimlərinin forumu keçirilib. 150-yə yaxın İngilis dili müəlliminin iştirak etdiyi forumun əsas məqsədi yeni proqramlarla işləyən və nitq inkişafında digər fənlərin inteqrasiyasına üstünlük verən İngilis dili müəllimlərinin metodiki yanaşma və təcrübə mübadiləsinin təmin edilməsindən ibarətdir.

Ø Təlimə Dəstək Mərkəzində paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərdə rəhbərlərə məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, onlarda hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə məktəb rəhbərliyi, müəllim və valideynlərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.

Ø Təlimə Dəstək Mərkəzində paytaxtın ümumi təhsil məktəblərinin psixoloqları ilə görüşlər keçirilib. Görüşlərdə psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.

Ø Paytaxt məktəblərində fəaliyyət göstərən 25 fiziki tərbiyə müəllimi və Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası Azərbaycanda ilk dəfə təşkil olunan voleybol üzrə seminarda iştirak edib. Seminar iştirakçılarına müvafiq sertifikat təqdim edilib.

Ø IT STEP Akademiyasında ümumi təhsil müəssisələrində informatika fənnini tədris edən müəllimlər üçün ödənişsiz ixtisasartırma təlimləri təşkil edilib. Təlimlərdə iştirak edən 20 müəllimə CodeClub (codeclub.org) üzrə “Scratch” proqramlaşdırma dilləri üzrə baza bilikləri verilib.

Ø AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar təşkil edilib. Orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların vaxtında aşkar olunması və onların riyazi biliklərə daha dərindən yiyələnməsi məqsədi ilə təşkil olunan elmi-populyar seminar və mühazirələrdə ümumi təhsil müəssisələrində çalışan riyaziyyat müəllimləri və texniki sahəyə marağı olan şagirdlər iştirak ediblər.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Microsoft Azərbaycan” şirkəti və məzmun tərəfdaşları ilə birlikdə kodlaşdırmanın və kompüter elmləri sahəsinin məktəbli qızlar arasında təşviqi üçün “DigiGirls” və “Kod saatı” təşəbbüslərini həyata keçirib. Layihə çərçivəsində seçilmiş məktəblərin ibtidai və orta sinif şagirdləri üçün təbliğat və praktiki məşğələ sessiyaları həyata keçirilib, MicroBit qurğusunun istifadəsi ilə kodlaşdırma saatları təşkil olunub.

Ø 2016-2017-ci tədris ilində 448 nəfər inzibati-idarəetmə heyəti nümayəndəsi “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlərdə iştirak edib.

Ø Bakı şəhəri ümumi təhsil məktəblərində İKT üzrə müəllimlərə mentorluq xidmətinin təşkili ilə bağlı layihə həyata keçirilib. Layihə çərçivəsində 55 məktəbdən 550 müəllimə 3 ay müddətində mentorluq dəstəyi göstərilib.

Ø İKT bacarıqları yüksək olan və əvvəlki İKT təlimlərində iştirak edərək yüksək nəticə göstərən ibtidai sinif müəllimləri üçün təlim keçirilib. “İbtidai sinif müəllimləri üçün elektron təhsil resurslarının hazırlanması” adlı təlimə 265 müəllim cəlb olunub.

Ø İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti və fənn müəllimləri üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə mövzusunda təlimlər təşkil edilib. Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə birlikdə təşkil edilən təlimlərə Bakı məktəblərində fəaliyyət göstərən 496 ibtidai sinif və fənn müəllimi cəlb edilib.

Ø 2016-2017-ci tədris ili ərzində BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzində 50 464 vətəndaşa xidmət göstərilib. Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 2 017 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinə vətəndaşlar tərəfindən 9684 ərizə, müxtəlif qurumlardan 12 101 məktub və 2845 elektron müraciət daxil olub.

Ø 2016-2017-ci tədris ili ərzində hər həftə Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib. Vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədilə təşkil edilən səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

Ø BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin həyatında baş ve­rən yeni­lik­lər və idarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətində işlər 2016-2017-ci tədris ili ərzində də müvafiq qaydada yerinə yetirilib. Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi BŞTİ-nin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Bu baxımdan BŞTİ-nin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılıb.

Ø Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün səmərəli şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, BŞTİ rəhbərliyinin və əməkdaşlarının telekanallarda çıxışları və müsahibələri təşkil olunub. Məktəb saytlarının fəaliyyətinin müvafiq tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb.

Ø 2016-2017-ci tədris ili üçün paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci tədris ili üçün çap edilmiş yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlərin sentyabrın 5-dək yerlərə çatdırılması təmin edilib. Bunun üçün müvafiq baza məntəqələri yaradılıb və əsas tədris vəsaitlərinin yerlərə çatdırılması operativ şəkildə həyata keçirilib.

Ø 2016-2017-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 8 təhsil müəssisəsi əsaslı təmir edilib. Bununla yanaşı, 12 məktəb üçün əlavə sinif otaqlarının, 1 məktəb üçün yeməkxananın, 1 məktəb üçün isə yeni binanın tikintisi başa çatdırılıb.

Ø Əlavə olaraq, məktəblərin təmirə ehtiyacı araşdırılıb, 65 müəssisədə cari təmir və mühəndis kommunikasiya işləri görülüb, 11 məktəbin bufetinin təmiri başa çatdırılıb.

Ø Təhsil müəssisələri 2016-2017-ci tədris ilində 700 ədəd kompüter və noutbuk, 570 dəst parta, 119 ədəd printer və surətçıxaranla təmin olunub.

Ø Ümumi təhsil məktəblərində birgə fəaliyyətin təşkil edilməsi Nazirlər Kabinetinin “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, həyata keçirilib. Bu məqsədlə Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün 166 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb. Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kurslar təşkil edilib.

Ø Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Oxu günü” tədbiri keçirilib. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu günü”ndə paytaxtın 60-dək ümumi təhsil məktəb və liseyində təhsil alan şagirdlər təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirəsi aparılıb, pantomim tamaşa, kitabların insanın inkişafı baxımından əhəmiyyətini vurğulayan səhnəciklər, fləşmob və digər təqdimatlar olub.

Ø Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri “Olimpiya Hərəkatı–2017” (“Olympic Moves–2017”) idman proqramı çərçivəsində keçirilən yarışlarda iştirak edib. Yarışlara paytaxtın 294 ümumi təhsil müəssisəsi üzrə 63 504 şagird qatılıb. Ümumilikdə, Bakı üzrə 12 rayondan 5 idman növü üzrə birinci yeri tutan 60 məktəbin komandaları finalda mübarizə aparmaq hüququ əldə edib. Final mərhələsinin nəticələrinə əsasən, müxtəlif idman növləri üzrə paytaxtdakı 160 nömrəli Klassik Gimnaziya, 220 nömrəli məktəb-lisey, 145, 269, 248, 236, 17, 114, 29, 104, 286, 260 nömrəli məktəblərinin komandaları I, II, III yerlərə layiq görülüb.

Ø Məktəblilərin və pedaqoji kollektivlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları 2016-2017-ci tədris ilində də davam etdirilib. Heydər Əliyev Mərkəzində müəllim və şagirdlər Azərbaycan tarixinin və ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olublar.

Ø Paytaxt məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici aksiya çərçivəsində ölkənin müxtəlif bölgələrinə səfər ediblər. Şagirdlər ölkəmizin bölgələrinə təşkil olunan səfərlər zamanı qədim tarixi abidələr, rayonlardakı tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər mədəni mərkəzlərlə tanış olublar.

Ø BŞTİ-nin təşkilatçılığı ilə məktəblilərin paytaxtdakı tarixi abidə və muzeylərə ekskursiyaları təşkil edilib. Şagirdlərin dünyagörüşünün hərtərəfli formalaşmasında mühüm əhəmiyyəti olan bu tədbirlərin davam etdirilməsi və gələcək illərdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Ø 2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 90 ümumi təhsil məktəbi və 10 məktəbdənkənar təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb. Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Guşənin yaradılması milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltmək məqsədlərinə xidmət edir.

Ø Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar milli-mənəvi ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi məqsədilə paytaxtın ümumi təhsil müəssisələrində çoxsaylı tədbirlər və “Dəyirmi masa”lar təşkil olunub.

Ø Paytaxt məktəbləri arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsi keçirilib. Müsabiqə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, gənc istedadları üzə çıxarmaq, uşaqlara milli və dini dözümlülük hissi aşılamaq, uşaqların təhlükəsiz, azad və xoşbəxt yaşamasına dəstək vermək məqsədilə təşkil olunub.

Ø “Fövqəladə hallar uşaqların gözü ilə” adlı uşaq yaradıcılıq müsabiqəsi keçirilib. Bakı şəhəri ilə yanaşı, respublikanın bütün şəhər və rayonlarının ümumi təhsil məktəblərini də əhatə edən müsabiqənin Təşkilat Komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub. Müsabiqədə ümumilikdə, 144 qalib müəyyən edilib. Qaliblərə TəhsilFövqəladə Hallar nazirliklərinin diplom və qiymətli hədiyyələri təqdim olunub.

Ø Təhsil müəssisələrində “Multikulturalizm sözdə və əməldə” mövzusunda mühazirələr keçirilib. Mühazirələrdə 2 583 şagird, 335 pedaqoji işçi iştirak edib.

Ø Eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi tərəfindən ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi İli” çərçivəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin izahı, təbliği və tədris prosesi ilə əlaqələndirilməsi məsələlərini əhatə edən tövsiyə xarakterli mühazirələr keçirilib. Şəhərin 12 rayonu üzrə 34 ümumi təhsil məktəbində təşkil edilən mühazirələrdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasının vacibliyi vurğulanıb, gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, dini radikalizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının aktuallığı qeyd olunub.

Ø IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək məqsədilə təhsil müəssisələrində məktəblilərin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş tədbirlər keçirilib.

Ø Ölkəmizdə keçirilən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri uğurla iştirak edərək qalib olublar. Belə ki, paytaxtdakı 138 nömrəli məktəbin XI sinif şagirdi Roman Heydərov karate idman növü üzrə I yeri tutaraq qızıl medalın sahibi olub. Bakı şəhəri 277 nömrəli məktəbin XI sinif şagirdi Jalə Piriyeva bədii gimnastika üzrə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Həmin məktəbin X sinif şagirdi Zöhrə Ağamirova bədii gimnastika üzrə qızıl medala layiq görülüb. Paytaxtdakı 248 nömrəli məktəbin XI sinif şagirdi Yuliya Stisyuk üzgüçülük idman növü üzrə komanda tərkibində III yeri tutaraq bürünc medalın sahibi olub.

Ø Qeyd edək ki, Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına paytaxt məktəbliləri fəal şəkildə dəstək verib və müxtəlif formalarda yaxından iştirak ediblər. Belə ki, Bakı məktəbliləri yarışlara həm də könüllü kimi qatılıb və oyunların təşkilində fəallıq göstəriblər.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə VIII, IX və X sinif şagirdləri üçün “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr keçirilib.

Ø “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib. Müsabiqə yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gənclərin üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub.

Ø Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planının icrası çərçivəsində paytaxtın ümumi təhsil müəssisələrində müvafiq tədbirlər keçirilib.

Ø Paytaxt məktəblərində “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirlər təşkil edilib. Tədbirlər uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda vətənpərvərlik, insanpərvərlik, sülhsevərlik, humanistlik ideyalarını gücləndirmək, onları milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək məqsədilə keçirilib.

Ø BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər təşkil edilib. Tədbirlər uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi mexanizminin daha da yaxşılaşdırılması, onların müdafiəsinin daha effektiv təmin olunması və məktəblilər arasında hüquqi maarifləndirmənin genişləndirilməsi məqsədilə keçirilib.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində əlamətdar günlərlə əlaqədar tədbirlər keçirilib. Belə ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi və 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təhsil müəssisələrində konfranslar, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər, fləşmoblar və idman yarışları təşkil edilib.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ictimai xadimlərin yubileylərinə həsr olunmuş silsilə tədbirlərkeçirilib.

Ø Bakı məktəblərində sağlam həyat tərzini təbliğ edən profilaktik tədbirlər keçirilib. Tədbirlər siqaret, narkomaniya kimi zərərli vərdişlər, İİV-QİÇS və digər yolxucu xəstəliklərə qarşı mübarizə sahəsində məktəblilərin məlumatlılıq səviyyəsini artırmaq, yeniyetmə və gənclərdə sağlam həyat tərzinə maraq formalaşdırmaq məqsədilə təşkil edilib.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.

Ø Azərbaycan Respublikası Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Gənclər-İdman Nazirliyinin birgə əmrinə əsasən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılması, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliği məqsədilə “Gənc xilasedici və yanğınsöndürən” Respublika yarışının Bakı şəhəri üzrə rayon birinciliyi və zona mərhələsi keçirilib.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin birgə təşkilatçılığı ilə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində məktəblilərə yol hərəkəti qaydalarını və yol mədəniyyətini öyrətmək məqsədilə “Qış mövsümündə yol hərəkətini təhlükəsiz başa vuraq!” mövzusunda maarifləndirici tədbirlər təşkil edilib.

Ø Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə 20 Yanvar faciəsinin iyirmi yeddinci və Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlər-sinif saatları, söhbət və mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, sərgilər, inşa yazı müsabiqələri keçirilib, sənədli və bədii filmlər nümayiş etdirilib, şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil olunub, divar qəzetləri, fotostendlər, guşələr hazırlanıb, pedaqoji işçilər və məktəblilərin Şəhidlər Xiyabanını və “Ana fəryadı” Xocalı abidəsinə ziyarəti təşkil edilib.

Ø Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar şəhərin təhsil müəssisələrində məktəblilər arasında“Xocalısız 25 il” mövzusunda rəsm-sərgi müsabiqəsi keçirilib. İlkin mərhələdə məktəblilərin təqdim etdikləri 600 rəsm işinə baxılıb. Onlardan 200 ən yaxşı rəsm işi seçilərək müsabiqənin şəhər mərhələsinə təqdim edilib. Seçilən işlər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Xocalısız 25 il” müsabiqəsinin yekun sərgisində nümayiş olunub.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri Türkiyə Cümhuriyyətində keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak ediblər. Festivalda “Mehriban” vokal və rəqs qrupunun və “Səma” yaradıcılıq qrupunun rəngarəng çıxışları maraqla qarşılanıb.

Ø Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aidiyyəti orqanlar, hökumət və qeyri-hökumət təşkilatları ilə birgə müxtəlif maarifləndirmə tədbirləri təşkil olunub. Belə ki, müvafiq dövr ərzində “Sağlam qida, sağlam nəsil”, “Sağlam təhsil, sağlam millət”, “Ailə Akademiyası”, “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması”, “Şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım”, “Mən həyatı seçirəm”, “Şagirdlərin düşüncəsində aqrar sahənin inkişaf yolları”, “Yol hərəkəti təhlükəsizliyi” mövzularında layihələr həyata keçirilib.

Ø Paytaxt məktəblilərinin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etmək və onların ekoloji biliklərini artırmaq məqsədilə “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi”, “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda I Respublika müsabiqələri və II Ekoloji Forumda iştirakları təmin edilib.

Ø IV İslam Həmrəyliyi Oyunlarını məktəblilər arasında təbliğ etmək, şagirdlərdə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-əmanlıq hisslərini aşılamaq, onları islam mədəniyyəti, incəsənəti və tarixi haqqında məlumatlandırmaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etmək məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən keçirilən “IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi”ndə paytaxt məktəblilərinin iştirakı təmin edilib.

Ø Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı əsasında Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərdən ibarət yürüş, fləşmob və konsertdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdlərinin iştirakı təmin edilib.

Ø Məktəblilər arasında “Şahin” hərbi-idman oyunları keçirilib. Hərbi-idman oyunlarının keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdir. “Şahin” hərbi-idman oyunlarında paytaxtın Nizami rayonunun komandası I yerə layiq görülüb.

Ø 2016-2017-ci tədris ilində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Məktəblilərin idmana olan marağının artırılması, bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə gənc idmançıların şəhər, respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirakına əlverişli şərait yaradılıb. Məktəblilər XXVIII Spartakiadanın proqramına daxil olan idman oyunlarında, qılıncoynatma, triatlon, atletika, xokkey, karate, üzgüçülük, həndbol və bu kimi digər turnir, yarış, festival və olimpiadalarda, “Mini futbol üzrə Bakı Şəhər Çempionatı”, “Respublika Festivalı”, “Formula 1” Azərbaycan Qran-Pri yarışlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri, “17 yaşadək yeniyetmələr arasında 15-ci UEFA Avropa Çempionatı”, “2000-ci il təvəllüdlü və daha kiçik yaşlı qızlar arasında voleybol idman növü üzrə festival”da iştirak ediblər.

Ø Paytaxtın idman məktəblərinin yetirmələri müxtəlif idman növləri, texniki və bədii yaradıcılıq üzrə beynəlxalq və respublika yarışlarında ümumilikdə, 246 qızıl, 208 gümüş, 302 bürünc olmaqla, 756 medal əldə edib.

Ø “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalı keçirilib. Ümummilli lider Heydər Əliyevin şahmatın inkişafındakı rolunu qeyd etmək, şagirdlər arasında şahmat idman növünün təbliği məqsədilə keçirilən festivalda 56 pilot məktəb üzrə 306 nəfər II, III, IV sinif şagirdləri iştirak edib.

Ø Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında basketbol, voleybol, badminton və mini-futbol üzrə turnirlər keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirlərdə V-IX sinif şagirdləri iştirak edib.

Ø Məktəblilər arasında voleybol idman növü üzrə festival keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunları ərəfəsində keçirilən festivalda 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı qızlar rəqabət aparıb. Festival çərçivəsində keçirilən “İdman uşaqların gözü ilə” rəsm-sərgi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrindən 150-ə yaxın rəsm işi daxil olub.

Ø Paytaxt məktəblərində fəaliyyət göstərən 25 nəfər fiziki tərbiyə müəllimi və Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası Azərbaycanda ilk dəfə keçirilən voleybol üzrə seminarda iştirak edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə razılığına əsasən keçirilən seminarı Avropa Voleybol Konfederasiyasının CEV İnkişaf Mərkəzinin peşəkar mütəxəssisləri aparıb.

Ø Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Cırtdan” yarışı keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən II-IV sinif şagirdləri arasında keçirilən yarış 4 növ üzrə – yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə təşkil olunub.

Daha bir dərs ilində paytaxtın ümumi təhsil müəssisələri tədris və məktəbdənkənar istiqamətlər üzrə parlaq uğurlara imza atıb, məktəblilərin hərtərəfli inkişafı baxımından qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. Bütün bunlar paytaxt təhsilinin ümumi keyfiyyət göstəricilərinin yüksəlişində, şagirdlərin olimpiada və bilik yarışlarında əldə etdiyi nəticələrdə özünü göstərir. Qeyd olunan istiqamətlər üzrə qazanılan nailiyyətlər 2016-2017-ci tədris ilində təhsili dəyərə çevirməyin mümkün olduğunu deməyə əsas verir.

(Visited 1 times, 1 visits today)