Universitet reytinqləri bəzi adamları niyə qıcıqlandırır?!

Dünyada yarış gedir. İnsanlar, kəndlər və şəhərlər, ölkələr, şirkətlər, idmançılar, elm və sənət adamları, məktəblər və universitetlər, tərif edənlər və qara yaxanlar, sevənlər və nifrət püskürənlər…, yarışır, rəqabət aparırlar. Nə üçün? Gücünü, kimliyini təsdiq etmək üçün, geridə qalmamaq üçün, qazandığı uğurları artırmaq üçün, xoşbəxt olmaq üçün.
Yarışın qaydaları var. İdmanda qazanılan xallarla, sənət aləmində müsabiqələrə düşmək və orada yaxşı yer tutmaqla, elm aləmində ciddi elmi problemləri həll edib mükafatlar almaqla, şirkətlərdə keyfiyyətli məhsul hazırlamaq və onu mümkün qədər çox satmaqla yarışda uğur qazanılır. Yarışlara, müsabiqələrə düşmək üçün seçim mərhələləri olur, bu mərhələləri keçənlər finala vəsiqə qazanırlar. Bu ifadələr, təbii olaraq, idman təəssüratı yaradır, lakin digər fəaliyyət sahələri də idmana bənzəyir. Elm adamlarının ilkin uğurlarını onların elmi məqalələri və mütəxəssislərin verdiyi qiymətlə ölçür və ən çox uğur qazanmış, məsələn, 3-5 alim mükafatı almağa namizəd olaraq son mərhələyə buraxılırlar, mükafatı verən komitə onların arasından qalibi və ya qalibləri seçirlər. Vokalçılar və fortepiano ifaçıları müəyyən edilmiş proqram üzrə jüri qarşısında çıxış edirlər.
Bəs universitetlər arasında yarış necə gedir, yarışın nəticələrini kimlər müəyyən edir və sıralama, yəni Reyting və ya Ranking necə aparılır? Bu barədə elm və təhsil mütəxəssisləri müzakirə aparır və tam konsensusa gələ bilmirdilər. Bəlkə müəllimlərin neçə faizi görkəmli elm adamlarıdır – bu hesablansın? Bəlkə məzunlar və müəllimlər arasında görkəmli şəxslərin faizi hesablansın? Bəlkə mütəxəssislər arasıda nüfuz sorğusu aparılsın?
Ali məktəblərdə keyfiyyəti qiymətləndirmək və onları sıraya düzmək barədə ilk ciddi addım 1983-cü ildə Amerika Birləşmiş Dövlətlərində (ABD) “US News and World Report” jurnalı tərəfindən atıldı. O zamandan bəri bu jurnal hər il ABD universitet və kolleclərini bütövlükdə və ayrı-ayrı ixtisaslar üzrə qiymətləndirir və sıraya düzür (reytinqi müəyyən edir).
Dünyanın qloballaşması, böyük miqdarda tələbələrin ali təhsil üçün bir ölkədən digər ölkələrə axını, təbii olaraq, dünya ali məktəblərini qiymətləndirmək, onları gücə görə sıralamaq ehtiyacını doğurdu. Bu çox çətin və çox məsuliyyətli işə Çinlilər başladılar. 2003-cü ildə (cəmi 13-14 il əvvəl) Shanghai (Şanxay) “Academic Ranking of World Universities” (ARWU) elan edildi. Nature və Science kimi nüfuzlu jurnallarda nəşr olunan məqalələr, Nobel mükafatçıları və Fields medalçılarına əsaslanan bu reyting sistemi çox maraqı və çox mübahisəli oldu. Məsələyə çox ciddi yanaşan ARWU 2016-cı ildə ilk yüz universitet sırasına Çinin özündən yalnız iki universitet daxil etmişdi (Tsinghua və Peking universitetləri).
Növbəti addım Böyük Britaniyada atıldı. 2004-cü ildə Times Higher Educastion Supplement (THES) qəzeti və Quacquarelli Symonds (QS) şirkəti birlikdə “THES-QS World University Rankings” adlı dünya universitetləri reytinqini elan etdilər. Bir çox göstəricilərə əsaslanan bu sistemdə yaxşı beynəlxalq jurnalarda elmi nəşrlər və mütəxəssislər arasında nüfuz aparıcı göstəricilər idi. Şərtləşmə əsasında THES qəzeti ilk iki yüz universitetin adlarını qəzetdə, QS isə ilk 500 universitetin adlarını internet vasitəsilə elan edirdilər. Dünyada universitet reytinqləri populyar oldu. 2009-cu ildə THES və QS-in yolları ayrıldı – onlar hər biri ayrılıqda reytinq işi ilə məşğul olmaq qərarına gəldilər. “Times Higher Education World University Rankings” (THE) və “QS World University Rankings” (QS).
İndi dünyada qəbul edilmiş, nəticələri ciddi təsir göstərən bu üç reyting sistemi mövcuddur. Elm və təhsil ictimaiyyəti, hökumətlər, media, tələbə və valideynlər bu üç reytingə xüsusi fikir verirlər. Üç məşhur qəzet və jurnal – “The Guardian”, “US News and World Report” və “The Chosun Ilbo” (ingilis, çin, yapon və koreya dillərində) QS reytinqinin nəticələrini dərc edirlər. Braziliya hökuməti öz universitetlərinin beynəlxalq əməkdaşlıq məsələsində QS reytinqinə əsaslanır və o ali məktəblərlə işbirliyini dəstəkləyir.
Əlbəttə, başqa dünya universitet reytinqləri cəhdləri də olmuş və vardır. Məsələn, öz universitetlərinin bu üç sistemdə yuxarı yer tuta bilməməsindən əsəbiləşən ruslar öz qlobal reytinqlərini elan etdilər və Moskva Dövlət Universitetini Harvard və Cambridge kimi universitetlərdən qabağa-beşinci yerə yerləşdirdilər. Lakin, bu, dünyada qəbul olunmadı və sonar ruslar özləri də bu işdən soyudular. “Webometrics” deyilən və dünydakı universitetlərin az qala hamısını əhatə edən reyting sistemi ali məktəb web-site`ləri, onlara linklər (kənarda sayta bağlantı olması), elektron resurslar kimi göstəricilər əsasında qurulmuş, mütəxəssislər və ictimaiyyət arasında nüfuz qazana bilməmişdir. Bir misal: Fövqəladə Hallar nazirliyinin akademiyası Dövlət Neft və Sənaye universiteti, Dövlət Dillər universiteti və Moskva Dövlət universitetinin Bakı filialı kimi ali məktəblərdən qabaqdadır, çünki öz saytı yoxdur, sayt olaraq Fövqəladə Hallar nazirliyinin saytından istifadə edir (nazirliyə aid linklər avtomatik ona da aid edilir).
İkinci hissə. 2017-ci il “QS World University Rankings” təqribən 26 min ali məktəb haqqında tədqiqat aparmış və Azərbaycandan iki universiteti öz reytinq sisteminə düşmüşdür: Xəzər universiteti 700-750-ci yerlər arasına (daha dəqiqi, 714-cü), Bakı Dövlət universiteti 800-850-ci yerlər arasına (daha dəqiqi, 812-ci) daxil olmuşlar. Bu böyük uğurdur! Nə Gürcüstan, nə də Ermənistan bu reytinqdə yer ala bilməyiblər. Hər iki universitetimizi və bütövlükdə ölkəmizi təbrik edirik!
Bu uğura sevinənlərlə yanaşı, çox təəssüf ki, bu uğura kölgə salmaq, qara yaxmaq, onu şübhə altına almaq, uğuru az qala “uğursuzluq” kimi qələmə verənlər olmuşdur. Bu qarayaxma bir tərəfdən qısqanclıq və kindən doğur, hadisə və faktları qəsdən təhrif etməyə gətirir, digər yandan isə məsələnin mahiyyətini anlamamaqdan irəli gəlir və oxucuları çaşdıra bilir. Guya QS universitetlərlə müqavilə bağlayır və ancaq müqavilə bağlayanları qiymətləndirir. Ağ yalandır! Hər üç məşhur reytinq sistemində ali məktəblərin heç biri ilə əlaqə qurmadan ilkin çox ciddi seçim gedir, yalnız bu seçimdən keçənləri diqqətlə araşdırmağa başlayırlar. 2017-ci il QS reytinqinin müəyyən edilməsində 74651 alim və 37781 digər peşə sahiblərinin güc və biliyindən istifadə olunmuşdur! Qarayaxanların yaratdığı çaşqınlığı az da olsa aradan qaldırmaq üçün biz yazımızı universitet reytingləri barədə məlumatla başlamalı olduq. QS sistemi universitetləri akademik nüfuz, işverənlər arasında nüfuz, adambaşına düşən yaxşı məqalə sayı, tələbə-müəllim nisbəti, beynəlxalq müəllimlər və beynəlxalq tələbələrə görə qiymətləndirir. QS, həmçinin THE bu məlumatların kiçik statistic hissəsini universitetlərdən alır və sonra özü yoxlayır, böyük qismini isə elm, təhsil və iş dünyasına əsaslanaraq əldə edir.
Bakı Dövlət universiteti oturmuş və elmi potensialı olan ali məktəbimizdir, Xəzər universiteti isə ilk özəl ali məktəbimizdir, Azərbaycan təhsil sisteminə yeni nəfəs gətirmiş, dürüstlük, halallıq, yüksək keyfiyyətin hökm sürdüyü, dünya ilə ayaqlaşa bilən, beynəlxalq aləmdə tanınan və hörmət edilən ingilisdilli universitetdir. Yaxşı elmi nəşrlərin az olduğu çağdaş zamanda Xəzər universiteti adambaşına düşən məqalə sayına görə, Bakı Dövlət universiteti isə ümumi məqalə sayına görə Azərbaycanda birincidirlər. Xəzər universiteti 6 göstəricinin cəminə görə 712-ci yerdə qərarlaşmış, lakin 3 göstəriciyə görə 253, 339 və 388-ci yerləri tutmuşdur!
Daha bir maraqlı dünya reytinqini yada salaq. Fransızlar (Fransız Konsultasiya və reyting Agentliyi SMBG (dünyada biznes idarəçiliyi üzrə magistr (MBA) proqramlarını qiymətləndirməyə başlamışdır. Onun yaratdığı Beynəlxalq Elm Komitəsi 153 ölkədə fəaliyyət göstərən 1000 ən yaxşı biznes məktəbini və onların (fakultəsini) və onların ən yaxşı proqramlarını (ixtisaslarını) elan etmişdir – ali məktəblərdən heç nə soruşmadan, heç bir məlumat istəmədən – yalnız çoxsaylı tanınmış mütəxəssislər arasında sorğuya əsaslanaraq! Xəzər universitetinin iqtisadiyyat və Menecment fakültəsi EDUNIVERSAL tərəfindən ən yaxşı biznes məktəblərinə verilən “Palma” mükafatına layiq görülmüş, fakültənin iki magistr proqramı – Menecment və Beynəlxalq İqtisadiyyat Orta Şərq və Avrasiyanın on ən yaxşı proqramı sırasına daxil edilmişdir! Təbrik edirik! Bu sırada başqa ali məktəbimiz yoxdur.
Böyük Sabir öz əsərlərində Azərbaycan və ümumiyyətlə, Şərq insanlarının həyat və psixologiyasını heyrətamiz şəkildə ifadə edə bilmişdir:
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz
Doludur lənət ilə, qeybət ilə söhbətimiz
Oxumaqdan payımız yox, yazıdan qismətimiz
Bu əvamlıqla belə hər sözü təfsir¹ edərik
Mümkün olduqca müsəlmanları təkfir² edərik.
(1.təfsir-izah, şərh, 2. təkfir-kafir elan etmək).
Gəlin, uğurlarımıza sevinək, uğur qazananlara təşəkkür edək, digərlərinin də uğur qazanmasına çalışaq. Tərsinə hərəkət etməyək, bunun heç kimə faydası yoxdur, buzəiflik, qısırlıq əlamətidir, atalar gözəl deyiblər: “pişiyin ağzı ətə çatmayanda onun adını iylənmiş qoyur”.(bizimxeber.az)
(Visited 1 times, 1 visits today)