Xaricdə oxuyanlar işə qəbul olunacaq

Tahir Kərimli alqışlayır, ancaq narazılığı da var

Öz hesabına təhsil alan tələbələrin işə qəbulu zamanı da bu qaydalara əməl olunmalıdır

Bir çox gənclərimiz təhsil almaq üçün Avropa ölkələrindəki universitetləri seçirlər. Amma çox yüksək səviyyədə təhsil alan bu gənclər bəzən ölkəmizə geri dönmək istəmir. Hazırda Azərbaycanda kifayət qədər xaricdə təhsil alıb ölkəyə dönən və işsiz qalan gənclər var.

Məhz buna görə də xaricdə təhsil alan gənclərin ölkəyə qayıdıb işləməsi əsas problemlərdən biri kimi qalmaqdadır. Təəssüf ki, bir sıra şirkətlər, təşkilatlar, nazirliklər də bu gənclərin hazır, Avropa dəyərlərini qavramış kadr kimi işə cəlb edilməsində maraqlı deyil. Ona görə də bir çox gənclər təhsilini başa vurduqdan sonra Avropadan qayıtmırlar, orada iş tapıb işləyirlər.
Ancaq qanunvericiliyə edilən son dəyişiklik sözügedən problemin aradan qalxacağına dair ümidləri artırıb. Bundan sonra Azərbaycanda dövlət proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu müsabiqə əsasında aparılmayacaq. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb. Həmin şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir.
Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.
İşlə təminat məsələsinə görə, xaricdə təhsil alan tələbələrin bir çoxunun ölkəyə qayıtmaq istəməməsi kimi faktları təsdiqləyən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimli məhz bu səbəbdən sözügedən sərəncamın təqdirəlayiq olduğunu deyib:
“Bu məsələ ilə bağlı qanuna dəyişiklik edilməzdən əvvəl də öz fikirlərimi bildirib, təkliflərimi vermişəm. Bildiyim qədəri ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın 33 universitetinə tələbə göndərilib. Dövlət həmin tələbələrin təhsili üçün vəsait ayırıb, indi də onların bir hissəsi işsizlikdən əziyyət çəkir. Güman edirəm ki, qanuna edilən müvafiq dəyişiklikdən sonra onların dövlət qulluğuna qəbulu müsabiqədən kənar aparılacaq. Sınaq və staj müddəti başa çatdıqdan sonra isə onlar idarə rəhbərliyi ilə müqavilə bağlayıb, daimi işə başlayacaq. 1 vakant yerə müraciət edənlər bir neçə nəfər olarsa, hansının işə qəbul edilməsi, idarə rəhbərinin verdiyi qərardan asılı olacaq. Bu zaman həmin şəxslərin sınaq müddətində gördükləri işin keyfiyyəti nəzərə alınacaq”.
Qeyd edək ki, bu qaydaların ancaq dövlət hesabına xaricdə təhsil alan tələbələrə şamil edilməsi T.Kərimlinin ürəyincə deyil. O hesab edir ki, dünyanın aparıcı universitetlərində öz hesabına təhsil alan tələbələrin işə qəbulu zamanı da bu qaydalara əməl olunmalıdır: “Eyni universiteti bitirib, eyni ixtisasa sahiblənən tələbələr arasında fərq qoymaq məncə ədalətli yanaşma deyil. Hansı ki, öz hesabına oxuyan tələbələr heç dövləti də əziyyətə salmayıb, bütün xərclərini özü çəkib”.
Şəymən