Yenidən kiril əlifbasına keçə bilərikmi?

“Rusiya nazirinin imperiya təfəkküründən qaynaqlanan təklifini qəbul etmək olmaz”

Dünən Yaltada keçirilən və “Rus dünyası və rus dili: tarixi köklər və inkişaf istiqamətləri” mövzusuna həsr olunmuş III Livadiya Forumunun plenar iclasında çıxış edən Rusiya Federasiyasının Elm və Təhsil naziri Olqa Vasilyeva MDB ərazisində vahid əlifbaya keçməyi təklif edib. 

Son on ildə keçmiş Sovet respublikalarında latın və ərəb şriftlərindən istifadənin geniş yayılması, rus dilində danışan insanların sayının azalmasından narahatlığını bildirən nazir “İndi biz MDB ərazisində vahid şriftə qayıtmalıyıq. Bu, kiril şriftləridir.  Çünki sorğuların nəticələri də göstərir ki, əhalimiz, yaxın xaric kiril şriftlərinə bağlıdır və ona qayıtmağın vacibliyini müzakirə edir” deyərək Rusiyanın bu məsələdə açıq mövqe sərgiləməli olduğunu vurğulayıb.

Bəs sözügedən təklifin ünvanlandığı MDB ölkələri, məsələn, ötən əsrdə bir neçə dəfə əlifba dəyişikliyinə məruz qalmış, artıq 27 ilə yaxındır ki, latın qrafikası ilə yazıb-oxuyan böyük bir nəsil yetişmiş Azərbaycanda bu haqda nə düşünürlər? Yenidən kiril şriftlərinə qayıtmaq fikri nə qədər realdır? Əgər belə bir hal baş verərsə, bunun Azərbaycan xalqına hansı zərərləri və ya faydaları ola bilər?

Xəbər365.com bu suallarla mütəxəssislərə müraciət edib.

Jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli rusiyalı nazirin təklifini cəfəngiyyat adlandırıb: “Rusiyalı nazirin kiril əlifbasına keçməklə bağlı təklifi cəfəngiyyatdan başqa bir şey deyil. İndiki halda əlifba dəyişmək nəinki mümkünsüz, hətta arzuolunmazdır. Son yüz ildə bizdə 3-4 dəfə aparılmış əlifba dəyişikliyi xalqın tarixən yaratdığı mədəni sərvətləri mənimsəməsini ciddi şəkildə çətinləşdirib. Bu gün işlətdiyimiz latın əlifbası Azərbaycanın dövlət müstəqilliyinin məhsulu və rəmzidir. Ona görə də Rusiya nazirinin imperiya təfəkküründən qaynaqlanan “dahiyanə” təklifini qəbul etmək olmaz”.

Qulu Məhərrəmlinin fikrincə, əlifba dəyişikliyi Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də ciddi mənəvi-humanitar problemlər yarada bilər: “Əlbəttə, Azərbaycanın 200 ilə yaxın müddətdə sıx bağlandığı Rusiya mədəni  mühiti ilə təmaslarını davam etdirməsi, eləcə də MDB mədəniyyət məkanına  inteqrasiya olunması normal prosesdir. Bu prosesdə rus dili normal körpü rolunu oynaya bilər. Deməyim odur ki, bu mədəni-inteqrativ mübadilədə latın əlifbasını dəyişməyə, milləti yenidən  qırx arşınlıq quyuya salmağa heç bir lüzum yoxdur”.

“Kiril əlifbasına qayıdış keçmişə qayıtmaq demək olardı”

Xəzər Universitetinin dosenti Vurğun Əyyub O.Vasilyevanın, MDB məkanının niyə vahid kiril əlifbasına keçməli olduğunu elmi baxımdan əsaslandıra bilmədiyini deyib: “Əvvəla, onu deyim ki, rusiyalı nazirin fikirləri daha çox siyasi məqsədlərlə söylənilib. Rusiyanın itirilmiş mövqelərini yenidən bərpa etmək istəyi açıq-aydındır. Xanım Vasilyeva yaxın xaricin, yaxud MDB məkanının nədən, hansı ehtiyacdan vahid kiril əlifbasına keçməsini elmi baxımdan əsaslandıra bilməyib. O, adını belə çəkməyi “unutduğu” hansısa şübhəli sorğu nəticələrindən danışır. MDB adlanan məkanda müxtəlif və fərqli dilə mənsub xalqlar yaşayır. Hər xalqın dilində özünəməxsus səslər var. Bu səsləri ifadə ifadə edə biləcək vahid əlifbanın yaradıla bilməsi mümkün görünmür. Neçə illərdir türk xalqları üçün vahid əlifbanın yaradılması və işlək hala gətirilməsi, bir-birinə hədsiz dərəcədə yaxın olan Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin əlifbasında mövcud olan kiçik fərqlər belə xeyli problemlər yaradırsa, görün, o zaman bir-birinə yad olan dillər üçün vahid əlifba yaradılması hansı problemləri ortaya çıxarar”.

Vurğun bəyin sözləriə görə, MDB məkanında vahid əlifba yaradılması zərərli tendensiyadır və kiril şriftlərinə qayıdış keçmişə qayıtmağa bərabərdir: “MDB məkanında vahid əlifba yaradılmasını və bu əlifbadan istifadəni qeyri-mümkün hesab edirəm, hətta ziyanlı olduğunu düşünürəm. Biz, bu istiqamətdə düşünmək əvəzinə, ortaq dəyərlərə malik türk xalqlarını birləşdirən, onların elmi-pedaqoji, mətbu məhsul və uğurlarını bütün türk dünyası üçün yazılı mətnlərə çevirə biləcək vahid əlifba istiqamətində fəaliyyət göstərməliyik. Kiril əlifbasına qayıdış keçmişə qayıtmaq demək olardı. Kiril əlifbasının qüsurları, perspektivsizliyi haqqında dilçi alimlərimiz vaxtilə kifayət qədər aydın elmi mülahizələr söyləyiblər”.

AMEA Hüseyn Cavid Ev MuzeyininCavidşünaslıq şöbəsinin müdiri, dosent Şəmil Sadiq isə rusiyalı nazirin təklifini belə dəyərləndirib: “Düzünü deyim, bu dünyaya etibarım yoxdur, hər şey ola bilər. Hətta Dağıstandan Hindistana kimi Böyük Azərbaycan da qurula bilər ki, Rusiyanın tərkibində olan muxtar türk respublikaları müstəqil dövlət kimi meydana çıxar. Bütün bunlarla yanaşı, Rusiyanın da arzusu reallaşa bilər. Amma düşünürəm ki, bu da bir xülyadır. Zaman ona gedir ki, vahid dil, vahid əlifba olacağı kimi görünür. Çünki dilçilikdəki proseslər bunu göstərir. Dünyada artıq elə bir xalq yoxdur ki, latın əlifbasını oxuyub-yaza bilməsin. Bu hadisə nə qədər siyasi olsa da, bir qədər də təbii prosesdir. İnsan hər şeyi özü üçün asanlaşdırmağa can atır. Mən yuxuda belə ağlıma gətirmərəm ki, bizi yenidən kiril əlifbasına keçirik. Olarsa belə, heç bir halda faydası olmaz. Bunun  düşüncəsi belə qorxuncdur. Sadəcə, bu, qocalmış bir qadının keçmişdə yaşadıqları həzzi dilə gətirməsidir”.

Xatırladaq ki, Azərbaycan Respublikası müstəqilliyi elan edəndən sonra, 1991-ci ildə latın qrafikasının bərpası barədə qərar qəbul edib. Həmçinin Özbəkistan və Türkmənistanda da latın qrafikasından istifadə olunur. Qazaxıstan isə 2025-ci ilə qədər tamamilə latın qrafikasına keçəcəyini bəyan edib.

Müəllif: Aygün Aslanlı

(Visited 1 times, 1 visits today)