AMEA-nın əməkdaşlarına “Web of Science” üzrə sertifikatlar təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin və “Thomson Reuters” agentliyinin Moskva və Kiyev nümayəndəlikləri tərəfindən “Web of Science” məlumat platforması üzrə keçirilən sertifikasiya proqramı başa çatıb.

AZƏRTAC xəbər verir ki, AMEA-nın akademik-katibi, İnformasiya və Texnologiyalar İnstitutunun direktoru, akademik Rasim Əliquliyev proqram iştirakçılarına sertifikatları təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, sertifikat almış mütəxəssislər işlədikləri təşkilatlarda “Web of Science” platforması üzrə məsul şəxs qismində fəaliyyət göstərəcəklər.

Sertifikasiya proqramında AMEA-nın 20 elmi-tədqiqat müəssisəsindən məsul şəxslər iştirak edib.

Proqramda iştirakçılara “Web of Science Core Collection”ın yaranma tarixi, əsas prinsipləri, istinadların analizi, məlumat bazası, “ResearcherID” istifadəçisinin profili və s. barədə ətraflı məlumat verilib. İştirakçılar “Journal Citation Reports”un jurnallarının strukturu və interfeysi, “EndNote online” vasitəsilə biblioqrafiya üzərində iş, məlumat bazasında təşkilat üzrə genişləndirilmiş axtarış, “InCites” analitik platformasından istifadə qaydalarına dair biliklərə yiyələniblər.