“Doğma yurda qayıtmaq istəyinə boy verən Zəngilan lətifələri”

Bu günlərdə Zəngilan rayon Ağsaqqallar Şurasının sədr müavini Asif Bagırovun “Doğma yurda qayıtmaq istəyinə boy verən Zəngilan lətifələri” adlı kitabı çap olunub. Kitabın redaktoru şair-publisist Salam Cavadlıdır.
Müəllif zaman-zaman ağızdan-ağıza gəzən canlı lətifələri, olmuş əhvalatları, sahibi tanınan deyimləri kitabda cəmləşdirib. Bəhs etdiyimiz kitab görkəmli şəxsiyyətlərlə yanaşı, sadə insanlarla bağlı şux lətifələr, şən zarafatlar, maraqlı əhvalatlar, yerində verilmiş sərrast cavablar toplusudur. Lətifələrin əksəriyyətinin yaranma tarixi işğaldan əvvələ təsadüf etsə də, yazıya köçürülməsi 2000-ci illərə aiddir. “Zəngilan lətifələri” kitabına 200-ə yaxın lətifə daxil edilmişdir.
Kitabdakı lətifələr real həyat hadisələridir. Müəllifin də qeyd etdiyi kimi bu lətifələri dəqiqləşdirmək üçün onların iştirakçıları ilə də görüşüb. Nəzərə çatdıraq ki, kitab təkcə lətifələrdən ibarət deyil. Burada lətifə iştirakçılarının, o cümlədən ziyalıların şəkilləri də öz əksini tapıb. Bu da işğal olunmuş rayonun tarixi keçmişi, ictimai həyatı haqqında geniş məlumatlı əsər kimi diqqəti cəlb edir. Zəngilan lətifələri həm də bizim folklor nümunələrimizin bir növüdür.