“Hamımız texnoloji alətlərin əsirinə çevrilmişik” – QORUNUN !

“Hazırda 10 yaşı olan oğluma 6-7 il əvvəl nağıl danışanda heyranlıqla qulaq asırdı. Amma indi həmin yaş ərəfəsində olan qızım nağıla maraq göstərmir”
Son zamanlar kiçik yaşlı uşaqlar arasında danışa bilməmək, nitq qüsurları geniş yayılıb. Əksər valideynlər övladının hətta 3 və daha yuxarı yaşda olmasına baxmayaraq, danışa bilməməsindən şikayətçidirlər.
Psixoloqlar və həkimlər isə bu problemlərin əksəriyyətinin televizor, telefon, planşet kimi vasitələrə olan aludəçilikdən qaynaqlandığını iddia edir.
Məsələ barədə Sherg.az-a danışan sosioloq, jurnalist Lalə Mehralı da bunun haqlı irad olduğunu deyir. 2 övlad anası olan sosioloq elə özünün də bu problemdən əziyyət çəkdiyini bildirib:
“3 yaşlı qızım da tam sərbəst danışmır. Düzdür, mən gün ərzində 4-5 saat cizgi filminə baxmağa icazə vermirəm, amma ən az 1 saat baxır. Telefon, planşetdən uzaq saxlayıram, lakin danışması tam inkişaf etməyib. Həkimlər – nevropotoloq, loqoped, psixoloq, pediatr – hamısında müayinədə olduq, heç bir çatışmazlıq yoxdur, “dövrün uşaqları sadəcə tənbəldir” dedilər.
Amma uşaqlar tanıyıram ki, gündə ən az 7-8 saat texnoloji alətlərin əsirliyindədir, tam sərbəst danışır. Fikrimcə, həm texnoloji yenilik, həm dövrün bəzi problemləri sərbəst danışmağa imkan vermir uşaqlara. Məsələn, valideynlər uşaqları ilə danışmır, dindirmir, söylətmir, uşağın kompüter və televizor qarşısında vaxt keçirməsi valideynə imkan verir ki, işlərini görə, qayğıları ilə məşğul ola bilsin. Axı ailələrin çoxunda böyük yoxdur, ata, ana və uşaqlardan ibarətdir. Ata işdə, ana ev qayğıları ilə məşğul, uşaqlar tək böyüyür. Çox ailədə isə tək uşaqdır. Bu halda bağça və ya məktəbəqədər hazırlıq kursları köməyimizə yetir. Belə kimi məkanlarda uşaqlar öz yaşıdları ilə çox ünsiyyətdə olduğu üçün danışığı, nitqi yaxşı inkişaf edir”.
Öz uşaqlığını xatırlayan L.Mehralı deyib ki, əvvəllər nənə-babaların dizinin dibində hər gecə nağıla qulaq asardıq, bu bizim düşüncəmizə, söz ehtiyatımıza böyük kömək edirdi:
“Hətta ədəbiyyat dərsindən əla qiymət alanlar vaxtilə nağıla çox qulaq asanlar olurdu. Hazırda 10 yaşı olan oğluma 6-7 il əvvəl nağıl danışanda heyranlıqla qulaq asırdı. Amma indi həmin yaş ərəfəsində olan qızım nağıla maraq göstərmir. Çünki nağıl hərəkətli deyil, cəlbedici səsləri yoxdur, effektlərdən istifadə edilməyib. Hamımız bu texnoloji alətlərin əsirinə çevrilmişik. Onlar həyatımızın bir parçası halını alıblar. Bizi əsir götürüblər. Amma bu əsarəti övladlarımızdan maksimum uzaq saxlamağa çalışmaq lazımdır”.
Aysel Aslan