Hollandiyanın məşhur ensiklopediyasında Üzeyir Hacıbəyli ilə bağlı məqalə yayımlanıb

Hollandiyada yayımlanan  romanticnationalism.net internet ensiklopediyasında, dahi bəstəkarımız Üzeyir Hacibəyovla bağlı məqalə yayımlanıb. Məqalənin müəllifi  Amsterdam Universitetinin müəllimi, Azərbaycan ədəbiyyatı  və incəsənətinin  tədqiqatçısı  Sara Krombahdır. Sara xanım eyni zamanda Lahey Kral Konservatoriyasını bitirib, ölkəsində və Avropada tanınan bir pianoçudur. Sara Krombahın olduqca zəngin repertuarı var. Bax, Bethoven, Şopen ve digər dünya klassiklərin əsərləri ilə birlikdə   Üzeyir Hacıbəyov və Fikrət Əmirov kimi bəstəkarlarımızın əsərləri də onun proqramında önəmli yer tutmaqdadır. İndiyə kimi bir çox musiqi albomları işıq üzü görüb. Bu albomlarda türk və Azərbaycan  bəstəkarlarının əsərlərinə də geniş yer ayrılıb.
Moderator.az xəbər verir ki, Sara Krombah bir elm adamı kimi Azərbaycan bağlı bir çox araşdırmalar aparıb. Yeri gəlmişkən, onu da deyək ki, müdafiəyə hazır olan namizədlik elmi işi  ünlü  Azərbaycan elm adamı, tarixçi  Ziya Bünyadovun  həyat və yaradıcılığına həsr olunub.
 
Elmin Nuri