İmtahanda yüksək bal toplamağın – Qızıl qaydaları

İmtahana bütün qohumları yığıb aparmaq lazım deyil. Yaxşı olardı ki, ya analarını, ya da dostlarını özləri ilə gətirsinlər.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov ali məktəbə qəbul imtahanına hazırlaşan abituriyentlər haqda Axar.az-a danışarkən deyib. O, xüsusən valideynlərə bəzi ciddi məsələlərdə xəbərdarlıq edib:

“Qəbul imtahanı sadə prosesdir. Bizdə isə buna insanların taleyini, müqəddəratını təyin edən bir məsələ kimi yanaşırlar. Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur. İmtahana artıq 3 gün qalıb. Yaxşı olardı ki, bu müddət ərzində valideynlər övladlarına qayğı ilə yanaşsınlar. Arzuolunmaz nəticə olacağı təqdirdə belə onlara qarşı müəyyən cəza tədbirləri həyata keçirməsinlər. Abituriyenti psixologiyasına təsir göstərə bilən hadisələrdən, xəbərlərdən uzaq tutmaq lazımdır. Bu müddətdə abituriyentlər fizioloji problemləri ilə, yəni ürəkbulanma, tərləmə, soyuqdəymə və s. hallarla mübarizə aparmalıdırlar. Valideynlər onların səhhətinə daha çox diqqət etməlidir”.

Ekspert imtahan günü abituriyentlərə rahat paltar geyinməyi də məsləhət görüb:

“İmtahan günü abituriyent rahat geyim geyinməlidir. Onlar ayaqlarını və bədənini sıxan ayaqqabı və paltardan imtina etməlidir. Məsləhətdir ki, qol saatından başqa digər aksesuarlardan istifadə etməsinlər. İmtahana isə mütləq üzərində reklam yazısı olmayan buzlu su aparmaq lazımdır. Əvvəlcə daha yaxşı hazırlaşdığı fəndən başlasalar yaxşıdır. Bu zaman onlarda özünəinam yaranacaq. Sual kitabçasında hansı variantı yazıblarsa, cavab kartına da həmin an mütləq onu qeyd etsinlər. Lakin əvvəlcə sualın cavabını düzgün yazdıqlarını ciddi şəkildə yoxlasınlar. Belə etsələr, səhv cavabların qaralanması, sürüşdürmə kimi hallarla qarşılaşmayacaqlar”.

Qeyd edək ki, ali məktəblərə qəbul olmaq üçün 2-ci və 3-cü qrup üzrə imtahanlar iyulun 14-də , 1-ci və 4-cü qruplar isə iyulun 22-də imtahan verəcək.

 

(Visited 3 times, 1 visits today)