“İranda azəri xalqı yoxdur, olmayıb da…” – MÜSAHİBƏ

Aida Qasımova: “Biz istəsək də, istəməsək də dünya bizi azəri türkü kimi tanıyır”

“Londonda keçirilən bir konfransda “Klassik Azərbaycan şeirində Quran mənaları” mövzusunda məruzəm olub…”

“MTN arxivində Salman Mümtazın cinayət işinin materialları ilə tanış olduqdan sonra belə bir nəticəyə gəldim ki, onun ən dəyərli əlyazmaları bir yük maşınında naməlum istiqamətdə aradan çıxarılıb”

Müsahibimiz Bakı Dövlət Universitetinin professoru, ərəbşünas alim, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın qızı Aida Qasımovadır. Aida xanımla  geniş  müsahibəni oxucularımıza təqdim edirik.

– Aida xanım, Siz ölkəmizdə ədəbiyyatşünaslar arasında mütəmadi olaraq xarici ölkələrdə nəşr edilən nüfuzlu jurnallarda çap olunan azsaylı mütəxəssizlərdən birisiz. Bu, Sizin üçün çətindir, yoxsa…?

– Əlbəttə, ilk vaxtlar çox çətin idi. Təsəvvür edin ki, Avropa və Amerikada bütün şərqşünaslıq mərkəzlərində fars alimləri aparıcı mövqedədir. Mənim yazılarım isə azəri-türk şeiri ilə bağlıdır. Bir yazını çap etdirənəcən o qədər haqsız mənfi rəylər almışam ki. Rəylərin birində hətta Şah İsmayıl Xətainin türkcə şeirlərinin olması belə danılırdı. Xarici jurnallarda qayda belədir ki, rəyçi haqsız olsa da, onun sözü keçir. Xüsusilə, “Middle Eastern Literatures” adlı jurnal bizim irsə qarşı qeyri-obyektiv mövqedədir. Anonim rəyçilər bəzən mənim yazılarımı əsası, kökü olmayan yanlış bir irsin tədqiqi kimi rədd edirdi. Onların fikrincə, mən məqalələrimdə ya fars, ya da osmanlı irsindən danışmalı idim. Guya Orta əsrlərdə Azərbaycan ədəbiyyatı adlı bir irs mövcud olmayıb. Uğursuzluqlarım çox oldu. Amma mən ruhdan düşmədim. Həmin jurnalın qaytardığı üç məqaləmin üçünü də mən sonradan heç də MEL-dən geri qalmayan nüfuzlu jurnallarda nəşr etdirdim.

– Buna necə nail oldunuz?

– Mənim Azərbaycan ədəbiyyatı ilə bağlı mövzum özü olduqca cəlbedicidir. 2001-ci ildə müdafiə etdiyim doktorluq mövzum “Qurani Kərim XİV-XVİ əsrlər Azərbaycan Ədəbiyyatının ideya-bədii qaynaqlarından biri kimi” adlanırdı. Son proyektim “Klassik azəri-türk şeirində Gözəlin üz cizgilərinin vəsfi ilə bağlı Quran simvolizmi”dir. 2013-cü ildə Edinburq və London Universitetlərinin nəşri olan “Journal of Quranic Studies”də “Klassik azəri-türk şeirində zülfün vəsfi ilə bağlı Quran simvolizmi” adlı məqaləm qəbul olunub, nəşr edildi. Birləşmiş Ştatlarda “İslamic İmages and İdeas” adlı bir topluda klassik şeirimizdə qaşların vəsfi ilə bağlı Quran simvolizmini nəşr etdirdim. Qlobal Faculty qrant proqramının qalibi olmağım bu istiqamətdə araşdırmalarıma kömək etdi. Gözlərin vəsfi ilə bağlı Quran simvolizmindən yazarkən, mən V.Minorski, K.Bürill, F.Köprülü, E.Gibb, A.Qallaqher və başqa alimlərin əsərlərinə istinadən klassik azəri-türk ədəbiyyatının uydurma bir irs olmayıb, Qərb şərqşünaslığında son 70 ildə “yaddan çıxmış” bir irs olduğunu sübuta yetirdim. Qrant proqramı çərçivəsində yazdığım “Klassik azəri-türk şeirində gözlərin vəsfi ilə bağlı Quran simvolizmi məqaləmi” (55 səh.) olduqca nüfuzlu, “Thomson Reuters” indeksli “Oriens” jurnalında nəşr etdirdim. Bu məqaləmin əvvəlində mən Orta əsrlər Azərbaycan ədəbiyyatının sərhədlərini müəyyənləşdirib, onun Osmanlı və Fars ədəbiyyatları arasında öz xüsusi mövqeyinin olmasını sübuta yetirdim. Əvvəllər başqa jurnallardan aldığım yanlış rəylərə də bir növ cavab verdim. Ümumiyyətlə, ərəb, rus, ingilis və türk mənbələri ilə tanışlıq imkanımın olması işlərimi irəli salır. Qərb şərqşünaslığı xüsusilə rus alimlərinin əsərlərinə istinadları yüksək qiymətləndirir. Çünki rus, xüsusilə Peterburq şərqşünaslıq məktəbi dünyaca məşhur olsa da, rus dilini bilmədiklərindən Avropa alimləri bu irslə tanış olmaqdan məhrumdurlar.

– Yəqin ki, xarici ölkələrdə klassik irsimizin təbliği ilə bağlı çıxışlarınız çox olub…

– Bəli, mən 2010-cu ildə “Azərbaycanda ərəbdilli ədəbiyyat; Sufi poeziyasına xüsusi istinadla” mövzusunda Yel (Yale) Universitetinin Şərqşünaslıq fakültəsində məruzə ilə çıxış etmişəm. 2011-ci ildə Kembric (Cambridge) Universitetində “Azərbaycanda ərəb əlyazmaları” mövzusunda məruzə ilə çıxış etdim. 2013-cü ildə  Belçikada keçirilən bir konfransda Orta əsrlər ərəb dilçi alimi İsmayıl əl-Cövhərinin “Sihah” lüğətinin Əlyazmalar institutundakı qədim əlyazma nüsxəsi barədə skayp vasitəsi ilə çıxışım olub. Həmin çıxışımı məqalə kimi “Thomson Reuters” indeksli “Journal of Arabic Literature”də nəşr etdirmişəm. Bundan əlavə Londonda keçirilən bir konfransda “Klassik Azərbaycan şeirində Quran mənaları” mövzusunda məruzəm olub. Dyuk (Duke) Universitetində “Azərbaycanda ərəb dilini tədrisi və Ələsgər Məmmədovun dərslikləri” adlı məruzə ilə çıxış etmişəm. 2016-cı ildə həmin universitetdə “Klassik azəri-türk şeirində şahid obrazı” barədə məruzəm olub. Əsas ixtisasım olan ərəb ədəbiyyatı ilə bağlı Oksford (2010)  və Villanova (2009) universitetlərində məruzələrim olub.

– Siz daim “azəri” sözünü işlədirsiz. Bəzən bu söz bir fars toplumu ilə əlaqələndirilir…

– Bəli, mən bu sözü işlədirəm. Biz istəsək də, istəməsək də dünya bizi azəri türkü kimi tanıyır. “Azəri” Azərbaycanın ərəb dilindəki nisbi sifət formasıdır. Nisbi sifətlər bəzən sözün qısaldılmış forması ilə işlədir: Təbəristan–təbəri, Hadramaut–hadrami və s. Bu sözü bir fars toplumu ilə  əlaqələndirən əslən Azərbaycandan olan İran alimi Əhməd Kəsrəvi olub. O, özü fikrini isbata yetirmək üçün əlində kifayət qədər faktların olmamasını etiraf etdiyi halda, bizim başabəla alimlər guya İranda beş (əlli deyən də var) minlik bir azəri xalqının olduğunu söyləyib, bu sözü qadağan etdilər. Halbuki belə bir xalq yoxdur. Olmayıb da. Əldə isə Səfiyəddin Ərdəbilinin talış dilinə yaxın bir ləhcədə iki qitəsindən başqa heç nə yoxdur. Firudin müəllim, sağ olsun ki, bu barədə mənim nəzərimi Kanadada yaşayan azərbaycanlı alim Əlirza Əsgərzadənin tədqiqatına yönəltdi. Onun fars şovinizminə qarşı yönəlmiş kitabı ( Iran and the Challenge of Diversity, New York: Palgrave Macmillan, 2007), mənim fikrimcə, mütləq Azərbaycan dilinə çevrilməlidir. Əsərlə Dyuk Universitetinin kitabxanasında tanış oldum. Təsəvvür edin ki, bu, rəflərdə olmayan xüsusi bir kitabdır. Fürsətdən istifadə edib kitabı skan etdim. Maraqlanan olsa, email göndərib tanış ola bilər. Maraqlı haldır ki, Əlirza müəllim “azəri” sözünün “xəzər” sözü ilə bağlılığı barədə Firudin Cəlilovun fikrini qəbul edir. Jirinovski də belə bir fikir söyləmişdi, deyilmi? Amma o, “xəzər”i ruslaşdırıb “kaspi” adlandırmışdı.

– Hansı əsərinizi daha yüksək qiymətləndirirsiz?

– 2005-ci ildə Səudiyyə Ərəbistanında, əl-Faysal jurnalında nəşr olunan “Qırmızı terror qurbanları” yazımdan çox razıyam. Bu mənim şah əsərimdir. Bir də 2015-ci ildə “Journal of İslamic Manuscripts”də Salman Mümtazla bağlı bir yazım nəşr olunub. Bu jurnal da “Thomson Reuters” indekslidir. Bu yazıya görə də məmnunluq hissi keçirirəm.

– Bəs həmkarlarınız Sizin fəaliyyətinizi necə qiymətləndirir?

– İçərilərində sevinənlər daha çoxdur. Hərdən qısqanc yanaşanlar da olur. Bəzən səviyyəsiz adamları üzərimə salıb məni öz fəaliyyətimdən yayındırmaq, mənasız davalara cəlb etmək istəyirlər. Amma boş verirəm. Çünki artıq yaşa dolmuşam, küləyin hardan əsdiyini bilirəm. Kömək edənlər də olub. Xüsusilə, Əlyazmalar İnstitutunun mərhum direktoru Məmməd müəllimin mənə çox yaxşılığı keçib. Bəzən də paxılıq edirlər, mənfi rəy formalaşdırmaq istəyirlər. Məsələn, görürsən deyirlər: “Sihah” bizdə işlənib də…”. Düzdü, “Sihah” işlənib, amma mən “Sihah”ın Bakı nüsxəsinin haşıyə yazılarındakı ərəb poeziyası ilə bağlı məsələləri araşdırmışam. Məqaləm belə də adlanır: “Marginal Discourses on Arabic Poetry”. Mən nəinki Azərbaycanda, ümumiyyətlə dünya ərəbşünaslığında az işlənən bir mövzuya toxunub dilçilik lüğəti ilə poeziya məsələlərini bir müstəviyə gətirmişəm. Eləcə də üz cizgilərinin vəsfi ilə bağlı Quran simvolizmi də öz mövzum, öz malımdır. Bir dəfə biri deyir: “Salman Mümtazdan o qədər yazan var, niyə ondan yazmısız”? Başa düşə bilmirəm, əgər mən Salman Mümtazı dünyaya tanıtmışamsa, bunun nəyi pisdir? Həmin adama cavab verdim ki, düzdü yazanlar olub, hətta Ədalət Tahirzadə bu barədə mənə bir çox materiallar verib, kömək edib. Amma mən 1963-cü ildə Salman Mümtazın kitabxanasının bir çox alimlər tərəfindən tərtib edilən əlyazma kitablarının siyahısı üzərində yenidən işlədim. Ərəb, fars, türk dillərində olan iki yüzdən artıq kitabın tam adını, müəlliflərin tam adını müəyyənləşdirdim. Həmin siyahıda kitabların əksəriyyətinin müəllifi belə göstərilməyib, kitab adları ixtisarla yazılıb. Bu işə təxminən bir ay vaxt sərf etdim. Çünki, hər hansı bir səhv bütün işimi gözdən sala bilərdi. Onu da qeyd edim ki, mən Salman Mümtazın əlyazma kitabxanasının çox güman ki, hansı kitabxanadasa mövcud olması və bu irsin axtarılmasının vacibliyi qənaətindəyəm. MTN arxivində Salman Mümtazın cinayət işinin materialları ilə tanış olduqdan sonra belə bir nəticəyə gəldim ki, onun ən dəyərli əlyazmaları bir yük maşınında naməlum istiqamətdə aradan çıxarılıb, yalnız iki çamadan və üç bağlama kitab Mümtazın özü ilə NKVD-yə aparılıb. Ona görə də, mənim fikrimcə, Salman Mümtazın əlyazma kitabxanasının axtarılması ən yüksək səviyyədə gündəmə gəlməlidir.

– İndi hansı proyekt üzərində işləyirsiz?

(Ardı var)

Elnur Eltürk

(Visited 1 times, 1 visits today)