“Kiberhücumlar artan xətlə davam edəcək”

Osman Gündüz: “Təhlükəyə qarşı adekvat addımlar atılmalıdır”

“Əfsuslar olsun ki, bizdə kiber cinayətkarlıqla bağlı səlahiyyət bölgüsündə müəyyən problemlər var”

“Elə dövlətlər var ki, məqsədyönlü şəkildə kiber hücumları həyata keçirən haker qruplar saxlayırlar”
Son zamanların ən ciddi problemlərindən biri kiberhücumların geniş vüsət almasıdır. İnternetin inkişafı müsbət tərəfləri ilə yanaşı, qanunsuz hakerlik fəaliyyətinin yayılmasına da şərait yaradıb. Müxtəlif dövlət strukturlarının və bank sistemlərinin elektron məlumat və idarəetmə mərkəzlərinin kiberhücumlara məruz qalması xəbərlərinə tez-tez rast gəlirik. Bu cür hücumlardan hətta informasiya texnologiyaları sahəsində xüsusi nailiyyətləri olan inkişaf etmiş dövlətlər də xilas ola bilmirlər.
Kiber cinayətkarlar əvvəlcə kiçik əməliyyatlarla, şantaj və hədələmə yolu ilə müəyyən miqdarda maddi təzminat ödəməyi tələb edirdilərsə, artıq bu əməliyyatlar siyasi xarakter almağa başlayıb. Bir sıra ekspertlərə görə, hakerlərin dövlət sirri olan informasiya mənbələrinə daxil olması ciddi konflikt ocaqlarının yaranması ilə nəticələnə bilər. Xatırladaq ki, zaman-zaman Azərbaycanın dövlət qurumlarına da xarici qüvvələr tərəfindən kiberhücumlar edilib. Narahatlıq doğuran məsələ ilə bağlı “Şərq”in suallarını cavablandıran “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, İnternet Forumun prezidenti Osman Gündüz deyib ki, kiberhücumlar müasir dünyanın acı reallığına çevrilib. Mütəxəssisin sözlərinə görə, internet inkişaf etdikcə, virtual dünyanın sakinlərinin sayı artdıqca, elektronlaşma sürətləndikcə, kiberhücumlar da çoxalacaq.
– Son kiberhücumlar əvvəlkilərdən daha təhlükəli hesab olunur. Bunun səbəbi nədir?
– Əvvəlki dövrdən fərqli olaraq indi vəziyyət tamamilə dəyişib. Qabaqlar kiber hücumlar daha çox həvəskar formada olurdu. Lakin indi dövlətlərin özləri, müxtəlif iqtisadi, siyasi və maliyyə qrupları kiber dəstələr hazırlayırlar. Hazırda kiber qüvvələr bir növ hərbi müdafiə sisteminin tərkib hissəsinə çevrilib. Elə dövlətlər var ki, məqsədyönlü şəkildə kiber hücumları həyata keçirən haker qruplar saxlayırlar. Lazım olanda isə hansısa dövlətə qarşı onlardan istifadə edirlər. Ayrı-ayrı dövlətlərə, təşkilatlara və fərdlərə qarşı həyata keçirilən bu tip hücumlar artan xətt üzrə gedəcək.
– Kiberhücumlara qarşı hansı üsullarla mübarizə aparmaq olar? Ümumiyyətlə, bundan xilas olmağın yolu varmı?
– Təhlükəyə qarşı adekvat addımlar atılmalıdır. Birinci növbədə hər bir qurum və ya fərdi şəxs özü-özünün təhlükəsizliyinin qayğısına qalmalıdır. Bütün internet istifadəçiləri elementar təhlükəsizlik qaydalarına riayət etməlidir. İkincisi isə aidiyyəti dövlət qurumları problemlə bağlı zəruri tədbirlər görməlidir. Çünki məsuliyyəti sadəcə qurumların və vətəndaşların üzərinə atmaq olmaz. Son dövrlər Azərbaycanda bu istiqamətdə müəyyən işlər aparılır. Kiberhücumların zərərsizləşdirilməsi ilə bağlı ölkəmizdə iki qurum fəaliyyət göstərir.
Bir müddət öncə müvafiq qurumun nəzdində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradıldı. Həmçinin, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyətə başladı. Bu qurum birbaşa qeyri-dövlət sektorunun kiber təhlükəsizliyinə cavabdehdir. Ancaq son dövrlərdə baş verən proseslər bu qurumların fəaliyyətinin yetərli olmadığını göstərir.
 Xeyli işlər görülsə də, problemlər qalmaqdadır. Anlamıram ki, niyə nazirliyin nəzdində yaradılmış qurum öz işinin öhdəsindən gələ bilmir? Bəlkə də lazımi resurslara sahib deyillər. Lakin indiki təhlükəli məqamda sözügedən qurum 30-40 bəyanat verməli, dayanmadan metodiki kömək göstərməlidir. Belə məqamlarda əvvəlcədən xəbərdarlıq etmək çox vacibdir. Yəni kiberhücumlardan qabaq önləyici tədbirlər görülməlidir. Dövlət sektorunun təhlükəsizliyi ilə bağlı daha önəmli addımlar atılır. Lakin qeyri-dövlət təşkilatlarının qorunmasına yanaşma qənaətbəxş deyil. Fikrimcə, artan təhlükələr fonunda Elektron Təhlükəsizlik Mərkəzinin öz fəaliyyətini canlandırmasına ciddi ehtiyac var.
– Xüsusi kiber polisin yaradılması da təklif edilir. Əlahiddə qurumun yaradılmasına ehtiyac varmı?
– Əgər ölkədə bu işlə məşğul olan iki qurum fəaliyyət göstərirsə, əlavə strukturun yaradılmasına zərurət görmürəm. Sadəcə, mövcud dövlət qurumlarının fəaliyyətinə diqqət yetirmək kifayətdir.
– Hesab edilir ki, vəzifə konkret bir quruma həvalə edilərsə, nəticəsi effektli olar, yəni səlahiyyət bölgüsü olmaz. Bu barədə fikriniz nədir?
– Düşünürəm ki, dövlət qurumları arasında konkret səlahiyyət bölgüsü olmalıdır. Tutaq ki, ucqar bir kəndimizdə hansısa təşkilat və ya şəxs kiber hücuma məruz qaldı. İndi buna görə kim cavab verəcək, kəndin polis şöbəsi, Dövlət Təhlükəsizlik Xidməti, yoxsa Rabitə Nazirliyi? Əfsuslar olsun ki, bizdə kiber cinayətkarlıqla bağlı səlahiyyət bölgüsündə müəyyən problemlər var.
– İnkişaf etmiş Qərb dövlətləri belə kiberhücumları zərərsizləşdirə bilmirlər. Məgər onların müdafiə sistemləri zəifdir?
– Bilirsiz, kiber cinayətkarlıq qlobal problemdir. Demək olar ki, dünyanın hər nöqtəsində baş verir. Ona görə də dövlətlərin qlobal əməkdaşlığı əsas şərtdir. Təkcə bir-iki ölkə güclü dayağı olan haker qruplarla mübarizə apara bilməz. Ölkələrarası əlaqələrin qurulması mütləqdir. Məlumdur ki, kiber cinayətkarlıqla bağlı Beynəlxalq Avropa Konvensiyası var. 50-yə qədər ölkə, o cümlədən Azərbaycan həmin Konvensiyanın üzvüdür. Ölkəmizdəki müvafiq qurumlar Konvensiya tərkibində təmsil olunan İdarəetmə Komitəsi ilə əməkdaşlığı gücləndirməlidir.
İsmayıl

sherg.az