“Oğlu xuliqanlıq edən general kimi, dissertantı oğurluq edən akademiklər, professorlar da cəzalanmalıdır”

Aida Qasımova: “Alimlərimiz, akademik və professorlarımız hətta öz dissertantlarının işini belə oxumurlar”

“…Bu eybəcərlik artıq elə bir səviyyəyə çatıb ki, ən yüksək səviyyədə, bəlkə də Prezidentin öz təşəbbüsü ilə cəza tədbiri olmasa, aradan qalxmayacaq”

Müsahibimiz Bakı Dövlət Universitetinin professoru, ərəbşünas alim, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın qızı Aida Qasımovadır. Aida xanımla  geniş  müsahibəni oxucularımıza təqdim edirik.

(Əvvəli bu linkdə: http://akademik.az/2017/07/iranda-az%C9%99ri-xalqi-yoxdur-olmayib-da-musahib%C9%99/ )

– İndi hansı proyekt üzərində işləyirsiz?

– Mənim hal-hazırda iki proyektim var: Birincisi, klassik azəri-türk şeirində üz cizgilərinin vəsfi ilə bağlı Quran simvolizmi. İkincisi, cahiliyyət ərəblərinin əqli-mənəvi durumu. Hal-hazırda işlərim çox olduğundan, klassik ədəbiyyatımıza fasilə vermişəm. Birinci proyektimdən klassik şeirimizdə üzün (yanaqların) vəsfi ilə bağlı yazım iki ildir yarımçıq qalıb. Qarşıda ləblərin, xal və zənəxdanın vəsfi durur. İki ildir “Ərəb ədəbiyyatı tarixi v-xiii əsrlər” (500 səh.) dərsliyim üzərində işləyirəm. Dərsliyim hissə-hissə bloqumda (aidagasimova.blogspot.com) toplanıb. Yanvar ayında dərsliyimi Şəqrşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında müzakirəyə verdim. Altı ay sonra, iyun ayının 21-də kafedrada kitabım geniş müzakirə olundu. N. Sultanlı, N. Məmmədov, H. Heybətov, T. Əkbərova, G. Ələkbərova, T. Hüseynbalayeva və başqa alimlərimiz kitabımla bağlı olduqca dəyərli irad və qeydlər söylədilər. Fürsətdən istifadə edib, həmkarlarıma kitabımı oxuyub rəy bildirdikləri üçün təşəkkür edirəm. Elə həmin iclasın sonunda kafedra müdirimiz akademik Vasim Məmmədəliyev kafedraya gözəl bir sürpriz də etdi. Kafedranın iki müəlliminin – Çinarə Mütəllimova və Könül Məmmədovanın artıq bu mövzuda kitab çap etdirdiyini bildirib həmin kitabı bizə göstərdi. Belə çıxır ki, mənim kitabım altı ay müzakirədə olduğu müddətdə kafedramızın iki müəllimi Vasim müəllimin dekan olduğu İlahiyyat fakültəsində müzakirədən keçirib, həmin mövzuda dərslik buraxıblar. Vasim müəllim fəxrlə hələlik birinci cildi çıxan 250 səhifəlik kitabda Təhsil Nazirliyinin qrifi olduğunu da elan etdi. Mən hələ həmin kitabı görməsəm də, həmkarlarımı səmimi-qəlbdən təbrik edirəm. Hər ikisi tələbəm olub; onların uğuru, mənim uğurumdur. Hal-hazırda kitabımın üzərində bir qədər də işləyib onu yeni dərs ilinin əvvəlində magistr və dissertantura təhsili üzrə dərslik kimi hazırlamağı düşünürəm. Çünki artıq bakalavr təhsili üzrə həm mənim 2001-ci ildə mərhum professorumuz Malik Mahmudovun (1991-də vəfat edib) mühazirələri əsasında hazırladığım kitab var (M. Mahmudov, Klassik ərəb ədəbiyyatı, 2001), həm də artıq ilahiyyat fakültəsi xətti ilə Ç. Mütəllimova və K. Məmmədovanın kitabları çap olunub. Mənə elə gəlir ki, bakalavr ixtisası üzrə üçüncü kitaba ehtiyac yoxdur.

Kitabımla yanaşı, ikinci proyektim üzərində işi də davam etdirirəm. İkinci proyektimlə bağlı “Sabilər Quranda və təfsir ədəbiyyatında ” məqaləm 2010-cu ildə Oksford universitetində, “Qədim ərəb şeirində talenin model və əlamətləri” məqaləm isə, 2014-cü ildə Çikaqo universitetində nəşr olunub. Həmin yazılarla bağlı Almaniyanın iki nəşriyyatı mənə müraciət edib və ərəblərin islamaqədərki əqli-mənəvi durumu ilə bağlı bir kitab yazıb göndərməyimi xahiş edirlər.

– Bu yaxında Facebook səhifənizdə bir jurnal proyektiniz barədə də yazmışdınız…

– Bəli, İslamikeyt Ədəbiyyatları (İslamicate Literatures) adlı bir jurnal yaratmaq fikrimiz var. İngilis dilində, hakəmli (refereed) jurnal. Jurnalda çap edilən materiallar iki nəfərə anonim rəyə göndəriləcək. Artıq dünyanın 46 məşhur şərqşünasından redaksiya heyətində təmsil olunmaq razılığı almışam. Bu alimlərdən üç nəfər Azərbaycan elmini təmsil edir: Rafael Hüseynov “co-editor”, Mehdi Kazımov və Rəhilə Qeybullayeva – redaksiya heyətinin üzvləri kimi təmsil olunacaq. Bu, olduqca böyük zəhmət tələb edən işdir. Kitabımı nəşrə hazırladıqdan sonra jurnal məsələsinə yenidən qayıdacam. Jurnalın adı hal-hazırda çox işlənən bir termini əks etdirir. “İslamicate” ilk dəfə Marşal Hodgsonun 1965-ci ildə işlətdiyi bir termin olaraq İslamın yayıldığı ölkələrin – İspaniyadan tutmuş  İndoneziya və Malayziya daxil olmaqla Uzaq Şərqədək böyük bir ərazinin etnik, dil və dini-mədəni rəngarəngliyini əks etdirir. Yəni, jurnal yalnız ortodoks və heterodoks olmaqla İslamın təsiri duyulan ədəbiyyata deyil, həm də İslamın yayılmış olduğu ərazilərdəki müxtəlif dinlər və düşüncə istiqamətləri arasında dialoqu əks etdirən ədəbiyyata, eləcə də dünyəvi ədəbiyyata diqqət yetirəcək. Jurnal, inşallah, ərəb, fars, türk (Orta Asiya və Azərbaycanın türk dilləri daxil olmaqla), urdu, malay, kürd, ibri və b. dillərdə yaranan ədəbiyyatları əhatə edəcək.

– Sizcə, Azərbaycan elminin əsas problemi nədir?

– Oxumamaq. Dəqiq elmləri bilmirəm, humanitar sahədə bu belədir. Bəli, alimlərimiz, akademik və professorlarımız hətta öz dissertantlarının işini belə oxumurlar. Oxumadıqlarından rəyi belə rəhbərlər deyil, dissertantlar özü yazır. Kitablar, dərsliklər oxunmadan, müzakirə olunmadan nəşr olunur. Jurnalların redaksiya heyəti oxumaqla arası olmayan gurultulu adları əhatə edir. Guya “elmi” adlanan jurnallarda redaksiya heyətinin məqalələrdən xəbəri olmur. Eləcə də, bəzən “müəllif” belə öz yazısından xəbərsiz olur. Məsələn, görürsən, məqalənin içərisində belə bir cümlə gedir: “Buraxılış işimizin bu fəslində biz filan məsələdən bəhs edəcəyik”. Həqiqətən də, ölkəmizdə, humanitar sahə pis gündədir.

 – Bununla necə mübarizə aparmaq lazımdır?

– Mənim nəzərimdə oğlu xuliqanlıq edən general cəzalandırıldığı kimi, dissertantı oğurluq edən akademiklər, professorlar da cəzalanmalıdır. Bu eybəcərlik artıq elə bir səviyyəyə çatıb ki, ən yüksək səviyyədə, bəlkə də Prezidentin öz təşəbbüsü ilə cəza tədbiri olmasa, aradan qalxmayacaq.

– Daha nələrə diqqət yetirilməsini istərdiz?

– Rəsmi internet səhifələrindəki saxta CV-lər məsələsi gündəmə gəlməlidir. Qoy akademiklər, alimlər öz əsərləri barədə məlumatı dəqiqləşdirsinlər. Əgər bir kəsin, tutaq ki, xaricdə 100 əsəri çap olunubsa, qoy həmin əsərlərin dəqiq siyahısını təqdim etsin. Kimin nəyi varsa, göz qabağında olsun. Rəsmi internet səhifəsində yalana yol vermək, mənim nəzərimdə, cinayətdir.

– Bəs professoru olduğunuz universitetlə bağlı nələri dəyişmək istərdiz?

– Bizim kafedrada ən böyük problem savadlı kadrların 10 il, hətta bəzən 15 il yarım ştatda qalmasıdır. İçərilərində hətta 7-8 il öncə doktorluq dərəcəsi alanlar da var. Hal-hazırda kafedrada yarım ştatları tam ştata keçirmək üçün kifayət qədər saat var. Həmin müəllimlərin tam ştata keçirilməsinin vaxtıdır. Təsəvvür edin ki, ərəb dilinin gözəl bilicisi illər boyu yarım ştatda qalıb ayda 250 manat maaş alır. Axı bu adamlar ailə saxlayır. Ümumiyyətlə, yarım ştat müəllimləri olan kafedralarda həmin müəllimlər hamısı tam ştata keçənədək kənardan heç kim işə götürülməməlidir.

– Bu yaxında 60 yaşınız tamam oldu. Sizi ürəkdən təbrik edirik. Xidmətləriniz necə qiymətləndirildi?

– Elnur, bu mənim üçün sadəcə xidmət deyil, özümə zövq verən, ləzzət aldığım bir işdir. Ona görə də, gördüyüm işlər barədə kimə isə minnət qoysam, səmimilikdən uzaq olar. BDU yubileyimi təbrik kimi mənə 300 manat mükafat yazdı. Amma yubileyimlə bağlı Abel Məhərrəmov məni qəbul etdi, çox sağ olsun, uğurlarımı onunla bölüşmək imkanı yaratdı. O, “Aida xanım, indi ürəyinizdən nə keçir?” – deyə soruşdu. Mən, təvazökarlıqdan uzaq bir tərzdə, “Mən istəyirəm ki, mənə Prezident təqaüdü verilsin,” – dedim. Qeyd edim ki, BDU mənim təltif olunmağım barədə Təhsil Nazirliyinə müraciət edib. Amma, yenə deyirəm, mən sevdiyim işi görürəm. Heç kimə minnət vurmuram və heç kimdən heç nə gözləmirəm. Xarici ölkələrdə üç dəfə mükafat almışam. Yəni, min şükür ki, qlobal bir dünyada yaşayırıq və biz bir ölkənin sərhəddində qapanıb hansı məmurdansa mərhəmət umacaq vəziyyətdə deyilik.

Elnur Eltürk