Sənədlər mütləq vahid elektron bazada olmalıdır

Daha çox tibbi kolleclərdə saxta diplomlara rast gəlinir

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bu ilin ötən dövründə səhiyyə sahəsində 28 saxta diplom aşkarlandığını deyib. Onun sözlərinə görə, daha çox orta tibb ixtisası təhsil müəssisələrinin (tibb kollecləri) adından verilmiş saxta diplomlara rast gəlinir: “Ali təhsil müəssisələrinin adından istifadə olunmaqla analoji faktlar çox nadir hallarda müşahidə olunur”.
Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan faktların 20-30 faizi xarici ölkədə oxuyub geri qayıdan şəxslərə aiddir.
Mövcud vəziyyəti dəyərləndirən təhsil üzrə ekspert Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanda saxta diplomların alınması 2004-cü ilə qədər üstünlük təşkil edirdi. Respublikamızın müstəqillik əldə etdiyi ilk dövrlərdə ali məktəblərə qəbul hələ də tam olaraq formalaşmamışdı. Ali məktəblər bu və ya digər formada bir çoxlarına diplom verirdi. Ekspert bildirib ki, hətta müasir dövrdə, yəni 2010-cu ildən sonra belə bəzi yaşı çox olan şəxslərə 90-cı ilə aid olan təhsil sənədləri verilirdi:
“Həmin təhsil sənədləri vahid elektron bazada olmadığı üçün sənədlərdən istifadə edərək ali təhsil müəssisələrinin diplomları kimi işə qəbul olurdular. Bu həm orta məktəblərə, həm də səhiyyə sisteminə aiddir. Hətta bu məsələ ilə bağlı 2014-cü ildə TQDK-nın sədri Məleykə Abbaszadə demişdi ki, 30 minə yaxın sənəd var ki, diplom alan şəxs TQDK-nın imtahanında uğurlu nəticə əldə etməyiblər, lakin onlar diplom alıblar. Hazırda ölkədə ali məktəbə qəbul olmuş şəxslərin tələbə elektron bazası var. Həmin şəxslər qəbul olanda onların məlumatı bu bazada yerləşdirilir.
2013-cü ildə 30 min nəfər ali məktəbə qəbul olubsa, Təhsil Nazirliyi 2017-ci ildə də 30 min diplom sifariş verməlidir. Amma burda bir məsələ var. Azərbaycan Beynəlxalq Konvensiyanın üzvüdür və azərbaycanlı gənclər dünyanın bütün ölkələrində oxuya bilirlər. Onlar oxuduqları müddətdə qanunvericilik çərçivəsində ölkəmizdəki universitetlərə köçürmə ilə gəlirlər. Bu zaman nəzərdə tutulmuş saydan artıq diplomlar sifariş olunur. Bazada olmayanlar həmin şəxslərdir ki, Azərbaycanda qəbul ola bilməyiblər və Dərbənd, Dağıstan, Ukrayna və Rusiyada olan universitetlərə qəbul olublar. Hətta bəzən qanunsuz yollarla ölkəyə köçürmə edirlər. Bu yollarla diplom almış şəxslər var ki, onlar hazırda dövlət orqanlarında işləyirlər və sənədləri saxtadır. 2014-cü ildə Təhsil Nazirliyi orta məktəblərdə müəllimlərin diaqnostik qiymətləndirməsinə başlayandan sonra məlum oldu ki, orta məktəblərdə 10 minə yaxın müəllimin diplomu dövlət nümunəsi deyil. 2004-cü ilə qədər “Təhsil Haqqında” Qanuna görə ali təhsil müəssisələri və özəl universitetlərin daxili qaydada ali məktəblərə tələbə qəbul etmək səlahiyyətləri var idi. Bir çox hallarda həmin tələbələrin diplomları bazada olmadığı üçün bu gün onlar dövlət nümunəli sənəd hesab olunmur. İlkin olaraq hesab edirəm ki, bu, rahat bir sistemlə mərkəzləşmiş qaydada həyata keçirilə bilər. Çünki hər il ölkədə ali məktəblərə qəbul imtahanları həyata keçirilir. 2017-2018-ci il üçün 43 min plan yeri ayrılıb. Ölkədə veriləcək diplomun sayı 4 ildən sonra 43 min olmalı, 1 dənə də artıq olmamalıdır. Amma heç də ali məktəbə qəbul olmuş şəxslərin hamısı ali məktəbi bitirmir. 4 il ərzində 10 minə yaxın şəxs semestr imtahanlarında uğurlu nəticələr əldə edə bilmirlər, maddi, ailə qurma və digər səbəblərdən təhsillərini yarımçıq qoyurlar. Bu zaman həmin sayda diplomlar sifariş verilir”.
K.Əsədov həmçinin bildirib ki, saxta diplomlarla bağlı neqativ hallar Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı və Neftçala kollecinin bir çox filiallarında daha çoxdur:
“Bundan başqa, Ağdaş, Göyçay kolleclərinin də adı ilə diplom alan şəxslər var ki, onlar orta təhsil məktəblərində çalışırlar. Lakin tibb sahəsi fərqli bir məsələdir. Çünki 2007-ci ildən etibarən ölkəmizdə tibb təhsili bütün müəssisələrdə ləğv olunub. Bu yalnız Tibb Universiteti və 1,2, 3 saylı Tibb Texnikumu tərəfindən həyata keçirilir. Halbuki əvvəllər maddi-texniki bazası olmayan bir çox universitetlərdə tibb ixtisası var idi. İndi də qeyri-qanuni yollarla saxta diplom əldə edirlər, halbuki onların heç bir səlahiyyəti yoxdur. Vahid elektron mərkəzin yaradılması və sərt nəzarətlər bu cür halların qarşısını ala bilər”.
Yeganə Bayramova