“Şagird riyaziyyatı bilmirsə…” – Elm və təhsilimiz qocalır

“Nazirlik çalışır ki, prosesi qaydasına qoysun, inkişafı təmin etsin. Lakin icra başçıları buna imkan vermir, təhsildə idarəetməni boğurlar. Bu cilov icra başçılarının əlindədir”
“Şagird riyaziyyatı bilmirsə, onun başqa elmləri bilməsi şübhə doğurur”
Bunu Sherg.az-a DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “2012-ci ildən başlayaraq keçirilən monitorinq imtahanları nəticələrinə əsasən müəyyən sahələrdə, xüsusilə riyaziyyat fənnindən şagirdlərdə təfəkkür tam inkişaf etməyib” fikirlərini şərh edərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib.
O bildirib ki, DİM sədri konkret nəticələrə əsaslanıb, rəy bildirir:
“Şagirdlərin riyazi təfəkkürünün inkişaf etmədiyini demək üçün qoyulan sualların çətinlik dərəcəsinə baxmaq lazımdır. Sualların məzmununda bəzən asanlıq, bəzən isə çətinlik hiss olunur.
Yadımdadır, təxmini 3-4 il bundan əvvəl buraxılış imtahanlarının sualları çox sadə şəkildə qoyulmuşdu. Son zamanlar isə nisbətən çətinləşdirilib. Həmin nəticələr isə sualların çətinliyindən asılı olaraq dəyişir.
Hesab edirəm ki, bu il qəbul imtahanlarına salınan suallar forma etibarı ilə də fərqlənirdi. DİM sədrinin dediyi kimi, ötənilki səviyyənin inkişaf etməməsi onunla bağlıdır. Mən təhsilinin inkişafında müəyyən işartılar olduğunu hiss edirəm. Bu, Təhsil Nazirliyinin cəhdlərindən qaynaqlanır. Nazirlik çalışır ki, prosesi qaydasına qoysun, inkişafı təmin etsin. Lakin icra başçıları buna imkan vermir, təhsildə idarəetməni boğurlar. Bu cilov icra başçılarının əlindədir.
Ümumi olaraq, Məleykə xanımın dediklərinin təxminən yarısı ilə razılaşmaq düzgün olmaz”.
Aysel Aslan

 

(Visited 1 times, 1 visits today)