Tarixdə bu gün — Qacarın qətli, Ağdərənin işğaldan azad edilməsi

4 iyul günü Azərbaycan tarixində müxtəlif hadisələrlə yadda qalıb.

Məhz tarix 4 iyul gününü göstərəndə Ağa Məhəmməd Qacar qətlə yetirilib. Uzun illər sonra isə eyni gündə Ağdərə rayonu erməni işğalından azad edilib.

“Ölkə.Az” Azərbaycan tarixində bu gün baş verən hadisələri oxucuları ilə bölüşür.

1797 – Qarabağ xanlığının mərkəzi Şuşada sui-qəsd nəticəsində İran şahı Ağa Məhəmməd Qacar öldürülüb. Bundan az öncə Şuşanı işğal edən Qacar şah saraydaxili qəsdin qurbanı olmuşdu. Türk əsilli olan Ağa Məhəmməd Qacar İran taxt-tacı uğrunda uzun çəkişmələrdən sonra 1794-cü ildə hakimiyyətə gəlmişdi. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İran qoşunları Qarabağ xanlığını tərk etdilər. İran taxtına isə Qacarlar sülaləsindən Fətəli şah çıxdı. Qacarların İranda hakimiyyəti 1925-ci ilədək davam etdi.

1992 – Azərbaycanın ordu hissələri Dağlıq Qarabağın şimalında aparılan əməliyyat gedişində Mardakert (Ağdərə) rayon mərkəzini erməni işğalçı qüvvələrindən azad ediblər. Rayonun böyük bir hissəsinin nəzarətə götürülməsi nəticəsində Azərbaycan Qarabağ müharibəsində mövqe üstünlüyü əldə etmişdi. Lakin hərbi-strateji baxımdan qeyri-peşəkar və darmacalda hazırlanıb həyata keçirilən əməliyyat tezliklə əks nəticə doğurdu. 1992-ci ilin payızından Azərbaycan Qarabağda itkilərlə üzləşdi, Ağdərə rayonu isə 1993-cü ilin fevralında qismən, iyunda isə bütünlüklə erməni qüvvələrinin əlinə keçdi.

Hikmət
Ölkə.Az

(Visited 3 times, 1 visits today)