Xəzər Universiteti beynəlxalq uğura imza atdı

2017-ci il iyulun 14-də dünyada ali təhsili dəyərləndirən beynəlxalq QS təşkilatı “QS Top 50 Under 50” illik universitet reytinqini açıqlayıb. Reytinq bütün dünya üzrə 50 ildən az fəaliyyət göstərən gənc universitetləri əhatə edir.

Reytinqin əsas məqsədi yaşlarının az olmasına baxmayaraq artıq özünü sübut etmiş və uzun tarixə malik olan universitetlərlə yarışa biləcək universitetlərin dəyərləndirilməsidir.

Siyahıya 53 ölkədən 150 ən yaxşı gənc universitet daxil edilib.

Xəzər Universiteti Azərbaycandan 150 ən gənc dünya universitetləri arasında yer alan yeganə universitetdir. Xəzər Universiteti Middlesex Universiteti (Birləşmiş Krallıq), Dublin Texnologiya İnstitutu (İrlandiya), Bielefeld Universiteti (Almaniya), London Metropolitan Universiteti (Birləşmiş Krallıq), Nottingham Trent Universiteti (Birləşmiş Krallıq) və George Mason Universiteti (ABŞ) kimi tanınmış universitetlərlə bir sırada yer alıb.

Keçmiş Sovet ölkələrindən isə dörd ölkə – Azərbaycan, Qazaxıstan, Rusiya və Ukrayna hər biri bu siyahıda bir universitetlə təmsil olunmuşdur. Türkiyədən bu siyahıya dörd universitet (Bilkent Universiteti, Koç Universiteti, Sabancı Universiteti və Çukurova Universiteti) daxil olunub.

Dünyanın gənc universitetlərin fəaliyyəti bir sıra meyarlar üzrə qiymətləndirilib: elm və təhsil dünyasında nüfuz, işəgötürənlər arasında nüfuz, müəllim-tələbə nisbəti, nəşr etdirdiyi elmi məqalələr və onlara istinad, xarici müəllimlərin nisbəti və xarici tələbələrin nisbəti.