Elçin Şıxlı: “Azərbaycanda təhsil bərbad səviyyədədir”

“5 il bundan əvvəlki 1500 manat indiki 4000 manata bərabərdir”.
Bu barədə “Sherg.az”a ali məktəblərdə təhsil haqlarını bahalaşdırılmasından danışarkən “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.
O qeyd edib ki, verilən təhsilin keyfiyyəti ödənilən təhsil haqqına uyğun deyil:
“Bəzi universitetlərimizdə 4000-5000 manat arasında dəyişən fakültələr var. Lakin həmin universitetlərdəki təhsil səviyyəsi verilən ödənişə uyğun deyil. Universitetlərdə rüşvət halları da var. Bu, danılmazdır. Ya universitetlər təhsil pullu edib, rüşvət almasınlar, ya da təhsil haqqını yığışdırıb, rüşvət alsınlar.
Baxırsa ki, hansısa ucqar rayonda, kənddə, kasıb bir ailədə yaşayan abituriyentdir, amma beyni yaxşı işləyir. Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb, ali məktəblərdən birinə qəbul olunur. Lakin oxumağa pulu çatmır. Bir məsələni də anlamıram ki, 600-dən yuxarı bal toplayan abituriyent bir neçə bala görə, niyə ödənişli təhsil almalıdır? Əksinə həmin uşaqları seçib, onların üzərində əsmək lazımdır. Biz isə əksini edirik, oxumaq istəyən uşaqdan pul alırıq.
Bunu hökumət və dövlətimiz diqqətdə saxlamalıdır. Ən çox sərmayə gənclərin təhsilinə qoyulmalıdır. Verilən təhsil və alınan pul bir-birinə ziddir. Ümumiyyətlə, Azərbaycanda təhsil bərbad səviyyədədir. Oxumaq istəyənlər nə öyrənirlərsə, fərdi şəkildə özləri öyrənir”.
Aysel Aslan