İxtisaslı və ixtisassız jurnalistlər…

“Jurnalistlərin peşə təhsili olsa daha yaxşıdır, olmaması isə problem deyil”
Son günlər mediada və sosial şəbəkələrdə müzakirəyə çıxarılan məsələlərdən biri də media nümayəndələrinin jurnalistika fakültəsini bitirib-bitirməməsidir. Mətbuatda təmsil olunan bir qrup hesab edir ki, jurnalistikanın nəzəriyyəsinə yiyələnmək, yəni ixtisasca jurnalist olmaq mütləq şərtdir. Digərləri isə iddia edir ki, jurnalist diplomu şərt deyil, əsas yaradıcılıq qabiliyyəti və istedadın olmasıdır. Birinci fikrin müəllifləri həmçinin deyirlər ki, Azərbaycanda mətbuatın zəif durumunun səbəbi, məhz qeyri-ixtisas sahiblərinin jurnalistikaya üz tutmasıdır.
Ümumiyyətlə, istər internet, istərsə də çap mediasında fəaliyyət göstərən müxbirlərin ixtisası və peşəkarlığı hər zaman geniş müzakirə mövzusuna çevrilib. Bu da səbəbsiz deyil. Hər nəşrin cəlbedici olması və geniş auditoriya kütləsi toplaması orada çalışan istedadlı kollektivin səviyyəsindən asılıdır. Yaradıcı heyətin və redaksiyada olan peşəkar jurnalistlərin sayı, onların ixtisasla bağlı bilik və nəzəriyyələri daha mühüm rol oynayır. Dünyanın hər yerində müxtəlif formalarda da olsa, jurnalist təhsili verilir. Bu baxımdan, jurnalistikaya gələn qeyri-ixtisas sahibləri isə bir çox hallarda peşə ixtisası almadıqlarına görə tənqid hədəfinə çevrilirlər.
Amma bir çox ekspertlər jurnalistlər üçün sırf ixtisas təhsilinin və nəzəriyyənin vacib şərt olduğunu düşünmür. Onlar hesab edirlər ki, istedadı və xüsusən jurnalistika bacarığı olan qeyri-ixtisas sahibləri bu peşədə çalışa və yüksək potensiala malik jurnalist ola bilərlər. Həm də nəzərə almaq lazımdır ki, jurnalistika fakültəsi mütləq surətdə jurnalist yetişdirmir. Ali məktəbi bitirənlərin sadəcə 5-10 faizi öz ixtisaslarının arxasınca gedirlər. Qalanları isə bu sahəyə maraq göstərmirlər.
Məlumdur ki, jurnalistikada peşəkarlıq daha böyük rol oynayır. Çünki ictimai əhəmiyyət daşıyan sözün məsuliyyət yükü və əhatə dairəsi xeyli genişdir. Həm də jurnalist müxtəlif inkişaf mərhələlərindən keçir. Bütünlükdə isə 3 inkişaf mərhələsi qəbul edilir. Bunlardan birincisi, savadlı yazmaqdır. Yəni jurnalist gördüyünü qələmə alır. Ancaq burada əsas məharət başqalarının bilmədiklərini yazmaq, yaxud ondan daha çox görməkdir. İkinci mərhələ obrazlı düşünməkdir. Burada isə söhbət təkcə görməkdən getmir. Gördüklərini beyninin süzgəcindən keçirərək daha yaxşı formada ifadə etməkdən gedir. Qeyri-ixtisas sahibi olan jurnalistləri gözdən və nüfuzdan salan əsas məsələdən biri də “reket” adı verilən jurnalistika sahəsidir. Belə müxbirlərin “püxtələşməsi”, təhqir və şantaj elementlərinə yiyələnməsi, ağlına və ağzına gələni yazması ilə ölçülür. Bundan ötrü əziyyətə qatlaşmaq vacib deyil. Bir qədər diribaş və utanmaz olmaq kifayətdir. Təbii ki, bu sahədə çalışanların həqiqi jurnalistika ilə heç bir əlaqəsi yoxdur.
Məsələ ilə bağlı “Sherg.az”a danışan telejurnalist, professor Qulu Məhərrəmli deyib ki, fərqli ixtisas sahibi jurnalistlər haqqında müzakirənin gündəmə daşınması çox sünidir. Professora görə, jurnalistikamızın əsas problemi təhsil deyil, vicdan və həqiqətə sədaqət məsələsidir:
“Bu məsələ konkret baxış bucağında diskussiya mövzusu ola bilər. Lakin jurnalistikanın problemi peşə təhsilinin olub-olmaması deyil. Problem ləyaqətli jurnalist olmaqdadır. “Sən həqiqətə nə qədər sadiqsən?” Biz bunu müzakirə etməliyik. Sözsüz ki, jurnalistika təhsili olarsa, bu, yaxşıdır. Amma olmaması problem deyil. O qədər jurnalist var ki, ixtisas üzrə bitirməyib, amma çox maraqlı səlis fikirlər bölüşür, yazıları da yaxşı oxunur. Əksinə, jurnalistikanı bitirən şəxslər var ki, çox həvəssizdirlər, yazılarında da özlərini doğrultmadıqları üçün başqa sahəyə keçirlər. Ona görə, bu, süni yaradılmış problemdir. İstehsalat, praktik həyat bəzən qeyri-peşə sahiblərini çox yaxşı mövqeyə gətirir, onları jurnalistikanın əsgərinə çevirir”.
Professorun sözlərinə görə, ehtiyacı olanlar üçün kurslar təşkil edilə bilər:
“Məsələn, BBC-nin özündə də qısa müddətli məktəblər var ki, peşə ixtisası ilə bağlı təkmilləşmə verir. Lakin bunu hər redaksiya edə bilməz. Çünki xüsusi metodika olmalıdır. Bir redaksiya xəbər yönümlüdür, başqası analitik materiallar işləyir, digəri təhqiqatla məşğuldur. Ona görə vahid standart təşkil etmək mümkün olmayacaq. İşə götürülən şəxslərə müəyyən müddət tövsiyələr verilir, diqqət edilməli məqamlar çatdırılır. Bu təcrübədən gələn və tədricən jurnalisti formalaşdıran situasiyadır. Amma hər redaksiya özündə məktəb, dərnək açsa, uzun ömürlü olmayacaq. Ehtiyac yarandıqda təşkil edilən kurslar sonradan fəaliyyətini dayandıracaq.
Bizdə qısamüddətli jurnalistika məktəbləri ola bilər. Məsələn, Bakı Jurnalistika Məktəbi fəaliyyət göstərirdi. Onlar 6 ay müddətində oxuyur, xəbər standartlarını çox gözəl öyrənir, çəkiliş aparmaq, montaj etmək kimi sahələrdə peşə vərdişlərini öyrənirdilər. Bu gün isə onun məzunları Azərbaycan mediasında əsas ağırlığı çiyinlərinə götürənlərdir. Ona görə, redaksiyaların nəzdindəki kurslardansa belə məktəblərə daha çox ehtiyac var”.
“APA Holding” rəhbəri Vüsalə Mahirqızı da deyib ki, jurnalistika istedad və bacarıq məsələsidir: “Mən jurnalistika fakültəsini bitirməmişəm. Yaxşı jurnalist olmaq üçün bu fakültəni bitirməyin vacibliyi ilə bağlı fikirlərə də qatılmıram.
Jurnalistika istedad və bacarıq məsələsidir. Xəbərin iyini hiss etməyən, xəbər duyumu, çevikliyi olmayan adam 100 fakültə qurtarsa da, uğurlu jurnalist ola bilməz. Amma bu heç bir halda jurnalistika fakültəsinin lazımsız olması anlamına gəlmir. Bu fakültə lazımdır, labüddür. Bununla belə imkanları, tədris sahəsi, mövzuları genişlənməlidir, daxilində laboratoriyalar yaradılmalıdır, yeni çağrışlara cavab verməlidir. Redaksiyalarda jurnalistika fakültəsini bitirməyib, jurnalist olanlar üçün 3 və 6 aylıq kurslar da təşkil edilməlidir”.
Tanınmış jurnalist Azər Həsrət isə məsələyə bu cür münasibət bildirib: “Jurnalistikanı bitirməyənlərdən biri də mənəm. İndi o sözü deyənlər qərar versinlər: mən jurnalistəm, yoxsa deyiləm? Dünyanın hər tərəfində jurnalistika sərbəst bir sahədir. Yazmağa qələmi, təhlil etməyə beyni və özünü ifadə etməyə cəsarəti olan istənilən şəxs jurnalist ola bilər. Kimsə kimsəyə bunu yasaqlaya bilməz. Şəxsən mən jurnalistikanı bitirmiş elə adamlar tanıyıram ki, 3 cümləni ard-arda düz-əməlli yaza bilmirlər. İndi nə edək? O cür adamları jurnalist sayaq, amma doğrudan qələmi olan, doğuşdan jurnalist olan şəxsləri jurnalist saymayaq? Jurnalistika istedad məsələsidir. İstər 10 universitet bitir, istedad yoxdursa sən jurnalist ola bilməzsən”.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə “Şərq”ə bildirib ki, əgər bu gün Azərbaycan mətbuatı ictimai fikrə az təsir edirsə, yaxud ölkədə baş verən ictimai-siyasi proseslərdə mətbuatın rolu qabarıq nəzərə çarpmırsa, bunun məsuliyyəti qeyri-ixtisas deyil, qeyri-peşəkar jurnalistlərin üzərinə düşür:
“Yazıb-yaratmaq üçün savadlı olmaq lazımdır. Savadlı olmaq üçün isə jurnalistika fakültəsini bitirmək şərt deyil. Buna ancaq çoxillik mütaliə ilə nail olmaq mümkündür. Bu baxımdan, qeyri-ixtisas sahibi olub, jurnalistika ilə məşğul olan adamların hədəfə götürülməsinin qəti əleyhinəyəm. Yaxşı jurnalist olmaq üçün öncə vicdanlı insan olmaq lazımdır. Ağa qara deyən, qələmə “çörək ağacı” kimi baxan adamlar mətbuatın inkişafına töhfə verə bilməzlər. Biz sıralarımızdakı peşəkarların sayının artmasının qeydinə qalmalıyıq. Jurnalistikada janrlar çoxdur.
Peşəkar jurnalist ən müxtəlif janrlarda yazmağı bacarmalıdır. Jurnalistikanın “allahı” faktdır. Əlahəzrət faktdan bərk-bərk yapışmaq lazımdır. Yazmaq xatirinə, yaxud qonorar xatirinə yazmaq olmaz. Qeyri-peşəkarların bu sektorda xaos yaratmasına imkan verməməliyik”.
“Milli.az” saytının baş redaktoru Anar İmanov vurğulayıb ki, adamın istedadı varsa, onun hansısa diplomun olub-olmamasını araşdırmaq düzgün olmazdı:
“Diplom şərt deyil, amma ən vacib prinsipdir. Jurnalistika peşədir, ixtisas deyil. Arzuolunandır ki, jurnalistika ilə məşğul olan şəxs, məhz jurnalistika fakültəsini bitirsin və yaxud işləyə-işləyə sonradan təhsil alsın. Bu, 30 yaşda da olar, 40 yaşda da, 50 yaşda da. Özünü jurnalistikaya həsr edən şəxs bilməlidir, reportaj nədir, müsahibə nədir və s. Nəzəriyyəni bilməlidir, bu baza hər jurnalistdə olmalıdır. Və ən əsası – təcrübə zəngin olmalıdır. Çünki sürücülük vəsiqəsinin sahibi olmaq avtomobili yaxşı idarə etmək anlamına gəlmir. Mən deməzdim ki, mətbuatımız zəifdir. Dövlət, KİVDF, Mətbuat Şurası mətbuatımızın güclü olması üçün ciddi layihələr gerçəkləşdirir və bu işlərin hamısı bəhrəsini verir. Ola bilər, əvvəl vəziyyət başqa idi, amma vaxt keçdikcə mətbuatımız daha da güclənib”.
“Gününsesi.info” saytının redaktoru, tanınmış jurnalist Kamil Həmidov deyib ki, hər şeyin şitini çıxaranlar, bu məsələnin də şitini çıxarıblar:
“Artıq dadı-duzu qalmayıb bu məsələnin. Bilənlər də danışır, bilməyənlər də, qanan da fikir söyləyir, qanmayan da. Şəxsən mən BDU-nun jurnalistika fakültəsini bitirmişəm və bununla fəxr, qürur duyuram, ömrüm boyu da belə olacaq. Ömrümü də jurnalistikaya həsr etmişəm, bundan da heç peşman deyiləm. Hesab edirəm ki, jurnalistika fakültəsi olmalıdır, qalmalıdır, özü də sadəcə BDU-da. Başqa heç bir özəl və qeyri-özəl ali təhsil müəssisələrində olmamalıdır. Təbii ki, yeniləmək, dəyişmək, modernləşmək şərtilə!”
(davamı var)
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb