“Təhsillə bağlı qərarlar geniş xalq müzakirəsindən sonra qəbul edilməlidir”

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalar narazılıqla qarşılanır. DİM sədri deyib ki,  gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər:
“Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
M.Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: “Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli  sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.
Maraqlıdır, testin ləğv olunması bizə nə verəcək?
Modern.az saytı Milli Məclisin deputatı Əli Məsimli ilə əlaqə saxlayıb və deputat bunları deyib:
“Məleykə Abbaszadə hələ qəbul qaydalarında nəyin necə dəyişdiriləcəyi barədə konkret heç nə deməyib. Ona görə də iki cümləlik fikri şərh etmək çox çətindir. Əgər yeni variant test üsulundan mütərəqqi olub, keyfiyyətli təhsillə yanaşı, həm də aztəminatlı ailələrin övladlarının ali təhsil almasına daha geniş imkan yaradacaqsa, bunu müsbət qiymətləndirəcəyəm.
Yox əgər aztəminatlı ailələrin övladlarının alı təhsilə yolunu kəsəcəksə, mənfi qiymətləndirəcəyəm. Təhsil xalqın gələcəyidir. Təhsillə bağlı qərarlar geniş xalq müzakirəsindən sonra optimal variantda qəbul edilməlidir”.
(Visited 3 times, 1 visits today)