“Tələbəsi imtahanda kəsilən müəllim cəzalanmalıdır…”

Azərbaycanda təhsilin, xüsusən ali təhsilin  problemləri və keyfiyyətinin yüksəldilməsi məsələləri həmişə Moderator.az -ın diqqət mərkəzində olub. Bununla bağlı daim çalışmışıq ki,  tənqidi, həm də maraqlı təklif və layihələrlə zəngin materiallar təqdim edək. Bu dəfə “Facebook” sosial  şəbəkəsindən bizə tanış olan, bir qrup ziyalı tərəfindən əsası qoyulmuş “Amac”  hərəkatı tərəfindən Azərbaycanda  ali təhsilin  yerli gerçəkliyə və müasir standartlara uyğun inkişafı ilə bağlı maraqlı təklif və rəyləri barədə danışmaq üçün təşkilatın yaradıcılarından biri, tanınmış analitik və publisist, BDU-nun müəllimi Tahir Cəfərli ilə söhbətləşdik.
“Ali məktəblərə qəbulda bu islahat baş tutarsa, dövlət büdcəsi kifayət qədər gəlirb əldə edər”
Azərbaycanda təhsilin, xüsusən ali təhsilin  problemləri və keyfiyyətinin yüksəldilməsi məsələləri həmişə Moderator .az-ın diqqət mərkəzində olub. Bununla bağlı daim çalışmışıq ki,  tənqidi, həm də maraqlı təklif və layihələrlə zəngin materiallar təqdim edək.
Bu dəfə “Facebook” sosial  şəbəkəsindən bizə tanış olan, bir qrup ziyalı tərəfindən əsası qoyulmuş “Amac”  hərəkatı tərəfindən Azərbaycanda  ali təhsilin  yerli gerçəkliyə və müasir standartlara uyğun inkişafı ilə bağlı maraqlı təklif və rəyləri barədə danışmaq üçün təşkilatın yaradıcılarından biri, tanınmış analitik və publisist, BDU-nun müəllimi Tahir Cəfərli ilə söhbətləşdik.
– Tahir müəllim, təmsil etdiyiniz hərəkat tərəfindən ölkənin bütün universitetlərinə ödənişli, lakin imtahansız qəbula icazə verilməsi  barədə təklif irəli sürülüb. Artıq sosial şəbəkələrdə “Amac”ın bu təklifi müzakirə olunmaqdadır. Bu barədə danışmamışdan öncə qısa şəkildə “Amac”ın amalı, məqsədi, məramı barədə danışardınız…. 
– Bildiyiniz kimi, “amac” türkcə elə məqsəd, amal deməkdir.  Respublikanın sağlam düşüncəli ziyalılarının birliyi olan “Amac” da qarşısına konkret məqsədlər qoyub.  Bu hərəkat  Azərbaycan respublikasının dövlətçilik prinsipindən çıxış edən, azərbaycançı, Azərbaycan xalqı və Azərbaycan dilini hər şeydən üstün tutan ziyalıların beyin mərkəzidir. “Amac”  ölkəmizin qarşısına çıxa biləcək təhlükə və problemləri təhlil edib sosial şəbəkələr vasitəsilə  öz fikirlərini ictimaiyyətə çatdırır, obyektiv təhlillər aparır və müxtəlif sahələr üzrə ölkəyə fayda verəcək təkliflər paketləri hazırlayır. “Amac”da lider anlayışı yoxdur. Bütün məsələlər kollegial şəkildə həll olunur. “Amac” heç bir siyasi partiyanın və yahərəkatın tərəfdarı ola bilməz. Hərəkat yalnız bir amaca, məqsədə qulluq edir- AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏTÇİLİYİNİ QORUMAQ VƏ ONUN İNKİŞAFINA fayda verən layihələr hazırlamaq… Ali təhsillə bağlı təkliflərimiz belə işlərimizdən biridir.
 
– Elə isə gəlin, ali təhsillə bağlı təkliflərinizdən danışaq. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bir neçə ilə  qəbul imtahanlarının yeni modelinin hazırlanacağı haqda danışdı. Ali məktəblərə qəbul məsələsi ilə bağlı“Amac” hansı yenilikləri təklif edir? 
– Sivil dünyada ali təhsil biznes sahəsidir. Ölkəni idarə edənlər bu sahəni inkişaf etdirməklə dövlət büdcəsinə külli miqdarda gəlir gətirə bilərlər. İndi Azərbaycanın ali təhsili Qərb ölkələrindən fərqli olaraq dotasiya ilə işləyir və dövlət büdcəsindən vəsait ayrılan sahələrdən  biridir.  Ancaq Qərb ölkələrində olduğu kimi, ödənişli sistemlə qəbul imtahansız keçirilsə, ali təhsil müəssisələri büdcəyə  kifayət qədər gəlir gətirər. Yəni heç bir imtahanvermədən, sadəcə, pulunu ödə və istədiyin universitetdə oxu. Oxumaq istəyənlər üçün bütün ali məktəblərin qapıları açıqdır. Hazırda bizdə də pullu təhsil mövcuddur. Ancaq qəbul imtahanı verib gərəkli balı toplamadan heç bir nə universitetin, nə də kollecin tələbəsi olmaq mümkün deyil. Bu isə gənclərin ali məktəblərə qəbulunu məhdudlaşdırır. Biz mövcud olan məhdudiyyətləri götürüb, gənclərimizin asanlıqla ali təhsil alması üçün şərait yaratmalıyıq. Başqa sözlə desək, Qərbdəki kimi, gənclər istədiyi ixtisası və universiteti seçib pullarını ödəyib oxusunlar. Universitetlərdə pullu təhsillə oxumaq istəyənlərin üzünə qapıları açsaq, dövlət büdcəsinə milyonlarla gəlir gələr.
Nəinki  Qərb ölkələri, keçmiş sovet  respublikalarının çoxu da xeyli vaxtdır belə təhsil sisteminə keçiblər. Ancaq baxaq, indi Azərbaycanda nə baş verir.İmtahanla ali məktəblərə daxil ola bilməyən abituriyentlər ölkəni tərk edərək  təhsil almaq üçün xarici  ölkələrə üz tuturlar. Ailələr tanıyırıq ki, övladlarını Azərbaycanda  heç imtahan verməyə də qoymadılar, orta məktəbi bitirən kimi yüksək keyfiyyətli təhsil verən dünyanın tanınmış universitetlərindən birinə lazımi məbləğdə vəsait köçürərək övladlarının həmin ali məktəblərdə oxumasına şərait yaratdılar.Üstəlik, qəbul imtahanlarıyla bağlı nə özləri, nə də balalarını stress keçirmədilər. Belə ailələr Azərbaycandan milyonlarla xarici valyuta çıxarır ki, balaları xaricdə mükəmməl təhsil alsınlar. Azərbaycandan çıxarılan bu pulların qarşısını almaq üçün ilk növbədə ali məktəblərə qəbul qaydaları dəyişdirilməli və pullu təhsildən imtahanı götürmək lazımdır. Belə olduqda, biz dünyanın sivil ölkələri kimi hərəkət edər və ölkədən xarici valyutanın çıxmasının qarşısını alarıq. Bu, hazırda iqtisadiyyatımızın aktual məsələlərindən biridir…
– Axı bunun üçün ilk növbədə ali məktəblərimizi mükəmməl kadr və ən müasir elmi-texniki baza, keyfiyyətli dərsliklərlə təmin etmək lazımdır…
– Bu məsələlər tədricən öz həllini tapacaq. Əsas odur ki, ilk addım atılsın və pullu təhsildən qəbul imtahanı götürülsün. Bu halda ali məktəblərimizə öz istəyi ilə qəbul olan tələbələrin sayı birə beş artar. Nəticədə daxil olan gəlir hesabına ali məktəblər öz-özlərini təmin edə bilərlər. Hesablasaq, görərik ki, belə olduğu halda ali məktəblərin əldə edəcəyi gəlir dövlət büdcəsindən onlara ayrılan maliyyənin həcmindən qat-qart artıq olacaq.  Belə olan halda dövlət  ali  təhsil müəssisələriə ayrılan büdcə xərclərini də kəsmək imkanı qazanacaq. Və universitetlərin imkanları artacaq, yeni binalar, laboratoriyalar, yataqxanalar, idman komplekslərinin və s. tikintisi həyata keçiriləcək.Bu halda təhsilin Qərb standartları səviyyəsinə qaldırılması məsələsi də həllini tapacaqdır.
Sirr deyildir ki, hazırda Azərbaycan ali məktəbinin diplomlarıheç bir Avropa ölkəsi, hətta nadir istisnalarla Türkiyə və İran tərəfindən də qəbul edilmir. Səbəb təhsilin keyfiyyətinin aşağı düşməsidir. Ali məktəblər bu saat sovet dövründəki təhsil səviyyəsində də təhsil verə bilmirlər. Bu da əsasən ali məktəblərin maddi imkansızlığı ilə bağlıdır…
– Sizcə. prezident İlham Əliyevn 21 iyun 2017-ci il tarixli sərəncamıyla bəzi aparıcı universitetlərə “publik hüquqi şəxs” statusu verməsi  ali təhsilin keyfiyyətinə necə təsir göstərəcək?
– Bu düzgün qərardır.  Ancaq həmin qərarı həyata keçirmək üçün ali təhsil müəssisəsinə qəbul sayını məhdudlaşdıran amillər aradan qaldırılmalıdır. Ali məktəblərin rəhbərləri bunu etməlidirlər ki, maliyyə imkanları artsın və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün əllərində ciddi maliyyə imkanları olsun. Düzdür, belə olduqda tələbələrin sayı artır. Ancaq bütün çətinliklərə rəğmən ölkənin ali təhsillinin keyfiyyəti arta bilər. Əlbəttə, əgər həmin rəhbərlər Qərb modeli ilə işləsələr. Qərb modeli dedikdə biz Boloniya sistemi yox, Sorbon, Kembric, Berlin və s. tanınmış universitetlərin  təhsil normativlərini nəzərdə tuturuq. Ödənişli yolla qəbulu hazırda  Rusiya, Ukrayna, Belarus, Gürcüstan və s.  kimi ölkələr də həyata keçirir. Elə götürək Moskva Dövlət Universitetini. Orada pullu təhsil almaq istəyənlər, sənədlərini verib, pullarını ödəyib imtahansız qəbul olurlar. Bu prinsip bütün Rusiya Ali məktəblərində də tətbiq edilir. Odur ki, indi Azərbaycanda qəbul imtahanı verə bilməyənlər üz tuturlar Rusiyaya və başqa ölkələrə…
 
– Tahir müəllim, sizin dediklərinizdən belə çıxır ki, kasıb balaları zülm çəkib, stress keçirib imtahan verəcək və pulsuz şəkildə ali təhsil almaq hüququ qazana biləcək. Ancaq varlı uşaqları orta məktəbi necə bitirməklərindən asılı olmayaraq  yalnız lazımi məbləğdə pul ödəməklə istədikləri universitetə qəbul ediləcək. Digər sahələr kimi, təhsil sahəsi də korrupsiyaya bulaşmış hazırkı gerçək Azərbaycan şəraitində kim zəmanət verə bilər ki, imkanlı balaları əvvəlki kimi heç bir kitab üzü açmadan dolayı yollarla ali məktəbi başa vuraraq diplom alacaq. Və nəticədə yenə də  savadsız, rüşvətxor kadrlar vəzifələrə yiyələnəcək, müəllim, həkim, mühəndis və s. olacaqlar, yoxsul övladları isə diplom alsalar da, işsiz qalacaqlar?
-Tahir müəllim, sizin dediklərinizdən belə çıxır ki, kasıb balaları zülm çəkib, stress keçirib imtahan verəcək və pulsuz şəkildə ali təhsil almaq hüququ qazana biləcək. Ancaq varlı uşaqları orta məktəbi necə bitirməklərindən asılı olmayaraq yalnız lazımi məbləğdə pul ödəməklə istədikləri universitetə qəbul ediləcək. Digər sahələr kimi, təhsil sahəsi də korrupsiyaya bulaşmış hazırkı gerçək Azərbaycan şəraitində kim zəmanət verə bilər ki, imkanlı balaları əvvəlki kimi heç bir kitab üzü açmadan dolayı yollarla ali məktəbi başa vuraraq diplom alacaq. Və nəticədə yenə də savadsız, rüşvətxor kadrlar vəzifələrə yiyələnəcək, müəllim, həkim, mühəndis və s. olacaq, yoxsul övladları isə lazımi dərəcədə ixtisaslarına yiyələnib diplom alsalar da, işsiz qalacaqlar? 
-Söhbət təkcə kaslb balalarından getmir, bütün təbəqələrə aiddir… Ümumiyyətlə, pulsuz təhsili dövlət təmin edir və odur ki, belə təhsil almaq üçün abituriyentin hazırlaşıb imtahan verməsi vacibdir və bu aşkarlıq şəraitində keçirilməlidir. Biz təklif etdiyimiz Qərb modelində nəzərdə tutulmuş normativləri yerinə yetirməyənə diplom verilə bilməz. “Amac” bunun qarşısını almaq üçün optimal variantlar hazırlayır. Əgər Qərb modelinin normativlərinin yerinə yetirilməsinin düzgün mexanizmini qursaq, Azərbaycanda ali məktəblər savadsız məzun buraxmayacaqlar. Savadlı, ağıllı və dərrakəli məzunlar heç vaxt işsiz qalmırlar. Yalan sözdür ki, kasıb balaları özünə iş tapmırlar. Düzdür, Azərbaycan cəmiyyətində “day-day” anlayışı var, ancaq ağıllı, vicdanlı, iş bilən, bacarıqlı kadrlara indi də təlabat böyükdür. Kimlərsə “day-daylıq” edib, səni vəzifəyə gətirə bilərlər, ancaq tutduğun vəzifədə qala bilməzsən. Bu saat Azərbaycanın bütün vəzifəlilərinin qarşısında Prezident belə şərt qoyub; rəhbərlik etdiyi sahə və ya müəssisə  Azərbaycana gəlir gətirməlidir. Ağılsız, savadsız və saxta diplomlular bunun öhdəsindən heç cür gələ bilməzlər. Aydındır ki, Prezident belələrindən Azərbaycan cəmiyyətini təmizləməlidir. Odur ki, təhsil sistemində, o cümlədən ali məktəblərdə islahatlar aparır. Məqsədimiz bu islahatlara dəstək verməkdir. O ki qaldı kasıb və yaxud dövlətli övladlarına; hər iki zümrənin ağllısı da var, axmağı da. Sadəcə,  hər bir gənc anlamalıdır ki, qarşısına qoyulan təhsil normativlərini yerinə yetirmədən diplom ala bilməyəcək…
 
-Ümumiyyətlə, Azərbaycanda, rüşvətxorluq və bürokratiyanın olduğu bir şəraitdə dedikləriniz həyata keçirib Avropa tipli təhsil ocaqları yaratmaq mümkün olacaqmı? 
-Bu nəinki mümkündür. Bunu həyat tələb edir. Söhbətiizin əvvəlində biz Prezident İlham Əliyevin bəzi ali məktəblərin “Publik hüquqi şəxs”ə çevrilməsi haqdakı qərarından danışdıq. Bu, elə Avropa modelinin Azərbaycana gətirilməsi deməkdir. Bizə elə gəlir ki, Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyevanın Avropa səfərləri zamanı ali məktəbləri ziyarət edərək onların təhsil sistemi ilə tanışlığı da ölkəmizdə bu cür islahatların aparılmasına təkan vermişdir. Və Azərbaycanın belə təhsil sisteminə keçməsi üçün bütün imkanları var.
“Amac”ın irli sürdüyü təklif ilk növbədə ali məktəblərin maliyyə imkanlarını artırır, qəbul sisteminin Avropa və ABŞ-da olduğu kimi qurulmasına şərait yaradır…
 
-Əvvəllər universitetlərimiz gələcəkdə alim, akademik kimi yetişə biləcək ali təhsilli tədqiqatçılar; riyaziyyatçı, fizik, bioloq, kimyaçılar və s. hazırlayırdı. İndi isə yalnız fizika, biologiya, kimya, riyaziyyat və s. müəllimləri buraxırlar. Səbəbi nədə görüsünüz?
 – Bəli, bu, çox ciddi məsələdir. Amma səbəbi çox sadədir. Azərbaycan ali məktəblərinin  hazırkı maddi-texniki bazası, köhnə cihazlar və s. yüksək elmi tədqiqatlar aparmağa imkan vermir. Odur ki, biz 3-cü təklifi vermişik. Ali təhsil  müəssisələrimizin maddi-texniki bazalarının Qərb universitetlərinin səviyyəsinə  çatdırılması…
Bundan əlavə, ali məktəblərdə əldə edilən nailiyyətlərin yayılması və tətbiq olunması da sual altındadır. Biz tələbələrimizi elmi tədqiqatlara cəlb etməklə onların gələcəkdə əldə edəcəkləri nailiyyətlərin necə tətbiq olunacağını da əyani şəkildə göstərməliyik. Belə olduqda tələbələrdə elmə olan həvəs artar və Azərbaycan elminin inkişafı üçün zəmin yaranar. Gəlin razılaşaq ki, bu saat tələbələrimizdə elmə həvəs heçə enib. Əksəriyyət yalnız  diplom almağı və qazanclı işə düzəlməyi düşünür. Elmə cəlb olunmuş tələbələrin psixologiyası dəyişməli və onlar hiss etməlidirlər ki, elmi nailiyyətlər əldə etsələr, onları gözəl həyat gözləyir. Hər şey ali məktəblərə pullu təhsilin qəbulunun liberallaşmasından asılıdır…
-Tahir müəllim, o da var ki,   təhsilin keyfiyyətini Qərb səviyyəsinə yüksəltmək üçün öncə müəllimlərin maaşlarını da dünya standartlarına uyğunlaşdırmaq gərəkdir. Az maaşla nadir müəllimlər fədakarlıq göstərib özünü şam kimi əridər…
-Əlbəttə ki, bu belədir. Amma müəllimlərin əmək haqqını yüksəltmək üçün  öncə universitetlər özü-özünü lazımınca təmin etməlidir. Bundan ötrü də bizim ödənişli qəbulun liberalladşırılması haqdakı təklifimiz düzgün ideyadır. Və bu həyata keçsə,  hər bir müəllim işinə, zəhmətinə, yetişdirdiyi kadrların keyfiyyətinə görə  yüksək maaşla təmin ediləcək. Ən əsası odur ki, ali məktəblərdə rüşvətin qarşısının alınması üçün Qərb mexanizmlərindən istifadə edə biləcəyik.
 
-“Qərb mexanizmi” dedikdə nəyi nəzərdə tutursunuz?
 -Xaricdə təhsil alanlar fənni bilmədən sessiya imtahanına buraxılmırlar. Bu, sadə, həm də dəyərli addımdır. Tələbələrin qarşısına fənn üzrə normativlər qoyulur, normativdən irəli gələn kitablar oxunulmalı, müəllimə danışılmalı, seminarlarda müzakirə olunmalı və ciddii referatlar yazılmalıdır. Onlar bütün normativləri yerinə yetirdikdən sonra, yəni bu və ya digər fənnə aid kitab, məqalə və mühazirə materialları oxuyub müəllimə danışandan sonra imtahana buraxılır. Əgər tələbə imtahanda kəsilirsə, buna görə müəllim cəzalandırılır. Odur ki, xarici ali məktəblərdə  bizdəki məşhur “tapış”, yəni “tapşırıq” yoxdur. Azərbaycan təhsilinin evini yıxan elə “tapşırıqdır”. Bəzən elə alınır ki, iki ulağın arpasını bölə bilməyənə hətta qırmızı diplom da verilir. Bunun qarşısını almasaq, Azərbaycanda ali təhsilin səviyyəsi heçə enəcək. Tələbə hiss etməlidir ki, yaxşı oxumasa, ona heç kim qiymət verməyəcək…
Məhz bu cür neqativ halların qarşısını almaq məqsədi ilə “Amac”ın təklifinin 5-ci maddəsi ali təhsildə korrupsiya hallarına son qoyulmasıdır. Bu saat bir çox ali məktəblərdə DİM-in, keçmiş TQDK-nın siyahısında adı olmayan minlərlə tələbələr oxuyur ki, çoxları bu ali məktəblərə “perevod” yolu ilə qəbul olunub. Sxem çox sadədir. Azərbaycanlı balaları Rusiya, Ukrayna, Gürcüstan və s. respublikalarda ali məktəblərə pul keçirib qəbul olurlar. Bir neçə ildən sonra Vətənə qayıdıb, əlbəttə ki, dədələrinin puluyla istədikləri ali məktəbə “perevod” olurlar, yəni köçürülürlər. Məgər bu, korrupsiya deyil? Kim deyər ki, bunlar ali məktəbə “perevod” alarkən havayı keçib. Bütün bu pullar Azərbaycanın büdcəsinə keçirilməlidir. Bunun bir yolu var- ödənişli yolla elə Azərbaycanın özündə təhsil almaq. Bu aşkarlığa gətirir. Aşkarlıq olan yerdə isə, korrupsiya olmur…
-Ali təhsil ocaqlarına qəbulda aşkarlığı nədə görürsünüz? 
-Azərbaycan cəmiyyəti demokratikləşir. Ali məktəblərin bir neçəsini Azərbaycan Prezidenti “Publik hüquqi şəxs “ elan etdi. Dərinə getsək, görərik ki, bu struktur Fransadan götürülmüşdür və Ali məktəblərdə müəllimlərin idarəçilikdə yaxından iştirakını təmin edəcək. Bu, demokratiyanın aşkarlıq prinsipinə arxalanan bir addımdır. Ali məktəbə özünü idarə etmək hüququnu verir. Odur ki, ali məktəbin maliyyə imkanlarının artırılması üçün pullu təhsillə qəbul olunanlar test imtahanlarından azad olmalıdır. Belə olduqda Prezidentimizin bu fərmanı həyata keçəcək və ali təhsil müəssisəsi dövlətdən asılı olmayacaq. Amma bununla belə, dövlətə lazım olan mütəxəssisləri hazırlayacaq…
 
-7-ci təklifiniz də maraqlıdır: Gənclərin təhsil alması üçün hər cür şəraitin yaradılması… 
-Gənclər problemi ölkəmizin ən vacib məsələlərdən biridir. Azərbaycan valideynləri varlı və ya yoxsullqdan asılı olmayaraq balalarını oxutmaq arzusundadırlar. Bu, Azərbaycan mentalitetinə xas olan əlamətdir Təəssüf ki, bu gün orta məktəbi qurtarmış on minlərlə gənc Bakımızın və başqa şəhərlərimizin küçələrində veyillənərək küçə uşaqlarına çevrilir, cinayətkarlara və narkomanlara qoşulurlar. İdman və Gənclər Nazirliyi bunun qarşısını ala bilmir, çünki söhbət on minlərlə gəncdən gedir. Hamını idmançı etmək olmaz. Məsələnin həlli isə çox asandır: Övladlarını Ali məktəbdə oxumağa cəlb edən valideynlər üçün Qərbdə və başqa ölkələrdə olduğu kimi, övladlarını  oxutmalarına şərait yaratmaq. Xarici abituriyentlərə verdiyimiz imtiyazları özümüzünkülərə də verməliyik. Bu saat xarici gənclər Bakıya gəlib, istədiyi ali məktəbi seçir və pullarını keçirib tələbə adını alırlar…
 
-Bəs pulsuz təhsilə qəbul necə olmalıdır? 
-8-ci təklifimiz məhz buna aiddir. İmtahanla qəbul pulsuz təhsil alanlar üçün olmalıdır və dövlətə nə qədər mütəxəssis lazımdırsa, o qədər hazırlanmalıdır və s.. Belə olduqda, Nazirlər Kabineti ölkəyə hansı ixtisasların nə qədər mütəxəssis lazım olduğunu müəyyənləşdirməlidir. Məsələn, 25 hüquqşünas, 20 diplomat, 100 mühəndis və s.  Həmin gələcək kadrların  pulsuz təhsili üçün də dövlət pul ayırmalıdır. Bu kateqoriya ilə oxumaq istəyənlər ciddi imtahan prosesini keçməlidir ki, dövlətdən yardım alsınlar.
-Bəs tələbə necə etməldir ki, məhz sevdiyi, həvəsində olduğu ixtisas üzrə qəbul olsun?
-9-cu təklifimiz ödənişli təhsildə tələbənin özünün istədiyi ixtisası seçməsidir. Testlə qəbul olan abituriyentlərin çoxu seçdiyi ixtisasa keçə bilmədikdə məcbur olub başqa ixtisasları seçir. Məcburi seçim qarşısında qalan tələbə isə ancaq diplom xatirinə oxuyur. Tələbəni oxumağa məcbur edən seçiminin motivasiyası olmadıqda aldığı təhsilin də keyfiyyəti olmur. Ali məktəb müəllimləri bir ağızdan tələbələrin oxumadıqlarından, təhsilə həvəslərinin olmadığından danışırlar. Azərbaycan təhsilinin keyfiyyətsizliyi hər şeydən əvvəl bununla bağlıdır. Tələbəni Qərb ölkələri kimi kitaba bağlamalıyıq… Ali məktəblərə qəbul liberallaşsa, biz təhsildən məcburi seçim anlayışından da uzaqlaşırıq. Ən əsası odur ki, ölkəni oxumaq üçün tərk edən gənclərin sayını azaldarıq…
 
-Tahir müəllim, “Amac”ın qəbulla bağlı sözügedən təklifinin həyata keçəcəyi halda ali məktəblərə qəbul olanları sayı artacaq. Amma digər bir məsələ var: diplom aldıqdan sonra iş tapmaq məsələsi… Onsuz da bizdə hazırda da ali məktəb bitirənlərin xeyli hissəsi ixtisasına uyğun iş tapmaqda böyük çətinlik çəkir…
-Azərbaycanda bu saat yüksək savadlı, ağıllı və dərrakəli insanlara böyük tələbat var. Ağlın özünəməxsus bir xüsusiyyəti var. Ağıllı insan ağlına arxalanıb özü iş yerləri də aça bilər. Azərbaycan cəmiyyətində bunun üçün istənilən şərait var. İstehsal sahələrindən tutmuş, humanitar sahələrə qədər. Ağıllı ali savadlı və bilikli məzunlar heç vaxt işsiz qalmazlar. Bütün cəmiyyətlər ağıllı insanlara möhtacdır. Ancaq o adamın ki, diplomu var, ağlı, savadı yoxdur,ondan heç vaxt cəmiyyətə fayda gəlməz…
Sultan Laçın