Qafqaz İslam Ordusunun Bakını azad etməsi — Tağıyevin ziyafəti və Xoyskinin təbriki

Qafqaz İslam Ordusunun fəaliyyət hərəkatı Azərbaycanın istiqlal tarixində və bunun kimi də milli müqəddəratının həllində mühüm rolu olan bir hadisədir.

“Ölkə.Az” bu gün oxucularına Bakının 15 sentyabr tarixində işğaldan azad edilməsi ilə bağlı qısa yazını təqdim edir.
I Dünya müharibəsinin başlanması və müharibənin məhrumiyyətləri, həm də Rusiyadakı hakimiyyət çevrilişləri Qafqazlarda, о cümlədən Azərbaycanda öz dərin təsirini göstərməkdə idi. Bir yandan da Osmanlı – Rusiya qoşunlarının üz-üzə dayandıqları Qafqaz cəbhəsi çox yaxında idi. Buna görə də öz milli taleyi uğrunda mübarizə meydanına girən Azərbaycandan istər Osmanlı türk cəbhəsi komandanlığına, istərsə də dövlətə tez-tez müraciətlər olurdu. Ermənilərin müsəlmanlara; Azərbaycanın paytaxtı Bakıda, ardınca digər bölgələrdə başladığı soyqırımlar Osmanlı dövlətini nəhayət qardaş xalqlara bir an gecikmədən hərbi yardıma keçməyə sövq etdi. Təcili olaraq Mosul cəbhəsindən göndərilən ilk yardımın ardınca mükəmməl hərbi yardım olaraq nəzərdə tutulan Qafqaz İslam Ordusu hissələri Azərbaycana yetişir. Nuri paşa komandanlığı altında ilk dəstələr Cənubi Azərbaycan – Naxçıvan – Qarabağ yolu ilə Gəncəyə daxil olduğu tarixlə eyni günlərdə Tiflisdə Milli Şura Azərbaycanın istiqlal bəyannaməsini elan edir. Ölkədə möhkəmlənmiş bolşevik-daşnak qüvvələrinə, habelə sonra gələn ingilis müdaxiləçiləriylə qarşı-qarşıya gələn Qafqaz İslam Ordusunun Gəncədən başlayan mücadilə yolu Bakıya istiqamətlənmişdi. Tərkibi ermənilərdən ibarət olan Kommuna qoşunlarını Bakıyadək sıxışdıran Türk-İslam Ordusu Azərbaycanın əsarətdə qalan kənd və şəhərlərini bir-birinin ardınca azad edərək Bakıya yaxınlaşır. 15 sentyabrda böyük qurbanlar bahasına nəhayət azad edilən Bakıdan sonra bu xilaskar qoşunun yolu Dərbəndədir.

1917-ci ilin oktyabrında Bolşevik çevrilişi nəticəsində yaranmış şəraitdən istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulur. Yaranmış siyasi boşluqdan bəhrələnən ermənilər illərdən bəri saxladığı gizli niyyəti – “Böyük Ermənistan” planının həyata keçirilməsi uğrunda silahlı fəaliyyətə başlayır; başda Bakı və Qarabağ olmaq üzrə Azərbaycanın müxtəlif yerlərində qətliamlara girişərək mümkün olduğu qədər geniş ərazilər ələ keçirməyə çalışırlar. Bu faciədən mövcud şərtlər altında öz imkanları ilə xilas ola bilməyəcəklərini görən Azərbaycanlılar Osmanlı Türkiyəsinə təcili yardım tələbi ilə müraciət etdilər. Azərbaycan türklərinin yox olma təhlükəsi qarşısında olduğunu anlayan Osmanlı Dövləti hərbi hazırlıqlar görmək məqsədilə Nuru Paşa komandası altında bir əsgəri heyəti Gəncəyə göndərir. Dərhal ardınca “Qafqaz İslam Ordusu” adı verilən bir ordu Azərbaycana sövq edilir. Bu ordu yerli Azərbaycan könüllülərilə birləşərək irəli hərəkata başlayır; Göyçay Kürdəmir, Ağsu, Şamaxıda erməni-bolşevik qüvvələrini məğlubiyyətə uğradaraq, avqustun əvvəllərində Bakının ətrafına yetişir. Burada 45 gün davam edən mühasirə və çarpışmalar nəticəsində Qafqaz İslam Ordusu erməni, bolşevik-rus və ingilislərdən ibarət qüvvələri yenərək 1918-ci il sentyabrın 15-də Bakını xilas edir. Beş aydan artıq sürən və 1200 civarında Osmanlı və Azərbaycan türkünün Şəhid olduğu bu hərəkat nəticəsində Azərbaycan tamamən xilas olur və ölkənin ərazi bütövlüyü təmin olunur.

Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldu.

15 sentyabr 1918: “Azərbaycan” qəzetinin ilk sayı çap edilmişdir (Gəncədə). Bu sayda Bakının azad edilməsi haqqında xəbərlər dərc edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuri paşa həzrətlərinin teleqramı: Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18 saat 9-a işləmiş igid ordu hissələri-miz tərəfindən azad olundu. Qafqaz İslam Ordusu komandanı FerikNuri 15 sentyabr 1918: AXC hökuməti sədri Fətəli xan Xoyskinin qəhrəman Nuri paşaya təbriki: Qafqaz İslam Ordusunun komandanı səadətli Nuri paşa həzrətlərinə. Təhti-komandanızda olan igid türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşmənlərdən xilas edilməsi münasibətilə millətim zatil-həmiyyəti-pərvəranələrinizə və dünyanın ən nəcib və cəsur əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm,əfəndim.

Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Hikmət Həsənov
Ölkə.Az