“Azərbaycanda 11-ci qızıl orduya qoyulmuş heykəlin sökülməsinə qarşıyam”

“26 Bakı Komissarı Azərbaycan tarixinin tərkib hissəsidir. Onu kitablardan silib atmaq olmaz. Əksinə, onu dərindən öyrənib, tarixdən dərs çıxartmalıyıq”.

Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) professoru, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə bildirib.

N.Şəmsizadə deyib ki, Azərbaycanın görkəmli yazıçıları tərəfindən yazılmış və 26 Bakı Komissarını təbliğ edən bir çox əsərlər yazılıb:

“Ancaq həmin əsərləri silib yığışdırmaq doğru olmazdı. Misal üçün, Məmməd Səid Ordubadinin “Gizli Bakı”, “Döyüşən şəhər”, Qılman İlkinin “Şimal küləyi” romanlarında və digər tanınmış yazıçıların əsərlərində 26 Bakı Komissarı ilə bağlı obrazlar var. Ancaq biz keçmişdə hər məsələyə sinfi yanaşdığımız üçün etiraz doğurmurdu. Yəni, yazıçılar bu ideyalara inanırdılar. Mirzə Ələkbər Sabir kimi adam “Beynəlmiləl” kimi şeir yazıb. Məgər onların əməllərini Mirzə Ələkbər Sabir görmürdü? Məsələ burasındadır ki, mən hətta bir zamanlar Azərbaycanda qoyulmuş 11-ci qızıl ordunun heykəlinin sökülməsinə tərəfdar deyildim və indi də qarşıyam. Axı bu heykəli nə üçün sökürdük? Bunun əvəzinə həmin heykəlin ətrafını zəncirləyib, üzərinə lövhə vurmaq lazım idi. Həmin lövhənin üzərinə də yazılmalı idi ki, 11-ci qızıl ordu 1920-ci il aprelin 28-də Azərbaycanı işğal edib və sairə. Gənc nəsil də onu oxuyub məlumatlanacaqdı”.

Professor qeyd edib ki, 26 Bakı Komissarının əksəriyyətinin erməni daşnaqları, onların başçılarının isə Stepan Şaumyan olmasına heç kəs şübhə etmir:

“Ancaq 26 Bakı Komissarının tərkibində yəhudilər, Baltikyanı ölkələrin nümayəndələri və azərbaycanlılar da vardı. O vaxtı bu məsələ belə qoyulmurdu. Ondan əvvəl, yəni 1918-ci ildə də ermənilər qırğın törətmişdi. Ancaq keçmiş Sovet İttifaqı bu xalqları birləşdirmişdi. Əslində, onlar milli birlik deyil, sinfi birlik adamları idi. Əlbəttə ki, bu gün 26 Bakı Komissarı adını Azərbaycanda əbədiləşdirmək düzgün deyil. Çünki onların adı millətlərarası qırğınla, qanla, türklərə, azərbaycanlılara nifrətlə bağlıdır. Burada fərqli məsələlər var. Misal üçün, Səməd Vurğun “26-lar” poeması yazıb. Bəs həmin əsəri nə edək? Silib ataqmı? Yaxşısı bir yana qalsın, bütün bunlar bizim tariximizdir. Hesab edirəm ki, 26 Bakı Komissarının üstünü örtmək, gizlətmək əvəzinə, onların törətdikləri cinayətlərin üstünü açmaq, 26 Bakı Komissarı tərkibində təmsil olunmuş azərbaycanlıların gördükləri işləri göstərmək lazımdır. Açıq deyirəm ki, mən indi Azərbaycanda 26 Bakı Komissarı adını daşıyan heç bir küçə və ya adın, abidənin olmasını istəmirəm. Ancaq bütün bunlar o demək deyil ki, biz 26 Bakı Komissarını kitablardan da silib ataq. Əskinə, bunu öyrənmək lazımdır. Çünki 26 Bakı Komissarı tariximizin bir hissəsi olub”.

Vasif Həsənli
Ölkə.Az