Ortaq türk tarixi dərsliyinin yekun layihəsi qəbul olunub

Qazaxıstanın paytaxtı Astanada “Ortaq türk tarixi” dərsliyi üzrə işçi qrupun iclası keçirilib. İclasda dərsliyin yekun layihəsi qəbul olunub və iclasın qərar protokolu imzalanıb.

Beynəlxalq Türk Akademiyasının (TWESCO) hazırladığı XV əsrə qədər “Ortaq türk tarixi” dərsliyi layihəsinə dair yekun ekspertlər iclasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Təhsil nazirliklərindən ekspertlər və Beynəlxalq Türk Akademiyasından nümayəndələr, tarixçilər iştirak ediblər.

Akademiyanın prezidenti Darxan Kıdırali bir neçə ildir üzərində iş aparılan layihə barədə məlumat verərək bildirib ki, Beynəlxalq Türk Akademiyasının dəvəti əsasında dərsliyin son versiyası üzərində beş gündür intensiv şəkildə çalışan ekspertlər layihəni ətraflı dəyərləndirib, lazımi düzəlişləri edərək kitabın məzmununu daha da zənginləşdiriblər.

Orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan dərslik XV əsrə qədərki dövrü əhatə edir və 7 əsas hissədən ibarətdir. İclasda tərəflər “Ortaq türk tarixi” dərsliyinin son layihəsi üzərində aparılan işlərdən razılıq ifadə ediblər.

İşçi qrupun görüşünün nəticələrinə əsasən, iclasın qərar protokolu imzalanıb. Protokola görə, tərəflər dərslik layihəsinin 2018-ci ilin mart ayında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan TDƏŞ Dövlət Başçıları Şurasının 6-cı Zirvə toplantısında dövlət rəhbərlərinə təqdim edilməsi məsələsində razılığa gəliblər.

Qeyd edək ki, növbəti mərhələdə türk tarixinin XV əsrdən müasir zamana qədər olan dövrünü əhatə edəcək dərsliyin hazırlanması nəzərdə tutulur.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana