Qüdrət Həsənquliyev: “Dini ekstremizmə qarşı mübarizənin yolu təhsildən və kasıbçılığın aradan qaldırılmasından keçir”

“Azərbaycandan 900 nəfərin İŞİD terror təşkilatına qoşulması ölkə üçün böyük təhlükədir”.

Bunu “Ölkə.Az”-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev dini ekstermizmə qarşı mübarizənin aradan qaldırılması üçün təhsil ocaqlarının sayının artırılmasını təklif edib:

“Mən bir neçə dəfə söyləmişəm ki, dini ekstremizmə qarşı mübarizənin yolu təhsildən və kasıbçılığın aradan qaldırılmasından keçir. Bunun üçün də biz Azərbaycanda ali məktəblərin sayının artırılmasına çalışmalıyıq. Mən dəfələrlə söyləmişəm ki, Azərbaycanda adam başına düşən ali təhsillilərin sayına görə biz region dövlətlərindən də dəfələrlə geridə qalırıq. Bunun üçün yeni universitetlər açılmalıdır, məktəbəqədər təhsil müəssisələri yaradılmalıdır. Hazırda uşaqlarımızın cəmi 25 faizə qədəri təhsil ala bilir. Biz daha çox qızların təhsil almasına da çalışmalıyıq. Çünki Azərbaycanın bir sıra bölgələrində qız övladlarını məktəblərə göndərmirlər. Vacib deyil ki, o qızların hamısı təhsil alandan sonra mütləq işləsin. Onlar gələcəkdə ali təhsilli evdar qadın kimi daha savadlı uşaq böyüdə bilərlər. Digər tərəfdən isə onların təhsil almaları erkən yaşda ərə getməyin qarşısını da alacaq. Bütün bunların yolu təhsildən keçir”.

Deputat qeyd edib ki, əgər təhsilli adam mənəvi dəyərlərə sahib deyilsə, o, cahil insandan daha çox təhlükəlidir:

“Çünki həmin insan bilikli olduğu üçün bundan mənəvi dəyərləri olmadığına görə mənfi istiqamətlərə istifadə edəcək. Ona görə də mənəvi dəyərlər, xeyirxahlıq, xeyriyyəçilik, insanlara sevgi və bərabərlik təbliğ olunmalıdır. Belə olan halda imkanlı insanlar da öz gəlirlərinin bir hissəsini kasıb insanlara, təhsil almaq və xəstələnib müalicə almaq imkanı olmayan şəxslərə ayıracaqlar. Düşünürəm ki, xeyriyyəçilik Azərbaycan cəmiyyətində böyük hərəkata çevrilməlidir. Hər bir imkanı olan insan da xeyriyyə aksiyalarına qoşulmalıdır. Mən bu yaxınlarda aparılan bir sorğu ilə tanış oldum. Həmin sorğuda göstərilir ki, Azərbaycan xeyriyyəçiliyə görə regionda ən aşağı yerlərdən birini tutur. Hesab edirəm ki, bütün bunlar da mənəvi dəyərlərin lazımınca təbliğ olunmaması və problemlərin olması ilə bağlıdır. Bəzən eşidirsən ki, kimsə kimisə Həcc ziyarətinə göndərir. Bu İslam dinində qadağandır. Dində buyrulur ki, insanlar yalnız öz zəhməti ilə qazandığı vəsait hesabına Həcc ziyarətinə getməlidir. Hətta, başqası sənə təklif etsə də, sən bunu qəbul etməməlisən. Bu bir daha onu göstərir ki, insanlarımız hələ də dini dərindən bilmirlər”.

Partiya sədri vurğulayıb ki, əgər kiminsə yaxşı imkanı varsa, o adam insanları Həcc ziyarətinə göndərmək əvəzinə, kasıb olan, məktəbə daxil olan, ancaq təhsil almaq imkanı olmayan, müalicə üçün vəsaitə ehtiyacı olan insanlara kömək etməlidir:

“Bölgələrdə din xadimlərinin sözləri deputatın sözlərindən daha çox təsir imkanına malikdir. Ona görə də din xadimləri savadlı olmalıdır və insanları mənəviyyata çağırmalı, maarifləndirməlidirlər. Əgər Azərbaycanda din düzgün çatdırılsa, bu, ölkəni cahillikdən xilas edəcək”.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev Azərbaycandan 900 nəfərin İŞİD terror təşkilatına qoşulduğunu bəyan edib.

M.Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

Vasif Həsənli
Ölkə.Az