Repetitorluq zərbə aldı – Təhsil mütəxəsisləri izah edir

2018-2019-cu illərdə qəbul və buraxılış imtahanlarında heç bir dəyişikliyin nəzərdə tutulmadığını vurğulayan Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə əsas dəyişikliklərin 2019-cu ildə tətbiq olunacağını deyib.
Onun sözlərinə görə, 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim ediləcək və müddət yenə üç saat olacaq: “2009-cu ildən məktəblərdə kurikulum əsasında tədris qurulub.
Buraxılış imtahanları iki mərhələdə aparılıb. Tamamilə yeni növ qiymətləndirmə-ölçmə materialları istifadə olunub. Kurikulum əsasında təhsil alan uşaqlar iki ildən sonra on birinci sinfə çatanda onların buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər olacaq”.
Mərkəz direktoru bildirib ki, dəyişikliyin nədən ibarət olması açıqlanıb, gələn həftə bununla əlaqədar geniş məlumatlar veriləcək: “İndi onuncu sinifdə oxuyan şagirdlərin valideynləri çox narahatdırlar. Çünki bilmirlər ki, hansı fənlərdən imtahanlar olacaq.
2019-cu ildə buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq. Bunlar ana dili, riyaziyyat və xarici dil fənləridir. Buraxılış imtahanın formatı necə olubsa, yenə həmin formatda nəzərdə tutulub. Təbii ki, yeni növ imtahanı vermək üçün uşaqlar hazırdırlar. O ki qaldı qəbul imtahanlarına, indiyədək qəbul imtahanlarında eyni balı toplayan uşaqlar bir yerdə müsabiqədə iştirak edirdilərsə, ikinci mərhələdə ikinci kriteriya kimi attestat balı nəzərə alınırdı.
 2019-cu ildə nəzərdə tutulur ki, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gəlsin, ümumi nəticə əldə olunsun. Misal üçün, buraxılış imtahanında topladığı bal 300 baldırsa, o bal qəbul imtahanında topladığı nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir. Abituriyentlərə qəbul imtahanlarında beş fənn üç saat ərzində təqdim olunurdu. 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim olunacaq. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Yeni növ tapşırıqlar o deməkdir ki, onların cavabı olmayacaq. Abituriyent o cavabı özü yazmalıdır”.
M.Abbaszadənin sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq:
 “Qabiliyyət tələb edən ixtisaslara qəbul indiyə qədər necə olubsa, biz nəzərdə tuturuq ki, yenə həmin şəkildə aparılsın”.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiqini şərh edən təhsil eksperti Kamran Əsədov xatırladıb ki, qüvvədə olan qanunvericiliyə görə, bu gün ali məktəblərə qəbul olmaq üçün abituriyentlər 4 ixtisas qrupu üzrə həmin ixtisas qrupuna daxil olan 5 fəndən imtahan verirlər və əlavə olaraq buraxılış imtahanlarında 3 fəndən ayrıca imtahanda iştirak edirlər. Bu da 8 fənn edir. 2019-cu ildən tətbiq olunacaq DİM-nin açıqlamasından belə aydın olur ki, gələn ildən qəbul imtahanlarında daha 5 fənn yox, 6 fəndən imtahan olacaq:
“Buraxılış və qəbul imtahanlarında təkrar olunan fənlər yalnız bunlardan birində qalacaq. Yəni Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri ya qəbul, ya da buraxılış imtahanlarında saxlanılacaq və ya buraxılış imtahanlarında hansısa fənlər çıxarılıb digərləri ilə əvəz olunacaq ki, o fənlər də qəbul imtahanlarında olmayacaq. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək, buraxılış imtahanında fənlərin sayını artırmaq və ya qəbul imtahanlarında fənlərin sayını azaltmaq sualların çətinlik dərəcəsini artırmaq deməkdir ki, buna, hələ ki, bizim reallıq və məktəblərimiz hazır deyillər. Hazırda Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərin sayına və çətinlik dərəcəsinə görə çox ağır imtahanlar sırasındadır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə imzaladığı təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm ki, bütün ixtisas qruplarında riyaziyyat fənninin olması anlaşılan və faydalı deyil. Humanitar sahəyə gedən şəxs daha çox oxumaq istədiyi və marağı olduğu istiqamətlər üzrə lazım olan fənlərdən imtahan verməlidir. Tarixçinin, hüquqşünasın akademik səviyyədə riyaziyyatdan imtahan verməsi lazım deyil. Bundan əlavə orta məktəbin nüfuzunun qaldırılması, şagirdlərin buraxılış imtahanlarına və orta məktəb dərslərinə maraqlarının artırılması üçün 2019-cu ildən tətbiq ediləcək yeniliklər mütərəqqi addım olacaq. Bilirsiniz, ali məktəblərə qəbul sadə olmalıdır. Bir misal deyim: Fransada universitetlər hər kəs üçün açıqdır. Universitetlərə daxil olmaq üçün qəbul imtahanları keçirilmir və təhsil pulsuzdur. Orta təhsil haqqında sənədi – bakalavr diplomunu alan hər kəs sənədlərini istədiyi universitetə verə bilər. Əgər namizəd orta məktəbdə yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə qəbul edirlər”.
K.Əsədovun sözlərinə görə, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq. O hesab edir ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repetitorluğun aradan qaldırılmasına kömək edəcək. Lakin şagirdin keçdiyi fənlər üzrə qiymətləndirmə aparılmalı və bunun mexanizmi hazırlanmalıdır:
“Bilirsiniz, son illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhlili zamanı ortaya çox fərqli bir mənzərə çıxır. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir. Mənim təklif edəcəyim yeniliklərdən biri də odur ki, humanitar, təbiət elmləri, riyaziyyat-informatika və digər təhsil sahələri üzrə qiymətləndirmənin nəticələri ümumiləşdirilməli və abituriyentə bununla bağlı sertifikat verilməlidir. Abituriyent də hansı sahə üzrə daha yüksək göstəricisi varsa, o sahəyə getməlidir. Doğru deyil ki, uşaq buraxılış imtahanı verir, bir ay sonra da qəbul imtahanı başlayır. Qısa müddət içərisində psixoloji cəhətdən tam formalaşmamış gənci bu qədər imtahan stressinə, gərginliyinə salmaq olmaz. Amma burda bir sıra məsələləri yaddan çıxarmaq olmaz.
Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olmadığı, qəbul imtahanlarında isə tam əksinə, yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu qeyd etmək lazımdır. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyillər. Bu prosesi həyata keçirmək 12 illik təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış çox çətindir. Bir məsələni qeyd edim ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi fikri yeni məsələ olmayıb, uzun illərdən bəri zaman-zaman gündəmə gətirilən məsələlərdən biridir. Belə bir sistem dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən keçmiş sovet respublikalarının bəzilərində də neçə illərdən bəri uğurla tətbiq olunur. Hazırda Qazaxıstanda ali məktəblərə qəbul imtahanları ilə orta məktəblərin buraxılış imtahanları vahid formada keçirilir və bu da abituriyentlərin ali məktəblərə qəbul zamanı yükünü azaldır. Bundan başqa, Rusiyada vahid imtahanlar keçirilir. Hesab edirəm ki, Azərbaycanda vahid imtahana keçid bir neçə ildən sonra mümkün olacaq”.
Yeni modellə bağlı fikirlərini “Şərq”lə bölüşən təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, dəyişikliklər ilkin formada açıqlansa da, işlək mexanizmi dəqiq qeyd olunmayıb. Açıqlanan məlumatlar abstrakt formada verildiyi üçün kifayət qədər qaranlıq məqamlar var.
Ekspertin sözlərinə görə, yeni modelin müsbət cəhətlərindən biri qiymətləndirmə zamanı buraxılış imtahanlarının nəticələrinin nəzərə alınmasıdır:
“Orta məktəbi bitirən şagirdlərin arasında təxminən 200 nəfəri buraxılış imtahanlarında maksimum nəticəni göstərir, medalla təltif olunur. Qəbul imtahanlarında isə ən çoxu 14-15 abituriyent maksimum nəticə göstərir. Orta məktəbi “əla” qiymətlərlə bitirən şagird ali məktəblərə qəbul imtahanlarına “3”ə bərabər nəticə göstərir. Bu zaman da Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzini, DİM də orta məktəbləri “günah keçisi” elan edir. İstənilən halda isə hər iki imtahandan birində qeyri-obyektivlik var. Yeni model məhz bu cəhətdən faydalıdır ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınacaq. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolu oynayacaq”.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə hesab edir ki, əgər ümumtəhsil məktəbinin buraxılış imtahanı tədris planında olan vacib fənləri əhatə edəcəksə, onların qiymətləri həmin fənlər əsasında olacaqsa, o zaman qruplar üzrə ixtisasa uyğun olan 3 imtahan nəzərdə tutmaq olar:
“Buraxılış imtahanının özündə də 3 fənn nəzərdə tutulacaqsa, onda qruplarda 3 fənn üzrə qəbul imtahanı eləmək məqbul sayıla bilməz. Buraxılış imtahanları ən azı 8 fəndən ibarət olmalıdır. Düzdür, indiki halda bu təşəbbüsün məzunların xeyrinə olduğunu düşünürəm. Praktikada isə necə effekt verəcəyini zaman göstərəcək”.
Professorun sözlərinə görə, buraxılış imtahanı nəticələrinin nəzərə alınması şagirdlərin hazırlıq səviyyəsinə də təsir edəcək. Məzunlar buraxılış imtahanlarını qəbul imtahanlarında iştirak üçün bir maneə olaraq görür və necə olur-olsun keçməyi düşünürdülər. Lakin artıq bu imtahanlara da məsuliyyətli yanaşıb, yüksək səviyyədə hazırlaşacaqlar:
“Bu günə qədər orta məktəb imtahanları ilə qəbul imtahanları arasında bir uçurum mövcud idi. Bundan sonra isə dinamik ardıcıllıq nəzərə alınacaq. Sadəcə olaraq çalışıb maksimum dərəcədə şəffaflığı qorumaq lazımdır ki, neqativ hallar aradan qaldırılsın. Əks halda heç bir müsbət nəticəsi olmayacaq. Ali məktəbi yenicə bitirən tələbəni diaqnostik qiymətləndirmə üçün imtahana cəlb edir. Axı ali məktəbi bitirən kimi müəllim olmaq mümkün deyil. Hər bir məzuna təyinat verilməli və azı bir il işlədikdən sonra onu diaqnostik yoxlamadan keçirmək olar. Təhsilin başında duranlar özlərini hüquqşünas, müəllimləri isə cinayətkar kimi görüb, onları mühakimə edir”.
Ə.Ağayevin sözlərinə görə, hər il bir model yaratmaq da çıxış yolu deyil. Məsələyə kompleks yanaşılmalı və düzgün həlli yolu seçilməlidir.
Sabiq millət vəkili, professor Şahlar Əsgərovun sözlərinə görə, təhsilin dinamikasına baxdıqda bu qərarı kifayət qədər mütərəqqi hesab etmək olar. Hələ 2000-ci illərin əvvəlində mən vahid milli test ideyasını ortaya ataraq, qəbul imtahanları ilə buraxılış imtahanlarının birləşdirilməsi təklifini vermişdim:
“Yeni modellə mənim təklifim arasında nisbətən oxşarlıq var. Bir məsələni qeyd edim ki, Azərbaycanda orta məktəbi bitirən məzunların az bir qismi ali məktəblərdə təhsilini davam etdirir. Orta məktəb proqramını uşaqlarımıza normal mənimsədə bilsək, universitetlərə qəbul olan abituriyentlərin sayında xeyli artım müşahidə olunar. Bunun üçün də ali məktəblərə giriş qapısını gen açmaq, çıxış qapısını daraltmaq lazımdır. Yəni yaxşı təhsil və təmiz diplom ver. İmtahanlar sadələşdirilməlidir ki, insanlar gedib qeydiyyatdan keçib təhsillərini davam etdirsinlər. Hesab edirəm ki, yeni model bu istiqamətdə müəyyən qədər effektiv nəticələrə rəvac verəcək. Həm ali məktəblərdə təhsil alan şagirdlərin sayı artacaq, həm də abituriyentlər, valideynlərin imtahan stressi nisbətən azalacaq”.
Şəymən