Universitetlərin “diplom süründürməçiliyi”, yollarda qalan məzunlar, bəs, Təhsil Nazirliyi …

Ali təhsilli gənclər iş həyatlarına başlamaq üçün diploma sahib olmalıdır. Bu, görünüş xətrinə olsa da, hər halda diplom mütləqdir. Lakin adətən bizdə ali təhsil müəssisələrini bitirən məzunlar diplomlarına qovuşmaq üçün aylarla gözləməli, dəfələrlə universitetlərin yollarında ayaq döyməli olurlar. Demək olar ki, əksəriyyət  diplomunu vaxtında ala bilmir. Hətta bəzən proses bir il müddətinə qədər uzanır.

Bəs ali məktəblər diplomu nə üçün gec təqdim edir? Əslində bu proses necə olmalıdır?

Bu prosesdə ali təhsil müəssisələrinin maraqları var

Təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, əslində hüquqi münasibətlər bitdiyi üçün məzun günü tələbələrin bütün sənədləri verilməlidir:

“Əgər ali təhsil müəssisələri tələbələrə təhsil haqqında hər hansı bir güzəşt etmirsə və  semestr başlayana qədər  təhsilhaqqının ödənişini tələb edirsə, tələbələrin də öz sənədlərini tələb etmək hüququ var.  Qanunvericilikdə qeyd edilib ki, 10, maksimum 15 gün  ərzində tələbələrin bütün diplomları onlara verilməlidir. Bilirsiniz ki, Azərbaycanda bakalavr pilləsini bitirən oğlanlar hərbi xidmətə çağırılır. Bu halda diplom almaq onlar üçün müşkilə çevrilir. Hərbi hissədən müəyyən vaxtlarda icazə almaqla bu problemi həll etməyə məcbur olurlar. Bu, onların hüquqlarının pozulmasıdır. Ali təhsil müəssisələri maksimum iki iş həftəsi ərzində bütün tələbələrə təhsil sənədlərini verməyə borcludur. Sadəcə olaraq müəyyən neqativ  hallara, sənədlərində problem olan şəxslərə görə ali təhsil müəssisələrinin maraqları olur və diplomların təqdim edilməsini gecikdirirlər. Çünki  ali təhsil müəssisələrinin bütün məzunlarının akademik göstəriciləri müsbət olmur. Kimlərsə bu və ya digər formada qiymətlərini dəyişmək istəyir. Adi diplomu fərqlənmə diplomu ilə əvəz etmək istəyirlər. Universitetlər müəyyən qədər sənədləşmə prosesinin gecikməsini bəhanə edərək, məhz həmin şəxslərə şərait yaratmaq üçün, sənədlərdə dəyişiklik etmək üçün diplomları gec təqdim edir”.

Universitetlər tələbələrin hüququnu pozur

Ekspertin sözlərinə görə, bu cür gecikdirmə halları ciddi hüquq pozuntusudur:

“Bütün məzunların təhsilini başa vurduğu zaman həmin universitetdən sənədini tələb etmək hüququ var. Eyni zamanda universitet də bunu etməyə məcburdur.  Necə olur, “ADA” Universiteti Nazirlər Kabinetinin normativ hüquqi aktlarına riayət edir, amma digər universitetlər kobud şəkildə tələbələrin hüququnu pozur? Birmənalı olaraq bütün tələbələr rəsmi şəkildə məzun günündən sonrakı 15 gün ərzində ali təhsil, orta ixtisas təhsil müəssisələrini, kollecləri bitirmə haqqında sənədləri  şəkildə almalıdırlar. Bu, eynilə orta məktəblərə də aiddir. Yəni orta məktəbi bitirdikdən 10 gün ərzində şagirdlər hüquqi sənədlərini almalıdırlar. Sadəcə əlavə gəlir əldə etmək üçün bəzi təhsil müəssisələri qanunvericiliyin tələblərini ciddi şəkildə pozurlar”.